AZ

“Liverpul” çempionluq yarışını, “Şeffild Yunayted” elitanı tərk etdi - TURUN ŞƏRHİ

Premyer-liqada 35-ci tur “Liverpul”un çempionluq mübarizəsindən çəkilməsi ilə yadda qaldı.

“Football-plus.az” xəbər verir ki, “Arsenal”la “Mançester Siti” isə növbəti qələbəsini qazandı. Turnir cədvəlinin zirzəmisində də vəziyyətə aydınlıq gəlməkdədi. “Nyukasl”ın darmadağın etdiyi “Şeffild Yunayted” gəldiyi mövsümdəcə premyer-liqa ilə vidalaşdı. “Brentford”u məğlub edən “Everton” sona 3 tur qalmış 18-ci pillədəki “Luton”la xal fərqini 11-ə çatdırdı və elitada yerini qorudu. Liverpul klubunun maliyyə pozuntusuna görə 8 xaldan məhrum olunduğunu da xatırlayaq.

“Arsenal” çempionluq yarışını davam etdirir. “Topçular” “Tottenhem”lə ağır derbini qələbə ilə başa vurdu. İlk yarı tam onların tərəfində oldu. “Arsenal” topa az nəzarət etsə də, rəqibi əks-hücumlarda yaxaladı. Artetanın komandası artıq 15-ci dəqiqədə irəli çıxdı, 27-ci dəqiqədə fərqi artırdı, hissənin sonunda isə fərq darmadağın həddinə çatdı. “Mahmızlar”ın bitirici mərhələdə oyunu alınmırdı. Fasilədən sonra meydanda daha amansız mübarizə getdi, hər iki qapı önündə təhlükəli vəziyyətlər yarandı, “Arsenal” böyük ölçüdə üstünlüyü qorumaq üçün oynadı. Və az qala “topçular” buna görə cəzalanacaqdı. Qapıçı Rayyanın səhvindən sonra Romero intriqanı bərpa etdi. Oyunun sonunda isə Son penaltidən fərqi minimuma endirdi. Son dəqiqələrdə hücum dalğası quran “Tottenhem” hesabı bərabərləşdirə bilmədi. “Mahmızlar”ın ilk “4-lük”də yer almaq perspektivi azaldı.

“Arsenal”dan bir neçə saat sonra meydana çıxan “Mançester Siti” müəyyən təzyiq altında olsa da, autsayder “Nottingem Forest”in öhdəsindən gələ bildi. “Meşəçilər” ilk 30 dəqiqədə daha maraqlı oyun göstərdi. Bu üzdən Qvardiolun vurduğu qol məntiqəuyğun deyildi. Meydan sahibləri 2-ci hissədə də Orteqanın (Ederson fasilədən sonra zədə üzündən əvəzləndi) qapısı önündə təhlükəli vəziyyətlər yaratmağa davam etdi. Hər şey bərabərlik qolunun vurulacağından xəbər verirdi. Sadəcə, hansısa gözəgörünməz uğur ilahəsi yenə Qvardiolanın komandasının üzünə güldü. Baş məşqçinin meydana lazımi anda buraxdığı Holann 2-ci qolu vurmaqla intriqanı oldürdü. MS “Arsenal”dan cəmi 1 xal geri qalır, üstəlik ehtiyatda bir oyunu da var. Amma “meşəçilər”lə oyun xeyli sual doğurdu.

“Liverpul” çempionatdakı son 5 oyunun dördündə xal itirib. Amma məhz “Vest Hem”lə oyunda büdrəmə Kloppun komandasını “qızıl”a iddialılar sırasından çıxardı. Hərçənd “qırmızılar” bu oyunda daha artığına ümid edə bilərdi. “Liverpul” ilk yarıda oyun baxımından rəqibə uduzmadı. Fasilə ərəfəsində komandalar hərəyə bir təhlükəli vəziyyət yaratdı. Diasın zərbəsi dirəkdən döndüsə, “çəkicdöyənlər”dən Bouen künc zərbəsindən sonra hesabı açdı. Fasilə qonaqların işinə yaradı. Klopp paltardəyişmə otağında futbolçularını silkələdi. Artıq 48-ci dəqiqədə Robertson hesabı bərabərləşdirdi. Topa total nəzarət edən mersisaydlılar tezliklə irəli çıxdı. Qonaqlara da künc zərbəsi uğur gətirdi, Qakponun zərbəsindən sonra bir neçə futbolçudan səkən top tora düşdü. Avtoqolu qapıçının adına yazdılar. “Liverpul” oyunun taleyini həll edə bilərdi, ancaq 4 dəqiqə ərzində üç təhlükəli vəziyyət boşa verildi. Londonlular belə bədxərcliyə görə qonaqları cəzalandırdı – Antonio bərabərliyi bərpa etdi. Yalnız bundan sonra Klopp ilk dəyişiklikləri həyata keçirdi. Hücumu yeniləyən qonaqlar qələbə qazana bilərdi. Ancaq Elliott tiri “nişan aldı”. Bu heç-heçə qətiyyən “Liverpul”u razıl salmadı. “Qırmızılar” artıq “Arsenal”dan 5, “Mançester Siti”dən itirilməyən xallara görə 7 xal geri qalır.

