AZ

Dünyanı heyrətləndirən qəhrəman şəhər -Şuşa

Artıq dörd ildir ki, Qarabağın tacı azaddır və 8 may tarixi işğal yox, Azərbaycanın ərazi bütövlüyünün bərpasının əsas tərkib hissəsi kimi yadda qalıb

Hər il 8 may tarixini hüznlə qarşılayırdıq. Çünki həm coğrafi baxımdan, həm də mənəvi cəhətdən yüksəklikdə olan Şuşa şəhərini məhz 1992-ci ilin mayın 8-də itirmişdik. Birinci Qarabağ müharibəsi zamanı Şuşanı işğal edən Ermənistan ordusu bu strateji şəhəri ələ keçirdikdən sonra demək olar ki, savaşın taleyini həll etmiş oldu. Beləliklə, Qarabağın döyünən ürəyi olan Şuşa 28 il işğalçıların tapdağı altında qaldı. İşğal nəticəsində Şuşa şəhəri və 30 kənd dağıdıldı. 195 nəfər dinc sakin həlak oldu, 165 nəfər yaralandı, 58 azərbaycanlı itkin düşdü, 24 mindən çox əhali etnik təmizləməyə məruz qaldı. Şuşaya dörd bir tərəfdən endirilmiş top, tank və digər ağır artilleriya zərbələri nəticəsində şəhərin tarixi, dini məkanları, mədəniyyət ocaqları, muzey və digər mühüm sosial obyektlər ciddi zərər gördü. Sonrakı illərdə tariximizi əks etdirən məkanların əksəriyyəti erməni vandalizminin qurbanına çevrilərək ya bilərəkdən, ya da baxımsızlıq nəticəsində yararsız vəziyyətə düşdü. Azərbaycanın mədəniyyət beşiyinin işğalı düz 28 il davam etdi. Nəhayət, 2020-ci ilin noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən Şuşa əsl sahiblərinə qovuşdu. Erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancıldı.

Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı Azərbaycan Ordusu sıx meşələri, keçilməz yarğanları və çətin dağ keçidlərini aşaraq Şuşaya istiqamət götürüb. Belə ki, noyabrın 7-də ordumuz şəhərin qayalıqlarına dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olub. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri şəhərə bir çox istiqamətdən yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünüblər. Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən “İsgəndər” ballistik raketləri atılıb. Raketin hədəfi isə azərbaycanlı hərbçilər olub. Buna baxmayaraq, Müzəffər Azərbaycan Ordusu tezliklə erməni qoşunlarını məhv edərək şəhərdən qovmağı bacardı. Şəhər azadlığına qovuşandan sonra burada bərpa, quruculuq və yenidənqurma işlərinə, infrastrukturun bərpasına start verilib və burada ölkə əhəmiyyətli açılışlar həyata keçirilib. Belə ki, hazırda işğaldan azad olunan ərazilərdə böyük quruculuq layihələri həyata keçirilməkdədir: yeni məktəb, məscid, xəstəxana və digər əhəmiyyətli obyektlərin, eləcə də yaşayış binalarının inşası aparılır. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda mənəvi cəhətdən də dirçəlir.

2021-ci ilin mayında Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Eyni zamanda, 2021-ci il mayın 12-13-də Şuşa şəhərindəki Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı keçirilib. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşılayıb. Ötən müddət ərzində Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi publik hüquqi şəxsi yaradılıb. Prezident İlham Əliyev Azərbaycanda 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu müddət ərzində Şuşa bir çox həm yerli, həm də beynəlxalq tədbirlərə ev sahibliyi edib. Son dörd il ərzində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Şuşa şəhərində səfərdə olublar, orada həyata keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış olublar. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva da ötən il avqustun 23-də Şuşa şəhərinə səfər ediblər. Dövlət başçıları və xanımları Saatlı məscidində olub, Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə, Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar. Şuşanın Baş planı ilə tanışlıqdan sonra prezidentlər və xanımları Natəvan bulağında, Yuxarı Gövhər Ağa məscidində, Bülbülün ev-muzeyində, Mehmandarovların malikanə kompleksində və Cıdır düzündə olublar.

2023-cü il sentyabrın 25-də Qətərin Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransının iştirakçılarının yekdil rəyi ilə Şuşa 2024-cü il üçün İslam dünyasının paytaxtı elan olunub.

2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra ərazilərimiz separatçılardan təmizlənib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Dövlət başçısı oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər edib, Əsgəran qalasında olub və orada Azərbaycan Bayrağını qaldırıb.

Ötən il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə Şuşada TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının 9-cu iclası keçirilib.

Ötən il noyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya növbəti dəfə səfər ediblər. Dövlət başçısı və birinci xanım Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri və “Qızlar Gimnaziyası” tarixi abidə binasında həyata keçiriləcək işlər ilə tanış olublar. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qala divarına və ətraf əraziyə baxıb, Heydər Əliyev Fondu tərəfindən Pənahəli xan küçəsində yerləşən bir sıra binalarda aparılacaq bərpa və yenidənqurma layihələri ilə tanış olub, “Yasəmən” hotelinin açılışında iştirak ediblər.

Ötən ay Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda bildirilib ki, 2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramına 10-cu ev sahibi seçilib. Sərəncama əsasən, Nazirlər Kabinetinə Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlayıb həyata keçirmək, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. Hazırda Şuşada həyat canlanmaqdadır və şəhər öz sakinlərinin yolunu gözləyir.

Sevinc Azadi, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
41
Mənbələr
Şərh ()
Bağla