AZ

Qafqazın ən böyük turizm-sağlamlıq mərkəzi

“İstisu” Müalicə-İstirahət Kompleksi qapılarını dünya ölkələrinə açmağa hazırlaşır

Kəlbəcər rayonunda sürətlə inşası davam etdirilən “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işlərinin böyük bir qismi yekunlaşır və yaxın vaxtlarda bu nəhəng sanatoriyanın istifadəyə verilməsi Azərbaycanın iqtisadi həyatında mühüm əhəmiyyət daşıyacaq. Vaxtilə ittifaq əhəmiyyətli ikinci böyük kurort hesab edilən “İstisu” il ərzində 50 min nəfəri qəbul etmək imkanına malik olub. Ən müasir üslubda və dünya turizm standartları nəzərə alınmaqla inşa edilən “İstisu” Müalicə-İstirahət Kompleksi əvvəlindən daha böyük və cəlbedici müəssisə kimi region və dünya ölkələrinin diqqətini daha çox cəlb edəcək. Ümumi sahəsi 32 min kvadratmetr nəzərdə tutulan kompleksdə 145 nömrə, eləcə də 10 kottecin yaradılması, termal hamam, müalicəvi vanna, həkim otağı, o cümlədən müxtəlif müalicəvi hovuzlar, prosedur otaqları, təzyiqli su terapiyası, masaj, buxar, duz otaqları, istirahət zonaları, gözəllik salonu ilə yanaşı, müxtəlif iaşə obyektlərinin salınması müştərilərin axınını stimullaşdıracaq. 

Bu kompleksin suyu dünyada ən nadir və keyfiyyətli mənbələrdən biri hesab edilir. “Aşağı İstisu” mənbəyindən alman mütəxəssislər tərəfindən nümunələr götürülüb, suyun analizi və testi həyata keçirilib. Aparılan analizlər və balneoloji rəylərə əsasən, “İstisu” təbii mineral suyu fizioloji, metabolik və müalicəvi təsirlərə malikdir. Bu baxımdan, “İstisu”nu beynəlxalq əhəmiyyətli sağlamlıq mərkəzinə çevirməklə, xarici qonaqları buraya cəlb etmək mümkün olacaq. “İstisu” Müalicə-İstirahət Kompleksi regionun sağlamlıq turizminin əsas mərkəzi olmaqla, eyni zamanda, ekoturizmin və dağ turizminin potensiallarının artmasına da yol açacaq.

Dünyada yeni Azərbaycan brendi - “İstisu” mineral suları ...

Kəlbəcər rayonunda yeni istifadəyə verilən “İstisu” mineral su zavodunun isə Azərbaycanın mineral içkilər bazarında daha güclü və iddialı müəssisə kimi yer tutacağı şübhəsizdir. 30 illik fasilədən sonra yenidən istehlakçılara öz qapısını açan bu zavod müstəsna keyfiyyəti və sağlamlığa faydaları ilə dünyada şöhrəti qazanıb. 

Mənbəyini Azərbaycanın Kəlbəcər rayonunun mənzərəli dağlıq bölgəsində, dəniz səviyyəsindən 1600 metrdən çox yüksəklikdə yerləşən termal su yataqlarından götürən və təbii halda 60°C-dən yuxarı temperaturda çıxan “İstisu” mineral suyu regionun minerallarla zəngin nadir suyu kimi xarakterizə olunur. İllik istehsal gücü 100 milyon şüşə butulkadan artıq nəzərdə tutulan zavodda istehsal olunan və keyfiyyəti ilə fərqlənən suyun xarici ölkələrə ixrac edilməklə yeni Azərbaycan brendinə çevriləcəyi şübhə doğurmur. 

Yeri gəlmişkən, İstisu qəsəbəsində “110/35 kV-luq “İstisu” yarımstansiyasının açılışı isə bu müəssisənin dayanıqlı və etibarlı enerji təchizatında əhəmiyyətli rol oynayacaq.  “İstisu” sanatoriyasının və “İstisu” mineral su zavodunun elektrik təchizatı ilə yanaşı, yaxın perspektivdə inşası nəzərdə tutulan turizm obyektlərinin də enerji dayanıqlılığı təmin olunacaq.

Kəlbəcərin həyatında yeni səhifə açan infrastrukturlardan biri də inşa edilən yol-nəqliyyat layihələridir. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu bu baxımdan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrindən biridir. Yol üzərindəki tunellər vahid yol şəbəkəsi olmaqla, digər ətraf bölgələrə də çıxışları təmin edəcək, eyni zamanda, Kəlbəcəri Göygöllə birləşdirəcək. 

