AZ

Qurban Qurbanov Zaqreb “Dinamo”suna məğlubiyyəti şərh etdi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-offunda Zaqreb “Dinamo”suna qarşı keçirdikləri cavab matçını şərh edib.

Arena.az xəbər verir ki, Xorvatiya çempionuna səfərdə 0:3 hesabıyla uduzmuş Ağdam klubu, doğma meydanda da 0:2 hesabı ilə məğlub olaraq bu turnirdə mübarizəni dayandırıb.

Qurbanov cavab matçından sonra keçirilən mətbuat konfransında bunları dilə gətirib:

“Təəssüf ki, məğlub olduq. Uduzmaq istəməzdik. Futbolçulara deyiləcək bir söz yoxdur. Həm səfərdə, həm də burada çox əziyyət çəkdilər. Xeyli qol epizodumuz olsa da, istifadə edə bilmədik. Azarkeşlərimizə təşəkkür edirəm. Uduzsaq da, bizimlə oldular.

Biz daha çox rəqibin üzərinə atılırıq, rəqib meydanında oyunumuzu qururuq. Bu gün ilk hissədə qapımıza bir zərbə oldu, o da qol oldu. Rəqibə daha yaxın oynamaq lazım idi ki, imkan verməyək. Xırda detallar var. Müdafiəyəmeyilli komanda bu epizodlardan qalib ayrılır. Bizdə fərqlidir. Elvin Cəfərquliyev, Mateus Silva və ya digərləri hücuma daha çox meyillidirlər. Oyunun 70-80 faizini hücumda keçirirlər. Çatışmazlıqlar olacaq. Amma mütləq şəkildə diqqəti ayırmalıyıq. Qol vurmuruqsa, buraxmamaq haqda da düşünməliyik. “Dinamo”dan 5 qol buraxıb, bir qol vura bilməmişiksə, nəyisə izah etmək düzgün çıxmaz. Halbuki rəqib müdafiədə sıx oynayırdı. Bu cür komandaya qarşı qol epizodları yaratmaq asan deyil. Müdafiədə səhvləri bir az azaltmalıyıq”.

“Səfərdə rəqibdən daha çox qaçmışıq”

Qurbanov komandada yorğunluq hiss edildiyi barədə suala belə cavab verib:

“Yorğun komanda rəqibin cərimə meydançasında 3 metrdən qol epizodu yarada bilməz. Xorvatiyadakı oyundan sonra belə fikir formalaşdı. Uğursuz nəticənin səbəbini axtaranlar niyəsə bunu fiziki hazırlıqla əlaqələndirməyə başlayıblar. Aslan Kərimov da deyib… Xorvatiya mətbuatından çıxmışdı, ya nədir… Futbol güc, sürət oyunudur. Bizim futbolçuların göstəricilərinə baxsaz, oyunda neçə kilometr qət ediblər… Biz səfərdə rəqibdən daha çox qaçmışıq. Maksimal sürətimiz rəqibdən daha çox olub, maksimal sprintlər də həmçinin. İnanmıram ki, bu göstəricilər az olsun. Belə fikir formalaşıb, yorğunluq, filan. Anlamıram. Futbolçu gərgin olanda hansısa dəqiqələrdə nəsə hiss edilir. Amma 33 yaşlı Zubir 90 dəqiqə meydanda dayanırsa, Elvin 90 dəqiqə 80-90 metr gedib-qayıdırsa, bu qədər hərəkətli olurlarsa, bu fikir mənim üçün qəribə gəldi. Bizim işimiz normal gedir. Hər bir futbolçunun fiziki hazırlığını daha da qaldırmalıyıq. Bu tip turnirlərdə oynamaq üçün daha çox məşq etməliyik. Mən yorğunluq görmədim”.

Baş məşqçi növbəti dəfə yeni transferlər barədə sualı cavablandırıb:

“Onsuz da axtarışdayıq. Bir transfer də etmişik. İki aydan çox idi ki, danışıqlar gedirdi. Bir dəfə alınmamışdı, söhbət dayanmışdı. Bizə uyğun variant olsa, mütləq transfer etmək istəyirik. Bizi qarşıda çox sıx qrafik gözləyir. Avrokuboklar, milli oyunlar, çempionatımız var. Oyunların sayı çoxalır. Zədələrimiz çoxala bilər, rotasiyalara getməliyik. Belə olan halda, oyunçular dəvət etmək istəyərik”.

