AZ

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” -ŞƏRH

Müasir

Bakı, 29 mart, AZƏRTAC

Azərbaycan dəfələrlə Ermənistana nəinki sülh əlini uzatdı, həm də idarəçiliyini möhkəmləndirmək, o cümlədən qanunun aliliyini gücləndirərək təkcə öz cəmiyyətini deyil, məhz bütün regionu düşünmək üçün onun ehtiyaclarına cavab verən hesabatlı və effektiv siyasi dilemmaya cavab olaraq praqmatik kompromis yolları təklif etdi. Təkliflərin isə hər biri havada qaldı. Proseslərin inkişaf ssenarisi, Ermənistanın hərbiləşdirilməsi ondan xəbər verir ki, onun dövlət kimi legitimliyi göyə sovrulacaq. Fakt odur ki, doymaq bilməyən “ağbaş qartal” şikar axtarışındadır, ona görə də caynaqlarını indi Cənubi Qafqaza, onun resurslarına keçirmək niyyətindədir. Merkantilistlər belə düşünürlər ki, hətta müharibələr də qiymətlidir. Odur ki, müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir”. Bu gün Ermənistan əlverişsiz siyasət balansını doldurmaqdan ötrü regionu bu dağıdıcı siyasətlə “təmin etməklə” Avropa və ABŞ merkantilistlərinin ən gözəl arzularını həyata keçirir.

Bu fikirləri politoloq Şəbnəm Həsənova AZƏRTAC-a açıqlamasında səsləndirib.

Politoloq bildirib ki, Qərb öz maraqları üçün Ermənistandan əlverişli və ya ən yaxşı hesab etdiyi tərzdə istifadə etməklə kifayətlənmir, həm də əvəzində ilkin olaraq iki ayla başlanılsa da, Azərbaycanın heç bir razılığı olmadan sonradan Kanadanın da AİEM-ə qoşulması ilə ona de-fakto NATO missiyası xüsusiyyəti verməyə çalışır. “Demokrat” Qərb insanların seçimini tanımır, onların dinc, sülh və təhlükəsizlik şəraitində yaşamaq meyillərinə belə qarşı çıxır, bilərəkdən mane olur. Çünki bu, onların liberal dəyərlər povestlərinə ziddir. İndi də Ermənistanın arxasına Ukraynanı yarı yolda qoyan Qərb “qüdrəti”ni qoymaq istəyirlər. Beynəlxalq hüquq, suverenlik, ərazi bütövlüyü - bu qəbildən olan bütün terminlər yalnız ABŞ üçün əlverişli olduqda əhəmiyyət daşıyır. Pambıqla baş kəsən, azərbaycanlıların heçə sayılmasına göz yuman Qərb dairələri, onun QHT-ləri və ayrı-ayrı şəxsləri, öz maddi maraqlarını təmin etmək istiqamətində NATO-nun keçmiş Baş katibi statusundan sui-istifadə edən Anders Foq Rasmussen də daxil olmaqla, bütün qüvvələr tərəfindən müxtəlif absurd tezislər üzərindən, “humanitar fəlakət” bəhanəsi ilə Azərbaycana qarşı təzyiq, qarayaxma kampaniyası aparılsa da, ölkəmizdə və ondan kənarda qeyri-leqal yollarla maliyyələşdirdikləri informasiya resurslarını gücləndirsələr də, təhlükəsizliyimizin və birliyimizin qarantı olan dövlətimizə və onun başçısına xalqımızın güclü inamı və dəstəyi mövcuddur. Ona görə bu faktı bir daha vurğuladıq ki, xaricdən olduğu qədər, daxildən də bizi laxlatmağa çalışan qüvvələrə aman verilməyəcək, hətta ən sərt üz göstəriləcək. Qarabağa səfərlər, “binokl diplomatiyası” və ondan boylanmaq planları yenə nəticəsiz qalacaq.

Mütləq qeyd olunmalıdır ki, “humanitar fəlakət” çağırışları belə manipulyativ, ikiüzlüdür. “Ədalət gətirmək” adı ilə ABŞ-ın İraqa “humanitar müdaxilə” ssenarisi də mülki vətəndaşların ayrı-seçkilik etmədən öldürülməsi, işgəncə otaqları və insan hüquqlarının geniş şəkildə pozulması ilə nəticələndi. Avropa və ABŞ azərbaycanlılara qarşı münasibətdə də beynəlxalq hüquq kimi bir şeyin mövcud olduğunu etiraf etməlidir. Bir tərəfdən Vaşinqton azadlığın, demokratiyanın, insan haqlarının və digər cəmiyyətlərin daxili işlərinə qarışmamağın tərəfdarı kimi çıxış edirdi, digər tərəfdən ABŞ liderləri qanlı tiranları sanki qanuni “azad dünya” fiqurları kimi açıq şəkildə tərifləyirdilər.

ABŞ siyasəti həmişə layiqli qurban, ləyaqətsiz qurban sistemi üzərindən işləyib ki, bu sistem demək olar heç vaxt qurbanları xilas etməkdən ibarət olmayıb. Humanitarizm, demokratiya ən yaxşı halda hərəkət, ən pis halda isə manipulyasiya üçün açıq şəkildə təklif olunan başaldadıcı əsaslandırmadır, nadir hallarda isə heç olmasa, əsas motivasiyadır. Ermənistan ABŞ-ın maraqları ilə ortaq bir coğrafiyanı paylaşan qurbana çevrilir. Odur ki, beynəlxalq hüququn özü də məhz ABŞ üçün əlverişli olduğu müddətdə Ermənistanın tərəfindədir.

