AZ

Xamenei yeni nazirlərə tapşırıq verdi: bu sahəni təcili inkişaf etdirin!

İran İslam Respublikasının ali rəhbəri Ayətullah Seyid Əli Xamenei bu gün prezident Məsud Pezeşkian və 14-cü hökumət üzvləri ilə görüşüb.

Modern.az İran KİV-nə istinadən xəbər verir ki, Xameneinin sözlərinə görə,  president hökumət üzvlərini seçərkən ona gənc, imanlı, inqilabçı, məsuliyyətli və motivasiyalı insanlardan daha çox istifadəni tövsiyə edib.

"Məsələn, hökumət 100 imanlı, motivasiyalı, inqilabçı və məsuliyyətli gənc yetişdirə bilsə, hesab edirəm ki, çox böyük işlər görmüş olar”, - o deyib.

Hökumətin prezidentin səyləri və parlamentin töhfəsi ilə formalaşdığını bildirən Xamenei deyib:

"Bu, böyük uğurdur. Keçmiş dönəmlərdə bəzən hökumət təxminən bir aya və ya daha çox müddətə qurula bilmirdi. Amma bu dəfə bütün nazirlər parlamentdən  etimad səsi ala bildi”.

“Cənab prezident nazirləri seçmək üçün mənimlə məsləhətləşdi. Bəzilərini təsdiqlədim, bəzilərini vurğuladım. Çoxunu heç tanımırdım və onlar barədə fikrim belə yox idi.
Allaha şükürlər olsun ki, prezident öz seçimini edə bildi”, - deyə ali rəhbər əlavə edib.

O bildirib ki, parlamenti inandırmaq, böyük işdir.

Xameneinin sözlərinə görə, ən təcili prioritetlərdən biri inflyasiya və yüksək qiymət probleminin həllidir.

"Hörmətli nazirlər, prezidentin və parlamentin etimadını qazanmış əziz qardaşlarım, siz hamınız bu ölkənin yüksək rütbəli məmurlarısınız. Sizə dəstək olmaq bizim borcumuzdur. Ümid edirəm ki, işinizdə uğur qazanacaqsınız”.

Xamaneinin sözlərinə görə, İranın təbii resurslar baxımından böyük potensialı var.

“Bir vaxtlar İranı xalçalarına, neftinə görə tanıyırdılar. Bu gün İranı elmi, hərbi nailiyyətləri, regional gücü və strateji dərinliyi ilə tanıyırlar. Bu, əlimizdə olan bir fürsətdir. Bizim dünya ölkələrinə və regiona təsir imkanlarımız kiçik bir şey deyil, çox vacib məsələdir. Bu bizim imkanlarımızdan biridir".

İslam İnqilabının rəhbəri deyib ki, hazırda süni intellekt o qədər sürətlə inkişaf edir ki, bu texnologiyanın dünyada qazandığı sürət insanı heyrətə gətirir.

“Hazırda hərbi və mülki qurumlarımız süni intellektdən istifadə edir və ondan bəhrələnir, lakin bu bizi aldatmamalıdır, süni intellektə gəlincə, sadəcə istifadəçi olmaq üstünlük deyil, bu texnologiyanın dərin təbəqələri var və bu təbəqələrə hakim olmaq lazımdır. O təbəqələr başqalarının əlindədir”.

Xamenei hökumət üzvlərinə bildirib ki, əgər İran süni intellektin dərin və müxtəlif təbəqələrini inkişaf etdirə bilməsə, geri qalacaq:

“Bu sahəni keçməyə icazə verməyəcəksiniz, bu mövzunun dərin və əhatəli texnologiyalarına və infrastruktur qatlarına çatmalısınız. Siz ölkədə süni intellektin infrastruktur təbəqələrini inkişaf etdirməlisiniz".

A.Qorxmaz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
40
modern.az

10Mənbələr