AZ

HEYDƏR ƏLİYEV: müstəqilliyimizin əsas səbəbkarı

Ümummilli Lider Heydər Əliyevin həyatı kitablara sığmayacaq qədər dərin və mənalıdır. Azərbaycan xalqının həyatında, müstəqilliyinə qovuşmasında, inkişaf və tərəqqisində, milli dəyərlərinin formalaşmasında, tarixinin, mədəniyyətinin qorunub yaşadılmasında və günlərlə saya biləcəyimiz digər məsələlərdə Ulu Öndərin rolu əvəzsizdir. Böyük şəxsiyyətin həyat və fəaliyyətinin Azərbaycan tarixinin ayrıca bir mərhələsini təşkil edən Naxçıvan dövrü isə daha diqqətçəkəndir. Çünki bu mərhələ ümumilikdə Azərbaycan xalqının taleyinin dəyişməsinə xidmət edən bir mərhələ olmuşdur.

Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçilməsi də Azərbaycanın müstəqillik yollunun əsasını qoymuşdur.

“Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim… Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”, – deyən dahi şəxsiyyət Naxçıvan Muxtar Respublikasını erməni təcavüzündən xilas etmiş, blokada şəraitində gələcək inkişafın böyük təməllərini atmışdır. Görkəmli dövlət xadiminin qədim diyardan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydan açmışdır. Ümummilli Lider Heydər Əliyevin xalq deputatı kimi fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir.

Müstəqilliyimizin əsas səbəbkarı

1990-cı ilin yanvar ayında Azərbaycanın ayrı-ayrı rayonlarının, eləcə də Naxçıvanın sərhədlərində ermənilər tərəfindən münaqişələr törədilirdi. Yanvar ayının 18-də keçmiş SSRİ-nin Daxili Qoşunlarının iştirakı ilə Naxçıvanın Kərki kəndi işğal olunmuşdu. Ermənilərin Sədərək istiqamətində mütəmadi hücumları başlamışdı və vəziyyət gündən-günə gərginləşirdi. Yanvarın 20-də Bakıda törədilən faciə ilə Naxçıvanın sərhədlərində münaqişələrin başlanmasının üst-üstə düşməsi isə ermənilərin havadarlarının əvvəlcədən hazırladıqları böyük plan üzrə cərəyan edirdi. Belə ki, burada məqsəd diqqətin Bakı hadisələrinə yönəlməsi fonunda Naxçıvanın əhalisi arasında ümidsizlik yaradaraq bölgənin boşaldılması və erməni işğalı üçün şəraitin yaradılması idi. Digər tərəfdən isə Naxçıvanı ölkənin paytaxtı ilə birləşdirən yollarda da ermənilər tərəfindən münaqişə törədilir, Bakı-Naxçıvan qatarları dayandırılır, günlərlə işləmir, maşinistlətə qarşı vəhşiliklər edilirdi. Naxçıvan blokada vəziyyətinə salınırdı. Bütün bu əməllərin arxasında kimin olduğu, kimin planı və gücü ilə həyata keçirilməsi 20 Yanvar hadisələrindən sonra Naxçıvana qayıdan və burada yaşayan Ulu Öndərə gün kimi aydın idi. Elə buna görə də Ali Məclisin 14 dekabr 1990-cı il tarixdə keçirilən sessiyasında yeni ittifaq müqaviləsinə münasibət məsələsi müzakirə olunarkən məsələ ilə bağlı çıxış edən Ulu Öndər Heydər Əliyev deyirdi: “Mən yeni ittifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Azərbaycan respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır...”

1991-ci il sentyabrın 3-də Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçilməsi heç də keçmiş Sovetlər İttifaqı rəhbərliyinin nüfuzlu simasının kiçik bir əyalətə rəhbər seçilməsi deyildi. Bu, Azərbaycanı çox yaxşı bələd olduğu ittifaqın caynağından qoparmaq üçün yolun başlanğıcı idi. Naxçıvanda yaşadığı halda, Azərbaycanı idarə etmək qabiliyyətinin, xalqın müstəqillik arzusunu reallaşdırmaq bacarığının, tarixi sənədlərin qəbulu və həyata keçirilməsi əzminin nümayişi idi. Bu seçim eyni zamanda Azərbaycanın qədim diyarı Naxçıvanın erməni təcavüzündən, onun düşmən əlinə keçmək təhlükəsindən xilası idi.

