AZ

Deputat: "Azərbaycanla Qırğızıstan arasında münasibətlər yüksələn xətlə inkişaf edir"

Azərbaycanın xarici siyasət kursunun prioritet istiqamətlərindən birini Mərkəzi Asiya, eləcə də regionun türkdilli dövlətləri ilə münasibətlər təşkil edir.  Türk dövlətləri ilə kəmiyət və keyfiyyət baxımından intensivləşən əməkdaşlıq münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdə davam edir. Bu baxımdan Qırğızıstan Prezidenti Sadır Japarovun aprel ayının 24-də ölkəmizə səfəri iki ölkə arasındakı münasibətlərin inkişafı istiqamətində olduqca mühüm əhəmiyyət kəsb edir. Ölkə başçılarının səmimi görüşləri və imzalanan sənədlər onu deməyə əsas verir ki, iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir.

Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat açıqlamasında bildirib ki, Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir. Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub. Həmin münasibətlər bu gün yüksək səviyyədə inkişaf edir. İki ölkə arasında tarixdən gələn dostluq, qardaşlıq münasibətləri həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq təşkilatlar səviyyəsində əlaqələrdə bazis rolunu oynayır. Prezident İlham Əliyevin çıxışında dediyi kimi “Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir. Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir”.

Hamımız yaxşı bilirik ki, ölkələr arasında sıx əlaqələrin formalaşmasında iqtisadi amil olduqca mühüm əhəmiyyət kəsb edir. Hər iki ölkə arasında iqtisadi-ticari sahədə fəal əməkdaşlıq mövcuddur. Ölkələrimiz arasında ticarət dövriyyəsinin dəfələrlə artması Azərbaycan və Qırğızıstan arasında münasibətlərin inkişaf dinamikasını aydın şəkildə ortaya qoyur. Qeyd etmək lazımdır ki, iki ölkə arasında bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyət uğurla davam etdirilir.

Xüsusilə vurğulamalıyıq ki, Qırğızıstan Prezidentinin səfəri çərçivəsində Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasiminin baş tutması, eləcə də Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstanın Ağdam rayonunda orta məktəbin tikintisini öz vəsaiti hesabına həyata keçirəcək olması ölkələrimiz və xalqlarımız arasında tarixdən gələn dostluğun və qardaşlığın açıq təzahürüdür.

Onu da qeyd edək ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusilə Türk dövlətləri, o cümlədən Qırğızıstanla əməkdaşlığının geniş perspektivləri var. Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə səfəri çərçivəsində iki ölkə arasında on üç adda sənəd imzalanmışdır. İmzalanmış sənədlər qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi  və bütün istiqamətlər üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsində mühüm rol oynayacaq. Millət vəkili Tamam Cəfərova belə deyib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Seçilən
285
11
Mənbələr
Şərh ()
Bağla