Çempionlar Liqasının bütün yarımfinalçıları bəlli oldu – Video
İspaniya təmsilçisi “Real Madrid” Çempionlar Liqasının ¼ final mərhələsində İngiltərə çempionu “Mançester Siti”yə penaltilər seriyasında 4:3 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Yeniavaz.com xəbər verir ki, əsas vaxt 1:1 hesablı bərabərliklə başa çatıb. 12-ci dəqiqədə “Kral klubu”nun braziliyalı hücumçusu Rodriqo meydan sahiblərinin qolunu vurub. Cavab qolunu isə “şəhərlilər”in belçikalı yarımmüdafiəçi Kevin De Bruyne 76-cı dəqiqədə rəqibin qapısından keçirib. Əlavə vaxtda komandalar fərqlənə bilməyiblər. “Real Madrid” futbolçuları penaltilər seriyasında daha uğurlu çıxış ediblər və nöcbəti mərhələyə adlayan tərəf olublar. Xatırladaq ki, Madriddə keçirilən ilk oyunda 3:3 hesablı heç-heçə qeydə alınmışdı.
17 apreldə keçirilən ¼ finalın digər qarşılaşmasında isə “Bavariya” “Arsenal”ı qonaq edib. Almaniyalı Tomas Tuxelin rəhbərlik etdiyi komanda ikinci matçında London “Arsenal”ını 1:0 hesabı ilə məğlub edib və yarımfinala yüksəlib. Meydan sahiblərinin qolunu 63-cü dəqiqədə almaniyalı yarımmüdafiəçi Yosua Kimmix vurub. Xatırladaq ki, Londonda baş tutan ilk görüşdə komandalar heç-heçə oynamışdılar – 2:2.
Qeyd edək ki, yarımfinalda “Real Madrid” “Bavariya” ilə, Fransa təmsilçisi PSJ isə “Borussiya” ilə qarşılaşacaq.