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu bölgənin çoxşəbəkəli nəqliyyat qovşağına çevriləcək

Sözügedən yol strateji nəqliyyat marşrutlarından biri kimi bölgədə bizneslə məşğul olan, sərmayə yatırmağa çalışan biznes icmasının gələcək fəaliyyətinin səmərəliliyini də artırmış olacaq. Çünki biznes layihələrində ən mühüm amillərdən biri yol infrastrukturudur, yol faktoru sahibkarların bazara çıxışı üçün xüsusi əhəmiyyət daşıyır. Kəlbəcərin ölkəmizdə dağ-mədən hasilatının mərkəzi olan Daşkəsənlə birbaşa əlaqəsinin yaradılması isə iqtisadiyyatımıza cox böyük dividendlər gətirə bilər. Hətta gələcəkdə bu istiqamətdə dəmir yolunun çəkilməsi də istisna edilmir ki, bu da mineral-xammal ehtiyatları ilə zəngin olan Kəlbəcər rayonunun ümumi iqtisadi potensialını dəfələrlə artıracaq.

Bu layihə məşğullun artmasında də əhəmiyyət kəsb edir. Belə ki, bu layihəyə cəlb edilmiş yüzlərələ işçinin iş yerləri ilə təmin edilməsi onların sosial vəziyyətinə müsbət təsir etməklə, bölgədəki digər nəqli?yat və yol qovşqalarının inşasına cəlb edilməsi üçün də şərait yaradır. Bundan başqa, həmin yol infrastrukturu çoxşəbəkləi nəqliyyat bağlantısı kimi Tərtər-Ağdərə-Kəlbəcər yolu ilə şaxələndiriləcək ki, ərazidə alternativ yolların böyük bir kompleksi formalaşacaq. Nəticədə bu bölgəyə iş adamları ilə yanaşı, turistlərin hərəkətində təhlükəsizlik və rahatlıq təmin olunacaq. Həmçinin zəngin kənd təsərrüfatı potensialı olan Kəlbəcərin iqtisadi imkanlarının ətraf bölgələrlə inteqrasiyasını da təmin edəcək. Ümumilikdə Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu inşası Qarabağ iqtisadi rayonunun əmək və iqtisadi resurslarının inteqrasiyasına, bölgənin iqtisadi layihələrinin bir-birinə bağlantısına təkan verməklə, yaxın zamanlarda iqtisadi inkişafa töhfəverici rol oynayacaq. 

Turizm, biznes və sənaye üçün yeni imkanlar...

Kəlbəcər sanatoriyasının yaxın müddətdə tamamlanmasının ən mühüm iqtisadi faydası isə turizmə əlverişli qapı açılmasıdır. Mütəxəssislərin fikrincə, Kəlbəcərin relyefi dünyanın ən heyrətamiz kanatlarının inşasına, ən maraqlı turizm xidmətlərinin qurulmasına imkan verir. Burada gələcəkdə Qafqazın ən böyük turizm mərkəzini yaratmaq mümkündür. Turizm xidmətində ən mühüm amillərdən biri olan nəqliyyat infrastrukturudur, bu baxımdan Kəlbəcərlə yaxın ərazidə Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi xarici turistlərin birbaşa bu bölgəyə, o cümlədən “İstisu” sanatoriyasına asan və rahat gəlişini təmin edəcək. 

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”da nəzərdə tutulan əsas prioritetlərdən biri bu bölgədə turizmin müxtəlif növlərinin inkişafı zəruri təminatların yaradılmasıdır. Bu məqsədlə turizm sənayesinə müxtəlif iqtisadi stimullar verilib, turizm sektoru vergilərdən azad olunub. Bu ərazilərə investisiya qoyuluşunu artırmaq üçün müxtəlif dövlət dəstəyi tədbirləri müəyyən olunub.

Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərin turizm inkişaf strategiyası və konsepsiyası hazırlanmış və tədbirlər planına uyğun olaraq davamlı işlər görülür, turizm marşrutları hazırlanır. Öz füsunkar təbiəti, yeraltı və yerüstü sərvətləri, geniş turizm imkanları ilə bütün qonaqların diqqətini cəlb edən Kəlbəcərin müasir turizm infrastrukturlarının istifadəyə verilməsindən sonra bölgəyə çoxminli turizm axınları baş tutacaq ki, bu bölgədə böyük turizm habı formalaşacaq. Bu, həmin rayonda məşğulluğun təmin olunmasında və əhalinin gəlirinin artmasına səbəb olacaq, eləcə də Azərbaycana gələn turistlərin sayının 3 milyon nəfəri ötməsinə imkan yardacaq.

E.CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
50
yeniazerbaycan.com

10Mənbələr