Təbii ki, bütün bu hadisələrin fonunda Ulu Öndərin yaşadığı, rəhbərlik etdiyi Naxçıvanda SSRİ-nin saxlanılmasına dair referendum keçirilə bilməzdi. Beləliklə də referendum Naxçıvanda boykot edildi. Bu barədə Azərbaycan Respublikası Ali Sovetinin 18 oktyabr 1991-ci il tarixli sessiyasında qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktına münasibətlə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 26 oktyabr 1991-ci il tarixli bəyanatında deyilir: “Naxçıvan Muxtar Respublikasının demokratik qüvvələri son üç ildə Azərbaycan Respublikasının milli azadlığı, müstəqilliyi uğrunda fəal mübarizə aparıb, bu yolda qurbanlar verib və 18 oktyabr 1991-ci ildə qəbul olunmuş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktını bütün Azərbaycan demokratik qüvvələrinin böyük qələbəsi kimi qiymətləndirir. 17 mart 1991-ci il tarixdə Sovet Sosialist Respublikaları İttifaqının saxlanılması haqqında referendumda Naxçıvan Muxtar Respublikası əhalisinin iştirak etməməsi məhz muxtar respublika demokratik qüvvələrinin Azərbaycanın milli azadlıq, istiqlaliyyəti uğrunda apardığı mübarizə ilə əlaqədardır.

Razılıq hissi ilə bildiririk ki, nəhayət, Azərbaycan Respublikası ali hakimiyyət orqanı tərəfindən milli azadlıq niyyətlərimizin həyata keçirilməsi üçün ilk addım atılıbdır...

Bundan sonra Azərbaycan Respublikasının Sovet İttifaqının hakimiyyət orqanlarında iştirak etməsi yolverilməzdir. Azərbaycanın dövlət müstəqilliyini tam reallığa çevirmək üçün ümumi xalq səsverməsinin keçirilməsi vacibdir və məqsədəmüvafiq olardı. Azərbaycan xalqı tam əmin ola bilər ki, naxçıvanlılar milli azadlıq uğrunda mübarizəni daha əzmlə davam etdirəcəklər”.

Dövlətimizin başçısı bu məsələyə münasibət bildirərkən tarixi fakta əsaslanaraq demişdir: “... Heydər Əliyev qoymadı ki, Naxçıvanda bu referendum keçirilsin. İndi baxın, müstəqilliyə aparan addımlar hansılardır? Müstəqilliyə aparan yollar haradan keçib?.. Mən istərdim ki, hər kəs bu tarixi bilsin və müstəqilliyin əsas səbəbkarlarını tanısın. Bizim müstəqilliyimizə gedən yol məhz 17 noyabr 1990-cı ildən başlamışdır ki, indi dövlət bayrağımız olan üçrəngli bayraq dövlət bayrağı kimi təsis edildi”.

Gülünc qərarları ləğv edən tarixi qərarlar

70 illik əsarət zəncirinin tamamilə qırılıb dağılmaq üzrə olduğu, 15 müttəfiqin azadlıq naminə mübarizə apardığı bir vaxtda, xüsusilə də 1990-cı ilin 19-20 yanvarında Bakının Azadlıq meydanında müstəqillik uğrunda yüzlərlə şəhidi olan ölkənin Ali Sovetinin 1991-ci il 16 yanvar tarixli qərarına günümüzün prizmasından baxdıqda həmin dövrdə bu xalqın taleyinin kimlərin əlində olması böyük təəssüf hissi doğurur. Adıçəkilən tarixdə Azərbaycan Respublikası Ali Soveti “Sovet Sosialist Respublikaları İttifaqının saxlanması məsələsi üzrə SSRİ referendumunun Azərbaycan Respublikasında keçirilməsinin təşkili haqqında” qərar qəbil etmişdi. Qərarda referendumun “Ümumxalq səsverməsi (SSRİ referendumu) haqqında” SSRİ Qanununun 17-ci və 18-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasında 1991-ci il martın 17-də keçirilməsi qeyd olunurdu.

