AZ

Əsas hədəf:Yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq   

Çin-Azərbaycan münasibətlərinin yeni istiqamətlər üzrə  inkişafı ölkəmizin xarici siyasətinin dəyişməz prinsiplərinə bir daha işıq salır

Dövlət başçısı İlham Əliyevin daim vurğuladığı kimi, xarici siyasətimiz  milli maraqlarımıza əsaslanır. Tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir. Yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində olan ölkəmizin inkişaf strategiyası gələcəyə  daha inamla baxmağa əsas verir. Xarici siyasətimizin dəyişməz prinsipləri uğurlarımızın davamlılığında əhəmiyyətli rol oynayır. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr quran Azərbaycanın ikitərəfli, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişaf səviyyəsi göz qabağındadır. Möhkəm təməl, qarşılıqlı etimad üzərində qurulan  əlaqələr tarixi Zəfərimizdən ötən üç ildən artıq dövrdə yeni istiqamətlər üzrə sürətlə inkişaf etməkdə, əməkdaşlığın gələcək inkişafına öz töhfəsini verəcək addımlar atılmaqda, mühüm sənədlər imzalanmaqdadır.

Azərbaycan ölkələr arasında əlaqələrin inkişafında qarşılıqlı etimad mühitinin qorunmasına və inkişaf etdirilməsinə xüsusi diqqət göstərir. Bu isə öz növbəsində əməkdaşlıqda yeni prioritetlərin müəyyənləşdirilməsinə və uğurlu inkişafına yol açır. Azərbaycan tarixi Zəfərindən, eyni zamanda, ötən ilin sentyabrında suverenliyini tam bərpa etməsindən sonra yeni dövrə qədəm qoyub. Bu dövrün öz hədəfləri vardır. Dövlət başçısı İlham Əliyev bu ilin fevralın 7-də ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərindən sonra andiçmə mərasimində Azərbaycanın ayrı-ayrı sahələrdə qazandığı uğurlardan, onların fonunda qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərdən bəhs etdi. Bu mühüm məqam xüsusi qeyd edildi ki, güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir: «Çünki xarici siyasət, - bunu hamı bilir, - daxili siyasətin davamıdır. Ona görə bundan sonra da xarici siyasətimiz çox aydın olacaq, açıq olacaq və bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi.»  Prezident İlham Əliyev belə bir çağırışı səsləndirdi ki, biz, ümumiyyətlə, bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq: «Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir.»

    Bu gün Azərbaycan-Çin münasibətləri diqqətdən kənarda qalmır. Onu da qeyd edək ki, Çin ilə  Azərbaycan  arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur. Çin dünyanın ən böyük dövlətlərindən biridir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan  Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Çin Xalq Respublikası olub. Çin 1991-ci ildə Azərbaycanın  müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildə  qurulub. 1992-ci ilin avqust ayında Çinin  Azərbaycanda səfirliyi açılıb. İki ölkə  rəsmilərinin  qarşılıqlı səfərləri diplomatik əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir. 

   Mərkəzi və Şərqi Asiyada böyük bir dövlət olan Çin tarixin bütün mərhələlərində dünyada öz yeri, mövqeyi və təsiri olan ölkə kimi diqqəti cəlb etmişdir. Onunla Azərbaycan arasında mədəni əlaqələrin tarixi qədimlərə təsadüf edir. Aralarında məsafə uzaqlığına baxmayaraq hər iki ölkənin mədəni münasibətlərinin təşəkkülü eramızdan əvvəllərə gedib çıxır.

Azərbaycan-Çin mədəni əlaqələrinin tarixi mənzərəsinə nəzər saldıqda Sovet dövründə bu əlaqələrin xüsusi bir ardıcıllıqla həyata keçirildiyinin şahidi oluruq. Bu, ilk növbədə, onunla əlaqədar idi ki, əvvəlki tarixi dövrlərdən fərqli olaraq Çinlə mədəni əlaqələrin aparılması Sovet dövlətinin xüsusi siyasəti çərçivəsində həyata keçirilirdi. Bu əlaqələr ikitərəfli əməkdaşlıq kontekstində reallaşdırılırdı. Azərbaycan da SSRİ-nin tərkib hissəsi kimi ümumdövlət siyasətindən çıxış edərək Çinlə mədəni əməkdaşlıq aparırdı.  İndiki mərhələdə Çin Xalq Respublikası böyük potensiala malik olaraq, ən müasir texnologiyalar tətbiq edərək yüksək sürətlə tərəqqi edir. Bu gün Çin Milli Neft Korporasiyası, ümumilikdə Çin şirkətləri Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənilməsində fəal iştirak edirlər. Bu sahəyə böyük sərmayə qoyurlar. Çin şirkətlərinin neft layihələrində iştirakı ilə Azərbaycanda neft hasilatı artır. Azərbaycan isə rəsmi Pekinlə sıx siyasi və iqtisadi münasibətlər qurmuş ölkələr sırasındadır.

