AZ

Türkmənistan təbii qazı üçün nəhəng anlaşmaya doğru

...Rusiya-Ukrayna müharibəsindən sonra Avropa təbii qazda darboğaz yaşayır.

....Türkiyə resursların şaxələndirilməsi baxımından köhnə qitənin ən mühüm tərəfdaşıdır.

... Azərbaycan təbii qazı Rusiya-Ukrayna müharibəsi zamanı Avropa İttifaqı ölkələri üçün həyat kəmərinə çevrildi.

SİA sözügedən mövzularla bağlı sizə “TRT Haber”in əməkdaşı Mahmud Gürerin məqaləsini təqdim edir.

2021-ci ildə Rusiyadan 150 milyard kubmetr təbii qaz alan Aİ ölkələri müharibənin təsiri ilə bunu 2022-ci ildə 43 milyard kubmetrə endirdi. Bundan əlavə, qitənin 2021-ci ildə 413 milyard kubmetr olan təbii qaz istifadəsi 2022-ci ildə 356, keçən il isə 330 milyard kubmetrə qədər azalıb. Bəzən 70 faizə çatan Rusiyanın payı hal-hazırda 15-ə düşüb.

Yüksələn dəyər Azərbaycan oldu. Aİ ölkələri Azərbaycandan 11 milyard təbii qaz aldı. Bu, Bakıya səbətdəki payını 7 faizə çatdırmağa imkan verdi. Azərbaycan təbii qazının hamısı Türkiyədən keçir. Bu prosesdə Türkiyə təbii qaz mərkəzi olmaq layihəsini davam etdirir: təkcə Azərbaycan deyil, Türkmənistan təbii qazını da Avropa ölkələrinə çatdırmağa çalışır.

Son zamanlar türkmən qazı üçün Türkiyə, Azərbaycan və Türkmənistanın enerji diplomatiyası güclənib. 2024-cü il martın 1-də Türkiyə ilə Türkmənistan arasında təbii qaz sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalandı. Türkiyənin Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bu çərçivədə ilkin mərhələdə 2 milyard kubmetrə qədər türkmən qazının Türkiyəyə nəql edilə biləcəyini bəyan etdi.

Sözügedən məbləğin Türkiyəyə çatması üçün üç fərqli variant nəzərdən keçirilir. Bu alternativlərdən biri Türkmənistan qazının svop (swap) yolu ilə İran üzərindən Türkiyəyə gəlməsidir. Digəri, təbii qazın Türkiyəyə əvvəlcə İran, sonra isə Azərbaycan üzərindən keçməklə yenə svop yoludur. Tərəflər hal-hazırda bu iki variantı nəzərdən keçirir.

Türkiyənin enerji mərkəzi olmaq hədəflərinə çatması üçün digər variant daha böyük əhəmiyyət kəsb edir. Onun adı Xəzər tranziti təbii qaz layihəsidir. Reallaşarsa, milyardlarla kubmetr təbii qazın Türkiyə üzərindən Avropa ölkələrinə satılmasına yol açılacaq. Lakin bu layihəyə başlamazdan əvvəl Xəzər dənizinin iqtisadi sahələri müəyyən edilməlidir. İran, Rusiya, Türkmənistan və Azərbaycanın tam razılığa gəlməsi ən vacib məsələdir.

“Anadolu” informasiya agentliyinin Qaz İxrac Edən Ölkələr Forumunun "2050-ci il baxışı" hesabatından verdiyi məlumata görə, Türkmənistan 13,9 trilyon kubmetr təbii qaz ehtiyatı ilə dünyada 4-cü yerdədir. 2010-cu ildə ildə 40 milyard kubmetr təbii qaz hasil edən Türkmənistan hasilat gücünü günü-gündən artırmaqdadır. Ölkədə hasilat 2019-cu ildə 63,2, 2020-ci ildə 66, 2021-ci ildə 79,3, 2022-ci ildə 78,3, 2023-cü ildə 80,6 milyard kubmetrə yüksəlib. Hesabata görə, Türkmənistanın 2050-ci ilə qədər illik təbii qaz hasilatını 110 milyard kubmetrə çatdıracağı gözlənilir.

Türkmənistanda hasil edilən qazın təqribən 35 milyard kubmetri ölkə daxilində istehlak olunur, 40 milyard kubmetri Çinə, qalan hissəsi isə Rusiya, Özbəkistan və İran vasitəsilə Azərbaycana ixrac edilir. Təbii qaz hasilatının təxminən yarısını ixrac edən Türkmənistan Çinin ən böyük qaz tədarükçüsüdür.

Ölkənin təxmini təbii qaz ehtiyatlarının 50 trilyon kubmetrdən çox olduğu təxmin edilir.

Türkmənistan qazını Özbəkistan, Qırğızıstan və Tacikistan vasitəsilə Çinə nəql edən 4 mərhələli Orta Asiya-Çin Boru Kəməri 2009-cu ildə istifadəyə verilib. Xəttin gücü ildə 55 milyard kubmetr qazın Çinə çatdırılmasına imkan verir. Bildirilir ki, 2030-cu ilin sonuna qədər xəttin ötürücülük qabiliyyəti 80 milyard kubmetrə çatdırıla bilər.

Təbii qaz ticarətində alternativ boru kəməri layihələri üzərində çalışan Türkmənistan tikintisi son mərhələdə olan 1814 kilometrlik Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) təbii qaz boru kəmərilə gələcəkdə Əfqanıstan, Pakistan və Hindistana hər il 33 milyard kubmetr qaz satmağı planlaşdırır.

Təbii qaz hasilatı və ixracını artırmaq üçün səylərini davam etdirən Türkmənistan 2019-cu ildə Rusiya ilə hər il 5,5 milyard kubmetr qaz satmaq üçün 5 illik müqavilə imzalayıb. 2021-ci ildə bağlanmış svop sazişi çərçivəsində isə İran vasitəsilə Azərbaycana hər il təxminən 2 milyard kubmetr qaz satır. Azərbaycanın 2023-cü ildə Türkmənistandan qaz idxalı 1,5 milyard kubmetr olub. Avropa İttifaqı bu tənliyə daxil edilərsə, Türkmənistan illik təbii qaz satışını təxminən 20 milyard kubmetr artıra bilər. Türkiyənin enerji mərkəzinə çevrilməsi layihəsi də Türkmənistanın bu yolda işini asanlaşdıran ən mühüm işlərdən biridir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
1
sia.az

10Mənbələr