“Mançester Yunayted” yenə azarkeşlərini məyus etdi. “Qırmızı şeytanlar” bu dəfə evdə elitada qalmaq uğrunda mübarizə aparan “Bernli”ni məğlub edə bilmədi. Çox baxımlı alınan oyunun gedişində təşəbbüs tez-tez tərəflərin birindən o birinə keçirdi. Rəqiblər bir-birinin qapısı önündə müntəzəm təhlükəli vəziyyətlər yaradırdılar, ancaq Onana ilə Muriçin etibarlı oyunu sayəsində “Old Trafford”un tablosunda uzun müddət 0:0 hesabı yandı. Nəhayət, sona yaxın meydan sahibləri hesabı aça bildi. Bergenin səhvindən yararlanan Antoni mövsümdə ilk qolunu vurdu. Ancaq mankunianlar hesabı qorumağı bacarmadı. Sona 3 dəqiqə qalmış Onana penaltiyə səbəbkar oldu. Amduni “Bernli”ni məğlubiyyətdən qurtardı. Heç-heçə, çox güman, tərəflərdən heç birini razı salmadı. Ten Haqın komandası son 6 çempionat oyununun yalnız birində qələbə qazanıb. 6-cı pillədə qalan MY “Nyukasl”ın xal fərqini 1-ə endirməsinə şərait yaratdı. “Qırmızı şeytanlar” 4-cü yerin sahibi kimi ÇL-ə vəsiqə qazanmaq şansını da itirdi. “Bernli” isə öz növbəsində “Nottingem Forest”lə “Luton”a yaxınlaşsa da, 19-cu pilləni tərk edə bilmədi.
Turun mərkəzi oyunlarından birində “Aston Villa” 2 topluq üstünlüyü əldən verdi. “Çelsi” ilə qarşılaşmanın ilk yarısı Emerinin komandası üçün çox uğurlu alındı. Artıq 4-cü dəqiqədə Kukurelyanın avtoqolu “şirlər”i irəli çıxardı. Hesabda önə keçən birmingemlilər “2 nömrə” kimi oynamağa və sürətli hücumlara bel bağlamağa başladı. Hissənin sonunda qonaqlardan Cekson dirəyi “nişan aldısa”, topu qapının yaxın “6-lığ”ına göndərən Rocers “Villa”nın üstünlüyünü möhkəmlətdi. 2-ci hissədə oyunun axarı tam dəyişdi. London nəhəngi daha iti hücumlar qurmağa başladı. 62-ci dəqiqədə Madueke qollardan birinin əvəzini çıxdı, 81-ci dəqiqədə isə Qallaher uzaq “9-luğ”a zərbə ilə Ulseni təslim olmağa məcbur etdi. Poçettinonun komandası xarakter göstərib məğlubiyyətdən qaçdı.

Daha bir London derbisi – “Fulhem” – “Kristal Pelas” qarşılaşması da “sülh”lə bitdi. “Bornmut” isə “Brayton”u darmadağın etdi.