Nə üçün qəbul edilmişdi bu gülünc qərar? Axı artıq vaxt yetişmişdi. Müstəqilliyimizin bir addımlığında bu qərarı qəbul etməyin təbii ki, başqa mənası yox idi. Burada onların məqsədi yalnız tutduqları vəzifəni qorumaqdan, xalqı əzməkdən, yüzillik müstəqillik arzularını məhv etməkdən ibarət idi. Sual olunur, ölkəsində 20 Yanvar hadisəsini yaşayan bir dövlət məmuru nə qədər qəddar ola bilərdi ki, bu hadisəni törədən qurumun yenidən hakimiyyətdə qalmasına, özününsə onun əsarətinə baş əyməsinə səs verə bilərdi. Qızışdırılıb meydana salınan ermənilərin sərhədlərimizdə törətdiyi əməllər, 1988-ci ildən başlayan Ermənistan-Azərbaycan münaqişələrinin hər gün kəskinləşməsi hələ də bu məmurları qəflət yuxusundan ayıra bilmirdi. Çünki onlar fərqli yaşayışı, öz vəzifə səlahiyyətlərini, masalarını bütöv bir xalqın mənafeyindən, taleyindən üstün tuturdular. Bütün bunlara görə də SSRİ-nin saxlanılması onlar üçün vacib məsələ idi.

Bu barədə dövlət başçısı cənab İlham Əliyev tarixi və dəyərli fikirlərini bildirərək qeyd edib ki, Sovet İttifaqı dağılırdı, Rusiya Federasiyası özü dövlət suverenliyi haqqında Konstitusiya Aktını bizdən qabaq qəbul etmişdi: “Rusiya çıxdı, Ukrayna çıxdı, bütün qalan respublikaları çıxdı. Azərbaycan rəhbərliyi nəyi gözləyirdi, kimi gözləyirdi? Bilirsiniz, ona görə, bu tarixi bilmədən düzgün təsəvvür formalaşdırmaq çətindir. Gələcəkdə düzgün addımların atılması üçün də bu vacibdir və gənc nəsil də bunu bilməlidir. Tarixi həqiqət belədir. Amma, eyni zamanda, bizim o ildə digər tarixi həqiqət var – o da 17 noyabr tarixidir. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə o vaxt Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirildi, “Sovet Sosialist” sözləri o addan götürüldü, sadəcə, Naxçıvan Muxtar Respublikası adlandırıldı. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda rəsmi bayraq kimi qəbul edildi. Bu tarixi videolar var. Eyni zamanda, Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, oxşar addımı Azərbaycan Ali Soveti də etsin. Ancaq bunu etmədi. Əksinə, 1991-ci ilin yazında Sovet İttifaqı çərçivəsində keçirilmiş referendumda, Sovet İttifaqının saxlanmasına dair referendumda ovaxtki Azərbaycan rəhbərliyi xalqın iradəsinə zidd olaraq o referendumun nəticələrini saxtalaşdıraraq Sovet İttifaqının saxlanmasına səs verdi”.

Ölkədəki vəziyyət fonunda “91-lər”in mühüm missiyası

1990-cı illərin əvvəlində respublikada vəziyyət olduqca ağır idi-Azərbaycanda ictimai-siyasi proseslər idarəolunmaz forma alırdı. Hakimiyyətdə olanlar isə sanki xalqın maraqlarını unutmuşdular. Onların nəyə xidmət etdiklərini anlamaq mümkün deyildi. Xalqın müqəddəratı, istəyi, Vətənin təhlükəsizliyi onları maraqlandırmırdı. Həmin dövrdə xalq ağır vəziyyətə düşmüşdü və ən başlıcası mənəvi cəhətdən sarsılmışdı. Hakimiyyətə qarşı ümumxalq narazılığı yaranmışdı və insanlar mitinqlər, etiraz aksiyaları keçirməklə hakimiyyətə etirazlarını bildirirdilər. Ümumxalq narazılığı fonunda 1992-ci ildə respublikada hakimiyyətə gələn AXC-Müsavat cütlüyü dağıdıcı proseslərin qarşısını nəinki almadı, əksinə hərc-mərclik daha da artdı, Ermənistanın hərbi təcavüzü daha da sürətləndi. Çox qısa zamanda xalq AXC-Müsavat hakimiyyətinin idarəçiliyi bacarmadığının şahidi oldu. Bu hakimiyyətin faciəsi onda idi ki, bacarıqlı, peşəkar insanları da vəzifədən kənarlaşdırırdı. Beləliklə, o vaxtkı hakimiyyətin yarıtmaz siyasəti nəticəsində ölkəmiz uçuruma doğru sürüklənirdi, Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı.