   Göründüyü kimi, əlaqələrin inkişafında iqtisadi amil əsas rol oynayır. Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması bu əlaqələrin inkişafında öz sözünü deyir. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan bu gün qaz, elektrik enerjisi ixracatçısına çevrilib. Hazırkı dövrün əsas çağırışlarından biri  bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Azərbaycanın bu sahədə malik olduğu potensial beynəlxalq səviyyədə təqdir edilir. Hazırkı dövrdə Azərbaycanın diqqətdə dayanmasını şərtləndirən mühüm məqam bu il COP29-a ev sahibliyi etməsidir. Yeni yaranan imkanlar Azərbaycan-Çin əlaqələrinin  inkişafında da öz sözünü deyir. 

     Çin və Azərbaycan arasında strateji tərəfdaşlığın formalaşmasında
Azərbaycan Prezident ilə Çin Xalq Respublikası  Sədrinin şəxsi dostluq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Çin Xalq Respublikasının Sədri Si Cinpin Çin və Azərbaycanı ənənəvi dost tərəfdaşlar kimi dəyərləndirir.  Günümüzün reallıqları fonunda bu əminlik ifadə edilir ki,  Çin-Azərbaycan münasibətləri çox yaxşı və sabit inkişaf edir, siyasi qarşılıqlı etimad daim möhkəmlənir, müxtəlif sahələrdə əməkdaşlıq müvəffəqiyyətlə irəliləyir. İkitərəfli əlaqələrin geniş gündəliyi, əməkdaşlığın çox aydın perspektivləri var. Cənab İlham Əliyev daim iki ölkənin ikitərəfli əlaqələrdə qazandığı  nailiyyətləri çox uzun bir yolun başlanğıcı kimi dəyərləndirir. Bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda  ölkələrimizin  bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış etdiyini görürük. Tərəflər arasındakı əlaqələr çoxşaxəlidir. Siyasi, iqtisadi münasibətlər, o cümlədən təhlükəsizlik nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir.  Çin-Azərbaycan münasibətlərinin inkişafında nəqliyyat-logistika əməkdaşlığını xüsusi qeyd etmək istərdik. Azərbaycanın strateji imkanlarını artıran, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafını şərtləndirən, yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul verən amillərdən biri ölkəmizin regionun nəqliyyat, logistika mərkəzinə çevrilməsidir. Azərbaycan bölgədə nəqliyyat dəhlizlərinin yaradılması, müasir nəqliyyat infrastrukturunun formalaşması işində fəal rol oynayır. Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycandan keçir.

   Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvüdür. Bu səbəbdən də   Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyir. Azərbaycan özündən şimalda və cənubda yerləşən ölkələrə bu layihəyə qoşulmaq üçün imkanlar yaradır. «Bir kəmər, bir yol» layihəsi də daxil olmaqla həyata keçirilən birgə layihələr, nəqliyyat dəhlizləri və Azərbaycanın tranzit imkanları bu əməkdaşlığın daha da möhkəmləndirilməsində stimulverici amildir.  Çindən Türkiyəyə, Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarını nəzərdə tutan, Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün tərkib hissəsi olan TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ikitərəfli əməkdaşlıqda əhəmiyyətli yer tutur. Çinin artıq super dövlət olmasını, dünyanın siyasi və iqtisadi mərkəzinə çevrilməsini nəzərə alsaq bu gün yüksələn xətlə inkişaf edən Azərbaycan-Çin münasibətləri ölkəmizin də dünya siyasətində böyük rola malik olduğunu nümayiş etdirir. Ölkəmiz öz strateji tərəfdaşlarını düzgün seçir.