35-ci tur
Tottenhem – Arsenal 2:3
Romero, 64. Son Hın Min, 87-p. – Heybyerq, 15-öz qapısına. Saka, 27. Haverts, 38. (61554)
Tottenhem: Vikario, Porro, Romero, Van de Ven, Devis (Lo Çelso, 88), Heybyerq (Bissuma, 64), Bentankur (Sarr, 46), Kulusevski, Meddison (Rişarlison, 64), Verner (Conson, 31), Son Hın Min.
Arsenal: Rayya, Uayt, Saliba, Qabriel, Tomiyasu, Edeqor (Kivyor, 89), Parti, Rays, Saka, Haverts, Trossar (Martinelli, 63).
Nottingem Forest – Mançester Siti 0:2
Qvardiol, 32. Holann, 71. (29677)
MS: Ederson (Orteqa, 46), Uoker, Akanci, Ake, Qvardiol, Rodri, Dokyu (Kovaçiç, 46), B.Silva, De Bruyne (Nunyeş, 89), Qriliş (Holann, 62), Alvares (Bobb, 89).
Vest Hem – Liverpul 2:2
Bouen, 43. Antonio, 77 – Robertson, 48. Areolya, 65-öz qapısına. (62474)
Liverpul: Alisson, Aleksander-Arnold (Qomes, 79), Kuansa (Soboslai, 90+1), Van Diyk, Robertson, Makallister, Endo (Nunyes, 79), Qravenberx, Elliott, Qakpo, Dias (Salah, 79).
Mançester Yunayted – Bernli 1:1
Antoni, 79 – Amduni, 87-p.
MY: Onana, Van-Bissaka, Kazemiro, Maquayr, Dalot, Maynu (Maktominey, 65/Maunt, 90+2), Eriksen (Amrabat, 81), Antoni, Fernandeş, Qarnaço, Heylunn (Dyallo, 65).
Aston Villa – Çelsi 2:2
Kukurelya, 4-öz qapısına. Rocers, 42 – Madueke, 62. Qallaher, 81. (42354)
Çelsi: Petroviç, Çaloba, Silva (Disasi, 90), Badyaşil, Kukurelya, Kaysedo, Qallaher, Madueke, Palmer, Mudrik (Kazadei, 90), Cekson.
Vulverhempton – Luton 2:1
Hi Çan Hvan, 39. Toti, 50 - Morris, 81.
Nyukasl – Şeffild Yunayted 5:1
İsak, 26; 61-p. Gimarayns, 54. Osborn, 65-öz qapısına. Uilson, 72 – Ahmedhociç, 5. (52196)
Fulhem – Kristal Pelas 1:1
Muniz, 53 – Şlupp, 87.
Everton – Brentford 1:0
Geye, 60. (39098)
Bornmut – Brayton 3:0
Senesi, 13. Ünal, 51. Klyuvert, 87. (11188)
1. Arsenal 35 25 5 5 85-26 80
2. Mançester S. 34 24 7 3 82-32 79
3. Liverpul 35 22 9 4 77-36 75
4. Aston Villa 35 20 7 8 73-52 67
5. Tottenhem 33 18 6 9 65-52 60
6. Mançester Y.34 16 6 12 52-51 54
7. Nyukasl 34 16 5 13 74-55 53
8. Vest Hem 35 13 10 12 56-65 49
9. Çelsi 33 13 9 11 63-59 48
10. Bornmut 35 13 9 13 52-60 48
11. Vulverhempton 35 13 7 15 48-55 46
12. Brayton 34 11 11 12 52-57 44
13. Fulhem 35 12 7 16 51-55 43
14. Kristal Pelas 35 10 10 15 45-57 40
15. Everton (-8) 35 12 8 15 37-48 36
16. Brentford 35 9 8 18 52-60 35
17. Nottingem F. (-4) 35 7 9 19 42-62 26
18. Luton 35 6 7 22 48-77 25
19. Bernli 35 5 9 21 38-70 24
20. Şeffild Y. 35 3 7 25 34-97 16
Bombardirlər: Holann (MS) - 21, Palmer (Çelsi) - 20, Uotkins (Aston Villa), İsak (Nyukasl) - 19, Solanke (Bornmut) – 18, Salah (Liverpul) – 17.
Növbəti turun oyunları mayın 3-6-sı aralığında keçiriləcək: Luton – Everton, Arsenal – Bornmut, Bernli – Nyukasl, Brayton – Aston Villa, Brentford – Fulhem, Şeffild Yunayted – Nottingem Forest, Mançester Siti – Vulverhempton, Çelsi – Vest Hem, Liverpul – Tottenhem, Kristal Pelas – Mançester Yunayted.

Turun rəqəmi
100 – Mikel Arteta “Arsenal”ın “sükanı arxasındakı” qələbələrinin sayını bu həddə çatdırdı. Bunun üçün ona 169 oyun lazım gəldi. Yalnız 4 mütəxəssis 100 qələbəni daha az oyunda qazanıb. Bunlar Pep Qvardiola (134), Joze Mourinyo (142), Yürgen Klopp (159) və Aleks Ferqyusondu (162).

