AZ

Çin-Avropa dəmiryolu yükdaşımalarına maraq artır - Azərbaycan mərkəzi rolda...

Image

Cari ilin birinci rübündə Çinlə Avropa arasında yükdaşımalar həyata keçirən qatarların sayı 10 faiz çoxalaraq 6184-ə çatıb. Bu barədə “Çin dəmir yolu qrupu” açıqlama yayıb. Hesabat dövründə 675 min konteyner daşınıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11 faiz çoxdur.

Çinlə Avropa arasında dəmir yolu ilə yük daşınmasına başlanandan bəri indiyədək 89 mindən çox qatar səfərinin reallaşdığı, hazırda Çindən Avropanın 25 ölkəsinin 223 şəhərinə dəmir yolu ilə yük daşındığını bildirilir. Çin-Avropa yük qatarlarının operatoru olan “Çin dəmir yolu beynəlxalq multimodal daşımalar” şirkətinin baş direktorunun müavini Kan İfen yanvar ayından etibarən sözügedən istiqamətdə yük qatarları üçün sifarişlərin sayında əhəmiyyətli artımın olduğunu bildirib. Onun sözlərinə görə, DHL və “Kuehne+Nagel” kimi iri beynəlxalq logistika şirkətləri Xəzər və Qara dənizlərdən keçən dəmir yolu və dəniz nəqliyyatını birləşdirən yeni Çin-Avropa yük marşrutuna böyük maraq göstərirlər. Qeyd edək ki, Çinlə Avropa arasında dəmir yolu ilə yük daşımalarına 2011-ci ildən başlanılıb. Bakı-Tiflis-Qars dəmir yolu xətti istifadəyə verildikdən sonra Azərbaycandan keçməklə bir neçə yeni Çin-Avropa yük qatarı marşrutu istifadəyə verilib. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra şimal xətti üzrə dəmir yolu marşrutlarında yaranmış çətinliklər logistika şirkətlərinin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə - Orta Dəhlizə marağını əhəmiyyətli dərəcədə artırıb. Son vaxtlar Qırmızı dənizdəki təhlükəsizlik problemləri səbəbindən gəmilərin Çindən Avropaya səyahət müddəti ən azı 12 gün çoxalıb ki, nəticədə daşıma və sığorta xərcləri 2 dəfədən çox artıb. Beynəlxalq ticarətdəki gərgin vəziyyət fonunda Çin-Avropa yük qatarları hər 2 istiqamət üzrə sabit, sürətli və sərfəli alternativ yaradıb. Bu kontekstdə Orta Dəhlizin əhəmiyyəti getdikcə daha qabarıq formada özünü göstərir. Bu fonda Çindən Avropaya göndərilən yüklərin daşınmasında Azərbaycanın təqdim etdiyi tranzit daşımalarla bağlı imkanlar çox səmərəlidir və perspektivlidir. Azərbaycanın nəqliyyat potensialı, o cümlədən Ələtdəki beynəlxalq ticarət limanı, Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tiflis-Qars xətti Çindən Avropaya dəmir yolu ilə yeni yükdaşıma imkanlarını çoxaldıb. Dünyanın ən iri ixracatçısı olan Çin özünün ən böyük ticarət tərəfdaşlarından olan Avropa ilə iqtisadi əlaqələrə və təbii ki, Avropa ilə etibarlı yük dövriyyəsinə xüsusi həssaslıqla yanaşır. Azərbaycan isə bütün formatlarda təkcə siyasi deyil, eləcə də iqtisadi sahədə əməkdaşlığa və tərəfdaşlığa nəinki hazır olduğunu bəyan edib, hətta öz daxili imkanları hesabına ən yüksək standartlara cavab verən müvafiq infrastruktur da yaradıb.   Faktdır ki, nəqliyyat-logistika sahəsində vaxtında görülmüş işlər sayəsində Azərbaycanın Avrasiya regionunda beynəlxalq əməkdaşlığa töhfələri təkcə iqtisadi mənfəətlə ölçülmür, həm də ölkəmizin etibarlı tərəfdaş kimi nüfuzunu yüksəldir. Digər tərəfdən, Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi  bütün Orta Dəhliz dövlətləri üçün mühüm əhəmiyyət kəsb edir. Xüsusən də bu çərçivədə gerçəkləşdiriləcək Qars–Naxçıvan dəmir yolu təşəbbüsü Avrasiya miqyasında böyük önəm kəsb edir.

Qeyd edək ki, beynəlxalq əhəmiyyətli iqti­sadi layihə olan Zəngəzur dəh­lizinin tərkibi hissəsi olan Qars–İğdır–Aralıq–Dilucu–Sədərək–Naxçıvan–Culfa dəmir yolu xətti sadəcə Türkiyə və Nax­çıvanı birləşdirmək məqsədi da­şımır. Bu, daha qlobal xarakterə malikdir və Avropa ilə Asiyanın ti­carət əlaqələrinin yeni mərhələsini şərtləndirir.  Ötən ilin sentyabr ayı­nın 25-də isə Naxçıvan şəhərin­də prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən “Azərbaycan Respublikası ilə Tür­kiyə Respublikası arasında Qars–Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu” imzalanılıb. Bu layihənin reallaşdırılması is­tiqamətində üçüncü addım isə iki qardaş ölkə arasında yaxın vaxt­larda müvafiq müqavilənin imza­lanması ilə atılacağı nəzərdə tu­tulub.  Xatırladaq ki, Qars–Naxçıvan dəmir yolu layihəsinin tikintisinə dair texniki-iqtisadi əsaslandırma hesabatı artıq təsdiqlənib. 224 ki­lometr uzunluğunda və 5 stansiya­dan ibarət olacaq dəmir yolunun tikintisinin 5 il müddətində başa çatdırılması planlaşdırılıb. Bundan başqa, Zəngəzur dəhlizi ilə yanaşı Qars-Naxçıvan dəmir yolu da Orta Dəhlizə inteqrasiya ediləcək. Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycan ərazisindən illik təxminən 35 milyon ton yükün daşınmasına imkan verə bilər. Region nəqliyyat habına çevrilir, Azərbaycan isə burada aparıcı ölkədir və Zəngəzur dəhlizinin istifadəyə verilməsi ölkəmizin beynəlxalq yükdaşımalarda mövqeyinin gücləndirilməsi baxımından vacibdir. Hələlik isə Qars-Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılması üçün Azərbaycan tərəfi artıq Naxçıvanda müvafiq dəmir yolu xəttinin yenidən qurulması işlərinə başlayıb. Azərbaycanın baş nazirinin və Türkiyənin Vitse-prezidentinin həmsədrliyi ilə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın bu günlərdə keçirilən iclasında bildirilib ki, Azərbaycan tərəfi artıq Naxçıvanda müvafiq dəmir yolu xəttinin yenidən qurulması işlərinə başlayıb. Bunun ardınca Zəngəzur dəhlizinin açıqlması məqsədilə müvafiq addımlar atılması gözlənilir.

Ramil QULİYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
220
50
baki-xeber.com

10Mənbələr