Qurban Qurbanov Marko Veşoviçlə Marko Yankoviçin yoxluğunun bu cütün taleyinə təsirsiz ötüşmədiyini etiraf edib:

“Təsiri olmamış olmaz. Hər ikisi əsas heyət oyunçusu idi. Topla yaxşı davranan futbolçuların olması üstünlükdür, olmaması isə əksinə. Ancaq onlarsız da qalib gəlmişik. Əlimizdəki oyunçuların hamısı sağlam olanda, mənim üçün daha asandır. Təsiri var, amma digər oyunçularım da göstərdilər ki, daha yaxşı nəticə əldə etməyə layiq idilər”.

“Bu, birlikdir, komandaya olan sevgidir, inamdır”

“Qarabağ”ın baş məşqçisi futbolçuların həvəsdən düşməməsi üçün hansı addımlar atacaqları barədə sualı isə belə cavablandırıb:

“İlk addımı atdıq. Paltardəyişmə otağında hər birinə təşəkkür etdim. Bu gün çox üzgün olsaq, bunu çox düşünsək, qarşıdakı işimizə mane olacaq. Bir az üzgün idilər. Amma mütləq şəkildə daha da bərk olub qarşıdakı turnirə hazırlaşmalıyıq. Biz qarşımızdakı rəqiblərə dəyər vermişik. Onlar qalib gəlibsə, deməli, bizdən üstün idilər.

Ötən gün “Qalatasaray”ın oyununa baxdıq, uduzdular. Bir qol vurmaq lazım idi. Biz isə bu gün azı 3 qol vurmalıydıq. Öz-özümə düşündüm ki, gör azarkeşlər bizi, “Qarabağ”ı nə qədər çox sevirlər, çox güvənirlər ki, bu cür oyunda 3-4 qol vuracağımıza inanırlar. Bu, birlikdir, komandaya olan sevgidir, inamdır. Bəlkə də, maraqlansaq, azarkeşlərin 70 faizi bizə daha çox motivasiya vermək üçün belə danışırdılar. Bəlkə onlar da razılaşmışdı ki, üç qol vurmaq çətin olacaq. Azarkeşlərimiz futbolu heç də pis incələmirlər. Bizə motivasiya vermək üçün daha çox bu fikirləri demişdilər. Buna da çox sevindim. Bizim başqa çıxış yolumuz qalmır. Hansısa oyunda uduza bilərik, qruplara da düşməyə bilərik, amma həmişə demişəm ki, bütün azarkeşlər bilməlidir, mən başda olmaqla futbolçular, hamımız işimizə məsuliyyətli yanaşmışıq. Klub, komanda sağlam əllərdədir. Hamı dərk edir ki, Qarabağ adı nə deməkdir. İnam da buradan yaranıb. Buna görə azarkeşlərimizə təşəkkür edirəm. Böyük zəfərdən sonra xalq olaraq, daha mehriban, daha inamlı olmuşuq, bir-birimizə hörmətlə yanaşmışıq. Bu gün məğlubiyyət oldusa, sabah qalibiyyətlər olacaq”.

“Qarabağ”ı yaxşı analiz etmişdik” – Yakiroviç

Zaqreb “Dinamo”sunun baş məşqçisi Sergey Yakiroviç də matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib:

“Komandamı təbrik edirəm. Rəqibi yaxşı analiz etmişdik. Məhz bunun sayəsində yaxşı nəticə göstərə bildik. Müdafiəni yaxşı qurduq, əsasən də sağ cinahı. Ona görə keyfiyyətli oyun göstərdik. Bəzi problemlərin olduğunu da gördük. Lakin ümumilikdə çox ciddi oyun göstərdik. Oyunçularıma təşəkkür edirəm. Düzgün şəkildə oyun apardıq və layiq olduğumuz qələbəni əldə etdik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
50
arena.az

10Mənbələr