Turun ulduzu
Kay Haverts (Arsenal) – yenə komandasına lazımi nəticəni qazanmaqda yardım etdi. Qol vurdu, məhsuldar ötürmə verdi, bütün hücumların təşkilinə yardım göstərdi.

Turun sitatı
Roy Kin, MY-nin sabiq yarımmüdafiəçisi:
“MS qalib gəlməyin yollarını bilir. Ehtiyat oyunçular skamyası ilə bağlı yaxşı variantları var. Oyunun əvvəlində həyəcanlandım. Mənə maraqlı idi ki, səhvə yol verəcəklərmi? İndi isə düşünürəm ki, MS bütün qalan oyunlarda qalib gələcək”.


Faktlar
* De Bruyne “Nottingem Forest”lə oyunda iki məhsuldar ötürmə verdi. MS-nin belçikalı ulduzu bir premyer-liqa oyununda bunu 18-ci dəfə bacardı. Bu isə İngiltərə çempionatının rekordudu.
* Qvardiola MS-nin baş məşqçisi kimi premyer-liqadakı 300-cü oyununu keçirdi. Yalnız 4 mütəxəssis bir komandanı bundan daha artıq oyuna çıxarıb. Bu göstəricidə Arsen Venger (Arsenal) 828 oyunla liderdi. Aleks Ferqyuson MY-ni 810, Devid Moyes “Everton”u 427, Yürgen Klopp “Liverpul”u 331 oyuna çıxarıb. Qvardiola 300 oyunun 221-də qalib gəlib (41 heç-heçə, 38 məğlubiyyət) ki, bu da rekorddu. Mourinyo ilk 33 oyunun 189-dan qələbə ilə ayrılmışdı.

Reaksiyalar
Yürgen Klopp, “Liverpul”un baş məşqçisi:
“Əlbəttə, çox məyusam. Düşünürəm ki, hamınız hansı komandanın qələbəyə layiq olduğunu gördüz. Bu, ağır oyun idi, ancaq oyunçularım işinin öhdəsindən yaxşı gəldi. Heç nədən qol buraxdlq. Salahla münaqişə? Biz bu məsələni paltardəyişmə otağında müzakirə etdik, vəssalam. Çempionluq yarışına gəlincə, bu haqda danışmaq həvəsim yoxdu. Yenidən uşaqları hazırlamağa, yola çıxmağa çalışacağıq”.


Erik ten Haq, MY-nin baş məşqçisi:
“Oyuna yaxşı başladıq, çoxlu qol vəziyyəti yaratdıq, ancaq 2-ci hissədə hadisələrin axarına nəzarəti itirdik. “Bernli” oyuna döndü, imkanlar yaratdı. 2-ci hissə tam bizim üstünlüyümüz şəraitində keçdi. Qələbəni əldən verdik. Belə olmamalıdı. Özümüzə problem yaradırıq. Güzgüyə baxmalıyıq. Məsuliyyəti öz boynumuza götürməliyik”.


Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:
“İlk yarıda mütəşəkkil oynadıq. 2-ci hissəyə də yaxşı başladıq, 4-cü qolu da vura bilərdik. Ardından fərdi səhv baş verdi, oyun canlandı. Yenə də adi bir səhvdən sonra 2-ci qolu buraxdıq. Sonradan bizə dua etmək qaldı. Rəqib bütün qüvvə ilə irəli atıldı. Romero son 25-30 dəqiqədə hücumçu kimi oynadı. Böyük qələbələr qazanmaq üçün belə sınaqlardan keçmək lazımdı. Çox razıyam, bu gün qürurlanmaq üçün əsasımız var, ümid edirəm ki, azarkeşlərimiz bu qələbədən ləzzət alacaq”.


Anje Postekoğlu, “Tottenhem”in baş məşqçisi:
“Rəqibə zaman və məkab verirsənsə, səni cəzalandıra bilər. “Arsenal” ilk yarıda qapıya 4 zərbə vurdu, üçü qol vurdu. Bu da “Arsenal”ın xidmətidi, yaxşı komandadı. Rəqib belə detallara münasibətdə çox diqqətlidi”.


Xosep Qvardiola, MS-nin baş məşqçisi:
“Çətin oyun idi. Rəqib cəsarətli oynadı, sürətli və keyfiyyətli oyunçuları var. İndi bərpa üçün bir həftə vaxtımız var. Bernardo Silva mərkəzə keçəndən sonra oyunun axarı dəyişdi”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
185
1
Mənbələr
Şərh ()
Bağla