Ölkədəki ümumi vəziyyətin nə qədər təhlükəli olduğunu cəmiyyətin sağlam qüvvələri, ziyalılar yaxşı dərk edirdilər. Bu insanlar anlayırdı ki, Azərbaycanı belə bir ağır vəziyyətdən xalqımızın ləyaqətli oğlu Heydər Əliyev kimi böyük dövlət xadimi, bütün dünyada tanınmış bir şəxsiyyət xilas edə bilər. Amma ozamankı hakimiyyət Ümummilli Lider Heydər Əliyevin təcrübəsindən nəinki bəhrələnmək istəmirdi, əksinə ona qarşı əsassız mübarizə aparırdı.

Bütün bunlara rəğmən tanınmış ziyalılar Heydər Əliyevin hakimiyyətə qayıdışını olduqca zəruri hesab edirdilər. Respublikanın bütün əhalisi Ulu Öndərin hakimiyyətə gəlməsini istəyirdi. Amma hakimiyyət hər vəchlə buna mane olurdu. Yaş senzini ortaya atmışdılar ki, Heydər Əliyev seçkilərdə iştirak edə bilməsin.

Belə olan təqdirdə, cəmiyyətin öndə gedən bir qrup ziyalısı 16 oktyabr 1992-ci ildə “Səs” qəzeti vasitəsilə Ulu Öndər Heydər Əliyevə müraciət etdi. “91-lər”-in fəaliyyəti kimi tariximizə düşən bu hadisə çox önəmlidir. Çünki ziyalılar görürdülər ki, ölkədə separatçılıq baş alıb gedir, qanunsuz silahlı dəstələr insanlar üçün böyük təhlükəyə çevrilir, əhalinin həyat səviyyəsi də sürətlə aşağı düşür. Yəni, sözün əsl mənasında Vətən əldən gedirdi. Belə bir şəraitdə 91 ziyalı Heydər Əliyevə yeni bir partiyanın yaradılması və həmin partiyaya rəhbərlik etməsi ilə bağlı müraciət etdi. Partiyanın yaradılmasında məqsəd demokratik yolla hakimiyyətə gəlib Vətəni xilas etmək idi. Bütün Azərbaycan xalqı görürdü ki, Heydər Əliyev Naxçıvanı məhv olmaqdan xilas etdi. Blokada şəraitində olan bir bölgədə insanlarla Heydər Əliyevin birliyi bütün çətinliklərə sinə gərdi. Bütün xalq Heydər Əliyevi çox sevirdi. Ona inanır və böyük ümid bəsləyirdi. Onun birinci dəfə Azərbaycanda hakimiyyətdə olduğu dövrdə gördüyü işlər, dövlətimizin başçısının da vurğuladığı kimi, həmin dövrdə Qarabağda separatist qüvvələrin baş qaldıra bilməməsi bu inamı daha da möhkəmlətmişdi. Dövlət başçısının dediyi kimi: Heydər Əliyevə cəmiyyətdə inam çox yüksək səviyyədə idi. Bu inamın əsas səbəbləri o idi ki, Azərbaycanda işlədiyi dövrdə o həmişə xalqa xidmət edirdi, həmişə xalqın qayğıları ilə yaşayırdı, həmişə xalqla birlikdə idi, bir yerdə idi. Məhz onun rəhbərliyi altında Azərbaycan 1970-80-ci illərin əvvəllərində sovet məkanında ən geridə qalmış respublikadan ən qabaqcıl respublikaların birinə çevrilmişdir və bütün statistik göstəricilər bunu təsdiqləyir. Eyni zamanda, Azərbaycanda yaşayan vətəndaşların həyat səviyyəsi ildən-ilə yaxşılaşırdı, xüsusilə kənd təsərrüfatı ilə məşğul olan insanlar öz həyatını yenidən qura bilmişdilər.

