AZ

Bölgənin bu günü və gələcəyi üçün təhlükə mənbəyi

Nikol Paşinyan sülh müqaviləsini imzalamaq istəyir, ancaq…

Ermənistan hələ də region üçün təhlükə mənbəyi olaraq qalır. Bunun bir sıra səbəbləri var. Belə ki, ilk növbədə bu ölkənin müstəqillik haqqında konstitusiya aktında və mövcud konstitusiyasında qonşulara ərazi iddiaları mövcuddur. Bundan başqa, Fransa, Hindistan və İranla şəffaf olmayan hərbi sahədə əməkdaşlıq, Azərbaycanla sərhədyanı bölgəyə Avropa İttifaqı mülki müşahidə missiyasının yerləşdirilməsi, Azərbaycanın 8 kəndinin hələ də işğal altında saxlanılması, rəsmi İrəvanın delimitasiya, demarkasiya və sülh sazişi ilə bağlı əməli addımlar atmaqdan daha çox siyasi manipulyasiya etməsi də yeni müharibə riskini artırır. Digər narahatedici məqam isə aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistan rəsmilərinin planlaşdırdıqları görüşdə müzakirə ediləcək anti-Azərbaycan paktıdır.

Düzdür, bu gün Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsini imzalamağa meyilli görünür. Lakin Fransa kimi neokolonist bir ölkənin mövcud hakimiyyəti onun siyasi iradəsinə təsir edərək sözügedən müqavilənin imzalanmasından kənarlaşdırır. Nikol Paşinyanın digər mühüm addımı ləğv olunmuş qondarma «dqr»-in Ermənistandakı fəaliyyətinə imkan verməməsidir. Paşinyan ölkəsinin təhlükəsizliyi ilə bağlı martın 28-də hökumətin iclasında bildirib ki, rəsmi İrəvan hər hansı mühacir «Dağlıq Qarabağ hökuməti»ni tanımır. O, deyib ki, Azərbaycanın Qarabağ bölgəsini tərk edən bəzi dairələr Ermənistanın milli təhlükəsizliyini təhdid edən addımlar atırlar: «Açıq şəkildə bildirmək istəyirəm ki, Ermənistanda yeganə hökumət var və bu salonda oturub. Xarici qüvvələrin müəyyən dairələrdən istifadə edərək Ermənistanın təhlükəsizliyinə təhdid yaratmamaları üçün uyğun tədbirlər görülməlidir». Təbii ki, o, bunu Azərbaycan dövlətinin gücündən qorxaraq edir.

Bu gün Nikol Paşinyanın ölkəsində qeytinqi aşağıdır. Lakin Ermənistan cəmiyyətində lider və şəxsiyyət qıtlığı yarandığı üçün hələlik onu əvəzləyəcək ciddi bir siyasətçi də gözə dəymir. Nikolun «unikallığı» ondadır ki, Ermənistan dövlətinin atributlarını və konstitusiyasını da dəyişməyə girişib. Məsələn, o, 2021-ci il martın 1-də bəyan edib ki, konstitusiya dəyişikliyi etmək, yarımprezident üsul- idarəsinə qayıtmaq lazımdır. Həmçinin dövlətin atributu sayılan gerbi tənqid edərək onun 1991-ci ildə qurulan respublika ilə heç bir əlaqəsi olmadığını bildirib.

Təbii ki, indiki məqamda baş naziri konstitusiya dəyişikliklərinə məcbur edən ciddi səbəblər də var. Belə ki, Ermənistan konstitusiyasında Azərbaycanla sülh müqaviləsinin imzalanmasına mane olan maddələr mövcuddur. Məsələn, Ermənistanın Müstəqillik Bəyannaməsi və ölkə konstitusiyası Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında 1989-cu il 1 dekabr tarixli deklarasiyaya əsaslanır. Bu isə hələ də Ermənistan konstitusiyasından müharibə və qan iyinin gəldiyinə dəlalət edir.

Azərbaycan dövləti isə haqlı olaraq sülh üçün bu maddələrin ləğv edilməsini bir şərt kimi irəli sürür. Ona görə də Qarabağı Azərbaycanın ərazisi kimi tanıyan və bunu dəfələrlə müxtəlif beynəlxalq tədbirlərdə, Ermənistan parlamentində etiraf edən Nikol Paşinyanın konstitusiyada dəyişiklik etməsi qaçılmaz prosesdir.

Bundan başqa, ehtimal edilir ki, Nikol Paşinyanın təklif etdiyi yeni konstitusiya dəyişiklikləri sayəsində kilsə ilə də münasibətlərə aydınlıq gətiriləcək. Vurğulamaq lazımdır ki, hazırda hakimiyyətlə kilsə arasında ciddi fikir ayrılıqları mövcuddur. Hətta erməni kilsəsinin Paşinyanın devrilməsinə çalışması barədə açıq və gizli məlumatlar da var. Kilsə konkret olaraq ölkəsinin İkinci Qarabağ müharibəsindəki məğlubiyyətinin və qondarma «dqr»in ləğv edilməsinin günahını Paşinyan hakimiyyətində görür.

Məhz bunun nəticəsidir ki, bütün ermənilərin katalikosu II Qaregin müxtəlif dövrlərdə xalqı hakimiyyətə qarşı üsyana da səsləyərək, hətta ölkəsində siyasi dəyişikliklərin zəruriliyindən danışıb. Bu səbəbdən də yeni konstitusiya dəyişikliyi kilsənin erməni cəmiyyətindəki nüfuzunu və rolunu zəiflətməyə hesablanıb.

Siyasi analitiklərin fikrincə, Ermənistandakı konstitusiya dəyişiklikləri Paşinyan hakimiyyətini gücləndirəcək ki, bu da onun rəqibləri ilə ciddi haqq-hesab çəkməsinə imkan yaradacaq. Xüsusilə 2008-ci ilin mart hadisələri zamanı Koçaryan tərəfindən həbsə atılan Paşinyanın dəvə kini fışqıracaq ki, bu da həm Robert Koçaryan, həm də Serjik Sarkisyan üçün çətin olacaq.

Həmçinin vurğulamaq lazımdır ki, artıq son bir neçə ildə erməni tacirlər və sahibkarlar Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsinin açılmasını tələb edirlər. Lakin bunun üçün Ermənistan konstitusiyasında Türkiyəyə qarşı ərazi iddialarından və qondarma «erməni soyqırımı» məsələsindən vaz keçilməlidir. Təbii ki, rəsmi İrəvanın yaxın qonşusu Türkiyə ilə normal münasibətlər qurmağının yolu Azərbaycanla sülh müqaviləsini imzalamaqdan keçir.

Elçin Zaman, «İki sahil»

Seçilən
217
50
Mənbələr
Şərh ()
Bağla