AZ

Gündəlik çap medianın dövlət maliyyələşməsi davam etdiriləcək- Prezident və MEDİA eyni mövqedə...

Image

Medianın İnkişafı Agentliyi onlayn və çap media subyektlərinə dəstək üçün müsabiqə elan edib. Agentlikdən bildirilib ki, Media Reyestrinə daxil olunmuş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri, ictimai-siyasi qəzetlər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə olunan sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.

Müsabiqənin yekununda qalib elan edilmiş onlayn media subyektləri ilə Agentlik arasında həmin subyektlərin hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 (altı) ay müddətində qüvvədə olur.

Müsabiqənin yekununda qalib elan edilmiş qəzet redaksiyaları ilə Agentlik arasında maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 (altı) ay müddətində qüvvədə olur.

Həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5000 manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 15000 min manat, qəzetin eyniadlı veb-saytına isə aylıq 3000 manat (əsaslı yenilənmə niyyəti ifadə edilmişdirsə, ilk ay 5000 manat olmaqla) məbləğində maliyyə yardımı göstərilir.

Məsələyə münasibət bildirən “Bakı-Xəbər” Media Qrupunun rəhbəri Aydın Quliyev bildirib ki, Medianın İnkişafı Agentliyi növbəti 6 ay üçün çap medianın dövlətdən maliyyələşdirilməsinə dair müsabiqə şərtlərini açıqlayıb. 

“Gözlənilən idi, bunun əksinə qərar verilmiş olsaydı (gözlənilmirdi), təəccüblü və anlaşılmaz olardı. Dövlətçilikdə ideologiyanın, ideoloji fəaliyyətdə çap  medianın roluna layiqli qiymət verməyi bacaranlar elə indiki qərarı gözləyirdilər. Zaman-zaman çap medianın maliyyələşmədən saxlanacağı ilə bağlı dedi-qodu səviyyəsində danışıqlara çox şahid olmuşuq. Hər dəfə də bunlara rəsmi səviyyələrdə son qoyulub və nümayiş etdirilib ki, dövlətin başında duran şəxsiyyət çap medianın nə demək olduğuna dövlətçilik şüuru ilə dəyər verməyi bacarandır.

Beləliklə, MEDİAnın İnkişafı Agentliyinin çap media ilə bağlı ən yeni maliyyələşmə qərarı ilk növbədə dövlət başçısı İlham Əliyevin dəqiq ideoloji hesablamalar üstündə qurulmuş qərarı kimi özünü göstərdi. Dövlət başçısı yazılı medianın həm də əbədi sivilizasiya nailiyyəti olduğunu nümayiş etdirdi. Azərbaycanda dövlət başçısının qanun çərçivəsində hər hansı sözünün konstitusiya müddəaları qədər güc və mötəbərlik kəsb etdiyi mübahisəsizdir. Bizdə əsil jurnalistin və ciddi media orqanının da sözünün mötəbər olduğuna şübhə yoxdur. Çünki mötəbər və peşəkar jurnalist sözünə ilk növbədə şəxsən dövlət başçısının özünün yüksək dəyər verdiyini hər kəs görüb. Dəfələrlə deyib ki, mən ölkəni obyektiv jurnalistlərin və ədalətli medianın rəyi ilə idarə edirəm. Nəzərə alsaq ki, ideologiyanın alınmaz qalalarından biri, peşəkar və məsuliyyətli jurnalistlər korpusunu yetişdirən UNİVERSİTETLƏRDƏN biri məhz çap mediadır, qəzetlərlə bağlı son sözün dövlət başçısı tərəfindən deyiləcəyinə bütün məntiqli dairələr öncədən inanırdılar.

Çap media cameəsi MEDİA Agentliyinin özünün də bu məsələ ilə bağlı mövqeyini yaxından izləyirdi. MEDİA-nın aparıcı fəaliyyət prinsipinin ümumən medianın bütövlüyünü qorumaqdan ibarət olması həmişə özünü göstərib. Burada bütövlük deyəndə o nəzərdə tutulur ki, medianın çap, onlayn seqmentləri vacib institutlar kimi daim yaşasın, dövlətin təminatı altında olsun və dövlətçilik proseslərinə ideoloji töhfə verməkdə davam etsin. MEDİA Agentliyi dövlətçiliklə səsləşən bu mövqeyini bu dəfə də nümayiş etdirdi. Jurnalist korpusunda gedən söz-söhbətlərin əsas tezislərindən biri bu idi - çap medianın, xüsusilə müstəqil çap medianın dövlət müsabiqə qaydasında  maliyyələşməsinin əsas lobbiçisi MEDİA-nın İnkişafı Agentliyidir və Agentlik dedi-qoduçu dairələrin Prezidentlə çap medianın arasına girməsinə imkan verməyəcək. Müstəqil çap medianın dövlət himayəsində inkişaf etdirilməsi Prezidentin strateji xəttidir, dövlətçilik iradəsidir, dəyişilən cari və subyektiv mülahizələr ona təsir göstərə bilməz” – deyə A.Quliyev bildirib.

Tahir TAĞIYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
823
50
baki-xeber.com

10Mənbələr