AZ

MEDİA Agentliyini məhkəməyə verən media orqanlarının qəsdi nədir...

Image

Müşfiq Ələsgərli:  “...MEDİA agentliyini məhkəməyə verənlər, Media Reyestrinin ləğv edilməsinə çalışanlar media məkanında şəffaflığın yaranmasını istəməyənlərdir”

Azərbaycanda yeni Media haqqında qanun qüvvəyə minəndən sonra mətbuat sahəsində müasir dövrün tələblərinə uyğun olaraq bir sıra yeniliklər baş verdi ki, bu da medianın inkişafına sözün həqiqi mənasında töhfələr verdi. 

Qanuna uyğun şəkildə fəaliyyət göstərən media qurumları yeni qanunun tələbləri çərçivəsində işlərini qursalar da, bəzi qanuna uyğun fəaliyyət göstərməyən media orqanları, saytlar MEDİA Agentliyinin özünü məhkəməyə verirlər. Halbuki, MEDİA-nın hüququ var ki, qanunu pozan və Reyestrdən keçməyən mediaların fəaliyyətinin məhdudlaşdırılması üçün məhkəmə qarşısında məsələ qaldırsın. İndi bəzi media orqanları MEDİA- nın özünü məhkəməyə verir.

“Media məkanının saflaşması, şəffaflaşması və peşəkarlaşması KİV-dən sui-istifadə edənlərin meydanını daraldır”   

Media eksperti Müşfiq Ələsgərli “Bakı-Xəbər”ə şərhində “Kütləvi İnformasiya Vasitələrinin fəaliyyətini tənzimləyən əvvəlki qanun  onlayn medianın inkişaf etmədiyi bir dövrdə hazırlanaraq qəbul edilmişdi. Bu baxımdan müasir medianın əksər parametrlərini əhatə  etmirdi. Həmçinin, həmin qanunda digər ciddi boşluqlar da mövcud idi və  hətta ənənəvi medianın da tənzimlənməsi üçün yetərli sayılmırdı.  

Ən böyük problem bu idi ki, həmin qanunda mövcud olan boşluqlar KİV-dən suai-istifadə hallarını artırırdı. Təsadüfi deyil ki, o dövrdə 5300-dən yuxarı KİV subyekti qeydiyyatdan keçdiyini elan etmişdi. Amma real fəaliyyət göstərən,   informasiya dövriyyəsində yer tutan   KİV-lərin sayı bu rəqəmin heç 10 faizi qədər də deyildi. Həmin qanundakı boşluqlar imkan yaradırdı ki, jurnalistika barədə hər hansı təsəvvürü olmayan, xəbər standartlarını bilməyən, ictimai maraq  anlayışını nəzərə almayan istənilən şəxs “KİV subyekti” təsis edərək özünü “media adamı ” adlandırsın”-deyə bildirdi. 

M.Ələsgərlinin sözlərinə görə, belə qondarma KİV-lərin nə rekvizitləri, nə maliyyə qaynaqları, nə də hansı maraqlara xidmət etdikləri bəlli idi. “KİV-dən suai-istifadə edənlərin xüsusi bir təbəqəsi formalaşmışdı. 

Təbii ki, həmin xaotik durum Azərbaycana qərəzli münasibət bəsləyən xarici güc mərkəzləri üçün də əlverişli imkan yaradırdı. “Soz və ifadə azadlığı” mövzusunu manipulyasiya edən, yalançı reytinq cədvəlləri hazırlayan bir sıra “beynəlxalq təşkilatlar” narkotik alverində,    xuliqanlıq əməlində təqsirli bilinərək barəsində  hüquqi ölçü götürülmüş istənilən şəxsi “jurnalist” adlandırıb “siyasi məhbus” siyahısına daxil edirlər. Yekunda uzun-uzadı siyahılar hazırlayır, Azərbaycanda guya söz azadlığının boğulması, insan haqlarının pozulması kimi yalançı təəssürat yaradırdılar. Bu baxımdan, bəzi qondarma beynəlxalq təşkilatların maraqları ilə ölkə içində KİV-dən sui-istifadə edənlərin maraqları üst-üstə düşür. 

İş ondadır ki, “Media haqqında” yeni qanun bütün bu neqativlərin qarşısını böyük mənada alır. İndiki qanun dəqiqdir. KİV nədir, necə olmalıdır, jurnalist kimdir və necə davranmalıdır kimi suallara konkret cavab verir; jurnalistikadan sui-istifadə üçün yer saxlamır. Bu gün “Media haqqında qanun”a qarşı kampaniya aparanlar,  MEDİA agentliyini məhkəməyə verənlər, Media Reyestrinin ləğv edilməsinə çalışanlar media məkanında şəffaflığın yaranmasını istəməyənlərdir. Çünki media məkanının saflaşması, şəffaflaşması və peşəkarlaşması KİV-dən sui-istifadə edənlərin meydanını daraldır”-deyə M.Ələsgərli vurğuladı.

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
774
1
baki-xeber.com

10Mənbələr