AZ

ABŞ 2500 illik qızıl boyunbağını Türkiyəyə qaytarıb

Bakı, TurkicWorld

Türkiyədən qaçırılaraq ABŞ muzeyində sərgilənən boyunbağı Türkiyəyə geri qaytarılıb.

TurkicWorld xəbər verir ki, Lidiya dövrünə aid olan boyunbağı Türkiyənin Bostondakı Baş Konsulluğunda təşkil edilən rəsmi mərasimlə Türkiyə rəsmilərinə təhvil verilib.

Sözügedən boyunbağı 1982-ci ildə Manisanın Bintepeler bölgəsindən oğurlanaraq ABŞ-nin Boston Gözəl Sənətlər Muzeyinə aparılmışdı.

Böyük əhəmiyyət kəsb edən tarixi əsərin təhvil-təslim mərasimində Türkiyənin Boston baş konsulu Murat Uğurluoğlu, Nyu-York Mədəniyyət və Tanıtma Attaşesi Hilal Dəmirəl və Boston Gözəl Sənətlər Muzeyinin rəsmiləri iştirak ediblər.

Hilal Dəmirəl verdiyi açıqlamada boyunbağının təxminən 20 santimetr uzunluğunda qızıl və karneli daşlarından hazırlanmış nar formalı muncuqlardan ibarət olduğunu deyib.

Həmçinin o, "əsər eramızdan əvvəl 6-5-ci əsrlərə aiddir və Lidiya sənətinin xarakterik xüsusiyyətlərini daşıyır. Bu günə qədər yaxşı qorunub saxlanılan bu əsər, Bintepeler nekropolu ərazisindəki digər əsərlərə bənzəyir”- deyə açıqlamasında bildirib.

Qızıl boyunbağının tarixi və mədəni əhəmiyyətinə toxunan Dəmirəl, "bu əsərin geri qaytarılması həm arxeoloji tədqiqatların inkişafı, həm də mədəni irsimizin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir" deyib.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin apardığı araşdırmada boyunbağının Bintepeler bölgəsində yerləşən Lidiya məzarlarından tapıldığı məlum olub. Həmçinin o da məlum olub ki boyunbağı qeyri-qanuni şəkildə aparılan qazıntı işləri nəticəsində ələ keçirilib və daha sonra ABŞ-yə göndərilib.

Qeyd edək ki, nazirlik Bostondakı Baş Konsulluğu vasitəsilə bu əsərin geri qaytarılmasını istəmişdi.

Muzey rəhbərliyi də boyunbağının Türkiyəyə qaytarılmasını qəbul etmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
1
turkic.world

3Mənbələr