   Çin Azərbaycanın Cənubi Qafqazdakı rolunu, yerləşdiyi coğrafi məkanın əlaqələrin inkişafına geniş imkanlar açdığını təqdir edir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ölkələr, xalqlar arasında dostluq körpüsü rolunu oynayır. Regionla çərçivədə başlayan bu əməkdaşlığın coğrafiyası artıq genişlənir. İqtisadi əhəmiyyətinə görə enerji layihələrindən geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın tranzit imkanlarını daha da artırır. Reallıq budur ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan, gəlir gətirən layihələr həm də başqa ölkələrin iqtisadi inkişafı üçün əlavə imkanlar yaradır. Uzunmüddətli investisiyalara gəldikdə əsas məqsəd elə bir infrastrukturun yaradılmasıdır ki, o, uzun zaman ərzində fəaliyyət göstərsin və həm ölkəni, həm də dünyanın ölkəyə münasibətini dəyişmiş olsun. Çünki bu infrastruktur layihələri olmadan Azərbaycanın coğrafi mövqeyinin bir o qədər də böyük mənası yoxdur.  Cənab İlham Əliyevin qeyd etdiyi kimi, biz ölkələri və insanları birləşdirməyə nail olmuşuq. Nəqliyyatla bağlı infrastruktur layihələri regionumuzda tamamilə yeni siyasi vəziyyət yaradır. Bir-birindən asılı olan ölkələr: biri tranzit ölkəsindən asılıdır, digəri tranzit ölkəsi olur, əlbəttə ki, onlar arasında daha yaxın münasibətlər yaranır. Onlar faydaları paylaşır, onlar bütün tərəflərin uduzmadığı bir vəziyyət tapa bilir.

Azərbaycanla Çin arasında etimad mühitinin mövcudluğu əlaqələrin dövrün çağırışlarına uyğun olaraq yüksələn xətlə inkişafına stimul verir.  Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, ölkələrimiz arasında əlaqələrin inkişaf göstəricilərindən biri ticarət dövriyyəsinin artırılmasıdır.  Azərbaycan regionda  Çinin əsas ticarət tərəfdaşıdır. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi ildən-ilə artır.

Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan xarici siyasətində qarşılıqlı hörmət və maraqlar prinsipinə xüsusi önəm verir. Çinin iqtisadi və texnoloji inkişafını nəzərə alsaq əlaqələrimizdə bu mühüm məqamın rolunu xüsusi qeyd etməliyik. Azərbaycan Çinin alternativ enerji sahəsində qabaqcıl təcrübəsindən və texnologiyasından yararlanmaq istəyir. Azərbaycanın öz investisiya cəlbediciliyini,  sabitliyi və normal iqtisadi mühitin  qoruması, möhkəmləndirməsi ölkəmizə investisiya axınının sürətləndirilməsində  öz sözünü deyir. Bu statistik rəqəm özündə bütün məqamları ehtiva edir. Son 20 ildə ölkə iqtisadiyyatına  310 milyard dollar investisiya yatırılıb ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Xarici investisiyaların həcmi artmaqdadır. Azərbaycan-Çin əlaqələrinin inkişafı ölkə iqtisadiyyatına yatırılan investisiyalarda da özünün aydın ifadəsini tapacaq. «Yaşıl enerji»yə keçid dövründə Çinin günəş panelləri və elektrik mühərrikli avtomobil istehsalında dünya lideri olması faktı Azərbaycanın bu ölkə ilə təcrübə mübadiləsi aparmasını aktuallaşdırır. Çinin hazırkı reallıqları bunu deməyə əsas verir ki, dünyanın ikinci ən böyük iqtisadiyyatı sürətlə inkişaf  edir. «Acwa Power» şirkətinin yaşıl  enerji ilə bağlı  Azərbaycanda qurduğu  stansiyanın texniki təminatının Çin şirkətləri tərəfindən həyata keçirilməsi də ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.

Ölkələrimiz arasında əlaqələrin yeni istiqamətlər üzrə inkişafı hazırda Azərbaycan və Çin mediasında geniş müzakirə olunmaqdadır.  Onu da qeyd edək ki, Çin Kommunist Partiyasının rəsmi nəşrlərindən olan “Global Times” qəzeti Azərbaycan-Çin münasibətlərini “Dostluğun qızıl standartı” hesab edir.

Yeganə Əliyeva, "İki sahil"

Seçilən
189
50
Mənbələr
Şərh ()
Bağla