AZ

Azərbaycanlı müğənni "Böyük opera" layihəsində ən yaxşı vokalçı adı uğrunda yarışacaq - VİDEO

Azərbaycanlı opera müğənnisi Nigar Cəfərova "Böyük opera" beynəlxalq televiziya müsabiqəsinin səkkizinci mövsümündə ən yaxşı vokalçı adı uğrunda mübarizə aparacaq.

Bizim.Media xəbər verir ki, vokalçının “Sputnik Azərbaycan”a verdiyi məlumata görə, o, bir neçə ildir ki, bu layihəni izləyir və orada iştirak etmək arzusunda olub. Yalnız bu il Cəfərova risk etmək qərarına gəlib və peşman olmayıb, çünki ilkin seçimdən müvəffəqiyyətlə keçib.

"Böyük opera"nın səkkizinci mövsümündə iştirak etmək üçün keçirilən dinləmələrdə Azərbaycan, Belarus, Rusiya, Özbəkistan, Latviya, Qazaxıstan, Serbiya, Çin, İsrail, Ermənistan və digər ölkələrdən 300 vokalçı iştirak edib. Nəticədə təşkilat komitəsi Nigar Cəfərova da daxil olmaqla 21 namizədi seçib.

Onun sözlərinə görə, "Böyük opera" opera vokalçıları üçün yeganə peşəkar televiziya müsabiqəsidir.

"Layihə şou və akademik konsert elementlərini özündə birləşdirir, eyni zamanda həm əyləndirir, həm də klassik musiqi zövqü aşılayır. Bu layihə mövcud olduğu müddətdə dünyanın ən yaxşı opera teatrlarının səhnələrini fəth edən bir çox sənətkarların inkişaf etməsinə kömək edib", - Cəfərova bildirib.

Müğənninin sözlərinə görə, burada iştirak edən vokalçılar üçün milyonlarla televiziya tamaşaçıları arasında populyarlıq qazanmaq üçün əla fürsət, eləcə də münsiflər heyətinin üzvləri - opera ulduzları ilə ünsiyyət zamanı əvəzsiz təcrübə qazanmaq və məsləhətlər əldə etmək şansı yaranır.

Nigar Cəfərova qeyd edib ki, bu mövsüm hakimlərin adlarını hələ bilmir, lakin əvvəlki illərdə onlar Yelena Obraztsova, Dmitri Bertman, Makvala Kasraşvili, Tamara Sinyavskaya, Marko Boemi, Marina Meşeryakova, Medea Yasonidi, Yohan Hollender, Yekaterina Semençuk və başqaları olub. Cəfərova etiraf edib ki, tezliklə digər iştirakçılar kimi o da simfonik orkestrin müşayiəti ilə "Rossiya-Mədəniyyət" telekanalına əyani dinləmələrində iştirak etməsi üçün dəvət olunacaq.

"Mən çox narahatam. Ümid edirəm ki, əyani dinləmələrdə uğurla çıxış edə biləcəyəm və yalnız on vokalçının öz istedadını nümayiş etdirmək imkanı qazanacağı layihənin iştirakçısı olacağam", - Cəfərova bildirib.

Nigar Cəfərova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını və Qalina Vişnevskaya adına Opera İfaçılığı Mərkəzini bitirib.


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
50
bizim.media

10Mənbələr