Heç bir dövlət öz xarici siyasətində tam ardıcıl ola bilməz. İkili standartların qarşısını almaq mümkün deyil və ya heç olmasa, həyati əhəmiyyət kəsb edən milli maraqlara böyük zərər vermədən qarşısını almaq olmaz. Lakin siyasətçilər təsadüfi də olsa ikiüzlülüklə məşğul olmamalıdırlar. Bu cür davranış etibarı sarsıdır və xarici əhali arasında lazımsız düşmənlər yaradır. Nikol Paşinyan mövcud durumunu nəzərə alaraq həm də bu məsələ üzərində dərindən düşünüməlidir. Ermənistanın xarici siyasətdə ikili standartlardan istifadə etməkdə həddən artıq azğınlıq və bu cür sinizm nümayiş etdirməsi hər zaman yüksək “qiymət” hesabına ödənilib.

Ş.Həsənova diqqətə çatdırıb ki, ABŞ və Avropa regionumuzu xaos, yoxsulluq, səfillik və təhlükə mərkəzinə çevirməyi hədəfləyir. Azərbaycan isə prosesləri sistemli və kompleks şəkildə göz önündə tutaraq məqsədlərinə çatmaq istiqamətində əzmlə irəliləyir. Azərbaycana təzyiqin, sadəcə, sərt deyil, yumşaq formada da aparılması davam edir. Həqiqət odur ki, zaman keçdikcə Vaşinqtonda, bütövlükdə Qərbdə xarici ölkələrlə məşğul olmaq üçün siyasi iradə adətən zəifləyir. Onun zəifləməsi isə heç nə ilə deyil, məhz ənənəvi insan təbiətinə zidd olan mənfi meyillərin normallaşması, normalaşdırılması ilə bağlıdır.

Vurğulanıb ki, Ermənistanı inkişaf tarixində sivilizasiya vektoru kimi təqdim edənlər onu fəlakətə sürükləyirlər. Bu gedişlə onun dövlət kimi legitimliyini itirib əyalətə keçmə prosesini məhz özləri sürətləndirəcəklər. Kosovo variantı “suya düşən” ABŞ-ın uzunmüddətli səylərinin dönüş nöqtəsində indi də Ermənistan dayanır. Ermənistan vasitədir, hədəf Rusiyadır. 1980-ci illərdə azərbaycanlıların sürgün edilməsi, soyqırımı da daxil olmaqla SSRİ-yə qarşı münasibətdə də, siyasətdə də Qərbdəki erməni lobbisinin Qərblə müttəfiqliyi fonunda “erməni üslubu” vasitəsilə İttifaqın dağıdılması variantı seçildi. Tarixi və siyasi ədəbiyyatlarda SSRİ-nin dağılması ilə bağlı tarixi hadisələrdə ermənilərin rolu mövzusu dəfələrlə qaldırılıb. O fikir də dəfələrlə səsləndirilib ki, Qarabağ hərəkatı ilə birliyi “sarsıdan” məhz ermənilər olub. Qısacası, Sovet İttifaqının dağılması tarixi yarım səhifəlik erməni amilinə sığır. Odur ki, planın konturları yenilənsə də, hər halda ümumi eskiz eynidir.

“Azərbaycanın qüdrətlənməsi, tarixi torpaqlarını işğaldan azad etməsi “Vudro Vilson planı” – “böyük Ermənistan” da daxil olmaqla, ABŞ və Avropanın planlarına fundamental zərbə oldu. Buna görədir ki, beynəlxalq münasibətlər diskurslarında gündəmə yeni planlar gətirilir.

Proseslərə isə hərtərəfli və hər tərəfdən baxmaq lazımdır. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın “Ərazilər, o cümlədən anklavlar məsələsinin Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində həll edilməlidir” fikrinin aprelin 5-də keçiriləcək ABŞ-Aİ-Ermənistan görüşü öncəsi səsləndirilməsi də təsadüf deyil. Rusiyanın əlində olan unikal kartoqrafik materialların mövcudluğunun xatırladılması, özünü doğrultmuş əsaslı mexanizmin ünvanının bir daha göstərilməsi də nəinki yəqin, həm də aydın edir ki, görüşə qədər də, ondan sonra da Rusiya bu məsələdə güzəştə getmək, boşluq yaratmaq niyyətində deyil.

Ukrayna ilə bağlı iplər, düyünlər haqqında aydın təsəvvür formalaşdırdığından Kiyev ssenarisinin ikinci cəbhənin açılaraq indi də Qafqaz səhnəsində oynanılması planlarını yaxşı bilir və görürük. Ermənistanı revanşa hazırlaşdıran qüvvələr Azərbaycana və bütün regiona, bütövlükdə sülhə və təhlükəsizliyə qarşı çıxaraq faktiki olaraq hərbi pakt yaradırlar.

Bütün bu meyillər fonunda analoji prinsiplərin də Ermənistan ilə Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının açılmasına da aid edilməsi, ilkin mərhələdə dörd kəndin, daha sonra isə üç və ən əsası, birinin azad olunması ilə regional aktorların gücünü maksimum şəkildə regiona yönəltdiklərinin, bu gedişlə bundan sonra da regiondan kənardakı qüvvələrə heç bir şans verməyəcəklərinin şahidiyik”, - deyə politoloq əlavə edib.

Seçilən
150
50
Mənbələr
Şərh ()
Bağla