AZ

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

“Hizbullah”

Bakı, 25 aprel, AZƏRTAC

Livanda fəaliyyət göstərən “Hizbullah” hərəkatı İsrailin Qəzza sektoruna hücumu başlayandan bəri yəhudi ordusunun mövqelərinə qarşı 1650 hərbi əməliyyat keçirib. Əməliyyatlar nəticəsində 2 mindən çox İsrail əsgərinin öldürüldüyü və ya yaralandığı iddia edilir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Hizbullah” hərəkatının sosial media resurslarında dərc etdiyi məlumatda deyilir.

“Hizbullah” müxtəlif növ silahlardan istifadə edilməklə, İsrail ordusunun mövqelərinə endirilən zərbələr nəticəsində 344 istehkamın, 328 texniki avadanlığın, 92 hərbi maşının, 67 komanda mərkəzinin, 722 binanın, 33 artilleriya mövqeyinin, həmçinin beş “Dəmir qübbə” platformasının və beş pilotsuz uçuş aparatının sıradan çıxarıldığını bildirib.

Qeyd edək ki, aprelin 24-də Livan-İsrail sərhədi boyunca toqquşmalar görünməmiş səviyyəyə yüksəlib. İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları və pilotsuz təyyarələri Livanın cənubuna 14 hava hücumu həyata keçirərək 25 hədəfə zərbə endirib. “Hizbullah” isə öz növbəsində qarşı tərəfin mövqelərini raket və mərmilərlə atəşə tutub.

Seçilən
133
6
Mənbələr
Şərh ()
Bağla