AZ

Şəhid videooperator Sirac Abışovun yubileyi qeyd olundu – FOTOLAR

Sumqayıtda şəhid videooperator Sirac Abışovun 35 illik yubileyi qeyd olunub.

KONKRET.az xəbər verir ki, tədbirdə şəhər ictimaiyyətinin nümayəndələri, mərhumun ailə üzvləri və doğmaları, həmkarları iştirak ediblər.

Mərasimdə öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Sonra şəhidin atası Abış Abışov çıxış edərək torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən bütün Vətən oğullarının ruhuna ehtiramını ifadə edib, qazilərə cansağlığı arzulayıb. O, Sirac Abışovun xatirəsini daim əziz tutduğuna görə Azərbaycan xalqına, xüsusilə Dövlət Televiziyasının bütün kollektivinə təşəkkürünü bildirib.

Tədbirdə söz alan rəsmi şəxslər, jurnalistlər, şəhid valideynləri Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycanın Zəfər tarixində şəhid və qazilərimizin misilsiz rolundan bəhs ediblər. Bu sırada peşə fəaliyyətlərini şərəflə yerinə yetirən şəhid jurnalistlərin fədakarlığı xüsusilə vurğulanıb. Sirac Abışovun vətənpərvərliyindən geniş bəhs edən çıxışçılar bildiriblər ki, onun işğaldan azad olunan ərazilərimizdə lentə aldığı kadrlar erməni vandallarının xalqımıza qarşı cinayətlərini ifşa edən ən qiymətli arxivdir.

Sonda şəhidin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Həmçinin tədbir iştirakçılarına Əməkdar jurnalist Firuzə Nadirin qələmə aldığı “Sirac” kitabı təqdim edilib.

Mərasim incəsənət ustalarının vətənpərvər mahnılarının müşayiəti ilə başa çatıb.

Natiq Səlim,

KONKRET.az




Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
39
konkret.az

10Mənbələr