Dövlətimizin başçısı ötən 30 ilin tarixini çox ətraflı, bütün hadisələri xronoloji ardıcıllıqla şərh etməklə böyük bir tarixdən söhbət açır, Ulu Öndərimizin qətiyyətini, iradə və bacarığını tarixi faktlarla göstərirdi: ... Heydər Əliyev bütün vəzifələrdən istefa verəndən iki həftə keçməmiş erməni separatçıları artıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşməsi ilə bağlı məsələ qaldırmışdılar. Yəni, bu amillər göstərir ki, Ulu Öndər pensiyada olanda da, xalqımız üçün ən faciəvi günlərdə də xalqla birlikdə idi. 20 Yanvar faciəsinin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet hökumətini, Kommunist Partiyasını – uzun illər xidmət etdiyi partiyanı ittiham etmişdir, bu dəhşətli cinayəti qınamışdır. Bütün bunlar və eyni zamanda, Naxçıvanda çalışdığı dövrdə müstəqilliyə doğru atılan addımlar, o cümlədən Azərbaycan Demokratik Respublikasının Dövlət Bayrağının Naxçıvanda rəsmi bayraq kimi təsis edilməsi və digər addımlar, həmçinin Naxçıvanın erməni işğalından qorunması xalqın ona inamını daha da artırırdı və bütün bu amillər nəticədə xalqımızın müdrikliyinə əsaslanaraq gələcəkdə Azərbaycanı böyük bəlalardan qurtara bilmişdir.

Azərbaycanın xilası-Yeni Azərbaycan Partiyası

Məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Yeni bir partiyanın-Yeni Azərbaycan Partiyasının yaradılması da reallaşdı. Partiyanın təsis konfransı Naxçıvanda keçirildi. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları tariximizin yeni səhifəsinin açılmasına gətirib çıxardı.

Yeni Azərbaycan Partiyasının Naxçıvanda keçirilmiş birinci təsis konfransını tarixi hadisə adlandıran dövlətimizin başçısı deyirdi: Ulu Öndərin sədrliyi ilə keçirilmiş bu konfransdan sonra ölkəmizdə yeni siyasi qüvvə yaranmışdır. Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yaranmışdır və dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım idi. Çünki o vaxt, bir daha demək istəyirəm, ölkədə gedən proseslər çox narahatedici idi və Azərbaycanın görkəmli nümayəndələrinin məhz Heydər Əliyevə müraciət etməsi bu zərurətdən doğurdu. Çünki ölkə artıq idarəolunmaz vəziyyətə düşmüşdü, bir il ərzində dövlətçiliyin əsasları qoyulmamışdı, demokratik inkişaf ləng gedirdi, əslində, geriyə addımlar atılırdı. Biz təkcə senzuranın tətbiq edilməsini yada salsaq, demək kifayətdir ki, o vaxt demokratik mühitdən söhbət gedə bilməzdi. Yeni Azərbaycan Partiyasının təsis konfransının məhz Naxçıvanda keçirilməsi də buna bağlı idi. O vaxt Bakıda bu konfransın keçirilməsinə icazə verilməmişdi. Yəni, demokratik dəyərlər elan olunsa da, Azərbaycan xalqı faktiki olaraq həyatda bunun əksini görürdü. Media azadlığı yox idi, iqtisadiyyat çox ağır vəziyyətdə idi, insanların sosial vəziyyəti gündən-günə ağırlaşırdı, yoxsulluq təxminən 90 faizə çatmışdı, sənaye istehsalı iflic vəziyyətdə idi. Bizim sənayemizin aparıcı sahəsi olan neft-qaz sənayesi də böyük tənəzzülə uğramışdı və faktiki olaraq ölkəmizdə elektrik enerjisi böhranı hökm sürürdü. Nizami ordu yaradılmamışdı, inflyasiya ikirəqəmlidən üçrəqəmliyə keçirdi. Yəni, budur 1992-ci ilin noyabr ayında ölkəmizdə yaranmış vəziyyət.

