AZ

Soltan Məmmədov: Azərbaycanla Çin arasında qarşılıqlı etimad mövcuddur

Azərbaycan-Çin münasibətləri son illərdə sürətlə inkişaf edir. İki ölkə arasında yüksək səviyyəli siyasi dialoq iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə, müxtəlif sahələrdə əlaqələrin güclənməsinə imkan yaradır.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Soltan Məmmədov deyib.

Deputat bildirib ki, 2018-ci ildə Azərbaycanla Çinin xarici ticarət dövriyyəsi 1,3 milyard dollar olub. Ötən il bu göstərici əhəmiyyətli dərəcədə artaraq 3,1 milyard dollara çatıb:

“Bu rəqəmlər hər iki ölkənin iqtisadi əlaqələrin şaxələndirilməsində maraqlı olduğunu təsdiq edir. Bu gün Çin Azərbaycanın xarici ticarət tərəfdaşları arasında ilk beşliyə daxil olan ölkələrdən biridir. İqtisadi əlaqələrin güclənməsi regionda və dünyada baş verən proseslər fonunda Azərbaycanla Çin arasında çox etibarlı tərəfdaşlıq münasibətlərinin, qarşılıqlı etimadın mövcud olduğunu göstərir”.

Soltan Məmmədov qeyd edib ki, Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına dəstək verən ölkələrdən biridir. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanan ən yaxşı marşrturlardan biri kimi qiymətləndirilir:

“Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünün region üçün əhəmiyyətini yüksək qiymətləndirir. Cənab Prezidentin Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin nümayəndə heyəti ilə görüşündə də vurğulandığı kimi, ikitərəfli əlaqələr keyfiyyətcə yeni müstəviyə yüksəlib”.

Deputat nəzərə çatdırıb ki, Azərbaycan COP29 çərçivəsində də Çin Xalq Respublikası ilə əməkdaşlıqda maraqlıdır. Çinin yaşıl enerjiyə keçid sahəsində zəngin təcrübəsi var. Bərpaolunan enerji mənbələrinin inkişafında çox böyük uğurlar əldə edən Çinlə bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi yaşıl enerjiyə keçidi özünün milli prioritetləri sırasına daxil etmiş Azərbaycan üçün çox vacibdir:

“Azərbaycan işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji zonası yaratmaq istiqamətində praktiki addımlar atır. Bu prosesə Çin şirkətlərinin cəlb olunması işğaldan azad olunmuş ərazilərin bərpasının sürətləndirilməsinə töhfə verə bilər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
229
50
apa.az

10Mənbələr