AZ

“Krokus terroru” Moskvanın Orta Asiya ölkələri ilə əlaqələrinə böyük zərbə vurdu...

Image

Təbriz Musayev: “Miqrantların axını dayansa, bu, Rusiya iqtisadiyyatı üçün fəlakət olacaq”

Moskva yaxınlığındakı Crocus City Hall konsert zalındakı terror aktının məsuliyyətinin Orta Asiyadan olan miqrantların üzərinə atılmasından sonra Qırğızıstanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını mümkünsə Rusiyaya səfərlərini təxirə salmağı və bu ölkəyə səfər edərkən həmişə bütün lazımi sənədləri özləri ilə aparmağı tövsiyə edib. 

Özbəkistanın hakimiyyət orqanları da Rusiyada qalan və ya ora getməyi planlaşdıran bütün ölkə vətəndaşları üçün oxşar tövsiyə verib.

O da məlum olub ki, Türkmənistan paytaxtından Moskvaya uçmağa çalışan bir çox sərnişinin təyyarəyə minmələrinə icazə verilməyib. Məlum terror aktı Rusiyada, xüsusən də müsəlman Orta Asiya ölkələrindən olan işçilərə qarşı anti-immiqrant əhval-ruhiyyəsinin artmasına səbəb olub. Biri Qırğızıstandan, qalanları isə Tacikistandan olmaqla, 7 şübhəli tutularaq istintaq təcridxanasına yerləşdirilib. 

Məlum məsələdir ki, bütün bunlar Mərkəzi Asiya ölkələrindən Rusiyaya miqrant axınına mənfi təsir göstərəcək. Söhbət taciklərdən, qırğızlardan, özbəklərdən və türkmənlərdən gedir. Ehtimallar var ki, onlar bundan sonra daha çox Türkiyəyə, Körfəz ölkələrinə, Cənubi Koreyaya axın edəcəklər. Bu da iki istiqamət üzrə nəticələr doğura bilər. Birincisi, Rusiyada işçi qüvvəsinə tələbat daha da artacaq və əmək qüvvəsi çatışmazlığı yarana bilər. İkincisi, bu, Mərkəzi Asiya ölkələri ilə Rusiyanın arasında münasibətlərin soyumasına təsir edəcəkmi? O cümlədən, Mərkəzi Asiyada Qərbin fəallaşmaq cəhdlərinin yeni mərhələsini doğura bilərmi? Yəni bu ona gətirib çıxara bilərmi ki, Orta Asiyadan Rusiyaya miqrant axını azalsın və onlar əsasən digər yaxın region ölkələrinə getsinlər? Ümumən, sadalanan iki istiqamətdə nə kimi perspektivlər gözlənilir?

“Onlara qarşı pis münasibət səngiməsə, bu, Orta Asiya ölkələri ilə Moskvanın münasibətlərini pisləşdirəcək” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev baş verənlərə bir neçə prizmadan yanaşdı: “Əvvəla, Rusiyanın miqrantlara ciddi ehtiyacı var. Miqrantlara ehtiyacları olmasa onları ölkələrinə buraxmazlar. Məsələ ondadır ki, Rusiya dünyada ərazisinin böyüklüyünə görə birinci olsa da, əhali sayı buna adekvat deyil. Orada ucsuz-bucaqsız ərazilər var ki, əhali yaşamır. Hələ Ukrayna ilə müharibə başlamazdan əvvəl Rusiya əhalisi azalırdı və hətta Putin səviyyəsində ölkənin ciddi demoqrafik problemlə üzləşdiyi bəyan edilib. Müharibədən əvvəl hər il 1 milyondan çox Rusiya əhalisi azalırdı. Bütün bunlara baxmayaraq, Rusiyada miqrantlarla bağlı qanunvericilik getdikcə daha da sərtləşdirilir. Məlum terror aktı Rusiyada miqrantlara münasibətdə şovinizm əhvl-ruhiyəsini daha da gücləndirib. Üstəlik, Rusiyanın müvafiq qurumları bundan sui-istifadə edirlər. Miqrantları yerli-yersiz incidirlər. Halbuki, Orta Asiyanın 3 ölkəsi Rusiyanın yaratdığı KTMT-də, Avrasiya İqtisadi İttifaqında təmsil olunur. Əminliklə deyirəm ki, Orta Asiya miqrantlarının axını dayansa, bu, Rusiya iqtisadiyyatı üçün fəlakət olacaq. Onsuz da sanksiyalar səbəbindən iqtisadi vəziyyət yaxşı deyil. Götürək elə tacikləri. Taciklər Rusiyada ən çətin, ləyaqəti aşağılayan işləri görürlər. Özü də çox ucuz qiymətə. Niyə? Çünki buna məcburdular. Tacikistanın zəngin faydalı qazıntıları olsa da, Orta Asiyanın ən kasıb ölkəsidir. Ölkəyə sərmayə qoyuluşu əsasən Çinə məxsusdur. Miqrantlara qarşı pis münasibət səngiməsə, bu, Orta Asiya ölkələri ilə Rusiyanın münasibətlərini pisləşdirəcək. Bu da Qərbin işinə yarayacaq. Çünki bir sıra Qərb dövlətləri bu ölkələrin sərvətlərinə yiyələnmək üçün son illər fəallıqlarını artırıblar. Üstəlik, həm Rusiya, həm Qərb üçün əsas rəqiblərdən biri də Çindir. Çin əvvəl bu ölkələrə sərmayə qoyuluşunu artırır, sonra bundan istifadə edərək yumşaq güc siyasətini həyata keçirir. Xüsusən də Çinin Tacikistan və Qırğızıstanda iqtisadi təsiri artmaqdadır. Orta Asiya miqrantları baş verənlərlə əlaqədar digər regionlara üz tutacaqlar, amma düşünmürəm ki, bu, onların vəziyyətini daha da yaxşılaşdıracaq. Çünki digər ölkələrdə miqrantlara münasibət müxtəlifdir”.

Vidadi ORDAHALLI





phrase_var_article.chosen
47
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close