YAP-ın təsis konfransından yeddi ay keçəndən sonra Heydər Əliyevin xalqın tələbi ilə Bakıya dəvət edilməsi, parlamentin sədri seçilməsi, 11 ay keçəndən sonra - oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə tariximizin o qara səhifəsi bağlanmışdır. Və biz bağlanan o qara səhifədən sonra başlanan tariximizin parlaq səhifələri ilə bu gün fəxr edir, qürur duyuruq.

Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı əbədidir və əbədi olacaqdır!

Bu dəyərli fikirlərin müəllifi olan Ulu Öndərin uzaqgörənliyi, əzmkarlığı, məsləhətkeşliyi, ideyaları ilə müstəqilliyimiz qorundu, yaşadı, əbədiləşdi. Bu gün müstəqil Azərbaycanımız etibarlı əllərdədir. 1990-cı illərdə səriştəsiz dövlət rəhbərləri tərəfindən ermənilərə satılan torpaqlarımız fəaliyyətində daim Heydər Əliyev siyasətinə, ideologiyasına əsaslanan dövlət başçımızın rəhbərliyi ilə 2020-ci ildə-44 günlük müharibədə şücaətli Milli Ordumuz tərəfindən işğaldan azad edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması Ulu Öndərimizin ən böyük arzusunun reallaşması idi.

Bu barədə Prezident İlham Əliyevin dəyərli və yaddaqalan, bütün nəsillərə nümunə olan fikirlərini dinləmək kifayətdir: Heydər Əliyev öz siyasi vəsiyyətində bir şey də demişdir. Artıq bunu dəfələrlə demişəm, Azərbaycan xalqı da bilir ki, başa çatdıra bilmədiyimiz işləri davamçılarımız başa çatdıracaq. Onların arasında yəqin ki, mən belə hesab edirəm, ilk növbədə, Qarabağ probleminin həllini nəzərdə tuturdu. Biz, onun davamçıları bu problemi bütün işlərimizin mərkəzinə qoyduq. Yəni, hər bir addım, hər bir təşəbbüs, hər bir sərmayə, hər bir beynəlxalq təmas bu məqsədi güdürdü ki, bu, bizi müqəddəs hədəfimizə yaxınlaşdırır, yoxsa uzaqlaşdırır?! Ona görə bütün işlərimizin mahiyyəti məhz bu idi - Qarabağı azad etmək, tarixi ədaləti bərpa etmək. Biz bu hədəfə doğru gedirdik. Bizim yolumuz çox çəkdi. Ancaq elə gedib, elə nöqtə vurmalı idik ki, bu, birdəfəlik olsun. Biz avantüraya heç vaxt gedə bilməzdik. Biz səhv addım, yaxud da ki, vaxtsız addım ata bilməzdik. Biz hər şeyi ölçüb-biçib öz gücümüzü, eyni zamanda, digər amilləri nəzərə alaraq ən düzgün vaxt seçməli idik, ən düzgün vaxt üçün ən yaxşı vəziyyətdə olmalı idik. Xalqımız Ordumuzla tam birləşdi. Ona görə biz hamımız deyirik ki, bu, ümumxalq Qələbəsidir. Çünki xalq-iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində biz istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik, düşməni torpaqlarımızdan qovduq. 8 noyabr 2020-ci il hamımızın yaddaşında əbədi qalacaq, o cümlədən mənim. O vaxt Ulu Öndərin məzarını ziyarət etdim, ondan sonra şəhidlərin qəbrini ziyarət etdim. Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşa müjdəsini verdim. Ulu Öndərin məzarı önündə özümə dedim ki, bu vəsiyyət də, bu sonuncu vəsiyyət də yerinə yetirildi.

Bəli, Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı əbədidir və əbədi olacaqdır!

Mətanət Məmmədova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
26
sesqazeti.az

10Mənbələr