UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk iki cavab oyunu keçirilib. SİA-nın məlumatına görə, İspaniya klublarından “Barselona” ev, “Atletiko” isə səfər matçına çıxıb.
Adıçəkilən komandalar ilk görüşlərində müvafiq olaraq Fransanın PSJ (2:3) və Almaniyanın “Borussiya” (Dortmund) (2:1) klubları üzərində minimalhesablı qələbə qazanıblar. Lakin cavab görüşləri qaliblərin uğursuzluğu ilə nəticələnib.
“Barsa” doğma meydanda hesabı açsa da, matçın 29-cu dəqiqəsindən etibarən azlıqda qalıb. Say üstünlüyündən yararlanan PSJ dörd qol vuraraq cütün taleyini həll edib - 1:4 (4:6).
“Atletiko” isə səfərdə iki top fərqi ilə məğlub olaraq turnirlə vidalaşıb. İspanlar almanların 4 qolundan yalnız ikisinin əvəzini çıxmağı bacarıblar - 4:2 (5:4).
Qeyd edək ki, PSJ və “Borussiya yarımfinalda rəqib olublar.
Mərhələnin digər iki oyunu aprelin 17-də keçiriləcək.