AZ

Xəbərdarlıqlara, cəmiyyətdən gələn etirazlara qeyri-ciddi münasibət

Təəssüf ki, bir sıra televiziya kanallarına dövlət səviyyəsində edilən xəbərdarlığın ciddi nəticələri hələ də ortada yoxdur. Necə deyərlər eyni tas və hamam...

 

ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərlərinin Prezident Administrasiyasına dəvət olunmasından, onlara efirləri zəbt etmiş biabırçı verilişlər barədə tapşırıqlar verilməsindən sonra cəmiyyət ciddi dəyişikliklərin yaşanacağına böyük ümidlə baxırdı. Ancaq ötən zaman kəsiyində müşahidə edilənlər televiziyaların baş qatmaqla məşğul olduğunu deməyə əsas verir. Televiziyalar belə bir görüntü yaradırlar ki, edilən xəbərdarlığa uyğun olaraq, dəyişikliklərə başlayıblar. Amma reallıq budur ki, Zaurun, Xoşqədəmin, Elgizin və başqalarının “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi” kimi ictimai narazılıq və narahatlıq doğuran verilişlərində ciddi nəsə dəyişməyib. Telekanallar hələ ki, bu qəbildən olan verilışlərin efir vaxtının dəyişdirilməsi və saatının müəyyən qədər qısaldılmasından o yana keçə bilməyib. Cəmiyyətdə narahatlıq yaradan mövzular, ekspertlər yenə də efirlərii zəbt edib.

 

Efir vaxtının qısaldılmasına ilkin reaksiya kimi yanaşmaq, bunun ardının gələcəyini düşünmək olardı. Fəqət ATV kanalının timsalında şahidi olduqlarımız fərqli mənzərə yaradır və bunu digər kanalların da başqa formada təkrarlayacağına heç bir zəmanət yoxdur.

 

ATV kanalı nə edib? Bütün xəbərdarlıqlara, cəmiyyətdən gələn sərt etirazlara saymazyana, qeyri-ciddi münasibətin nadir nümunələrindən birini gerçəkləşdirib. Kanal “Bizimləsən” verilişinin vaxtını azaldandan sonra aparıcı Zaur Baxşəliyev belə bir açıqlama ilə çıxış edib ki, bəs övladlarına vaxt ayırmaq istəyir, rəhbərlik də bunu bilir, dəfələrlə bu barədə söhbətləri olub, bundan sonra 16:30-dan 19:00-a qədər efirdə olacaq və s. Yəni Zaur demək istəyib ki, məsələnin narazılıqlarla, edilən xəbərdarlıqla heç bir əlaqəsi yoxdur. Bunun cəmiyyətə qarşı hörmətsiz, vecsiz və ərköyün bir davranış olduğunu Zaurun 4 saatlıq efir vaxtının yerinə hansı verilişin açılması faktı da birmənalı şəkildə isbatlayır. Azaldılan efir kimə verilsə yaxşıdır, Zaurun həyat yoldaşı, aparıcı Günay Baxşəliyevaya! Kəsilmiş efir vaxtının yerinə çıxan verilişin arxasından yenə Zaur boylanacaq. Həftəiçi 5 gün, saat 15:00-da “Günaylı gün” verilişi izləyiciləri "maarifləndirəcək", ardınca Zaur “Bizimləsən” proqramı ilə bu missiyanı davam etdirəcək. Əgər məsələnin kökündə Zaur demişkən, övladlara da vaxt ayırmaq dayanırdısa azaldılmış efir vaxtı ilə bağlı tam fəqrli qərar verilməli idi. Eyni efir vaxtı bir ailə arasında bölüşdürülməməli idi ki, onlar uşaqları ilə də vaxt keçirtməklə bağlı uzun vaxtdı ATV rəhbərliyi ilə apardığı danışıqlardan müsbət nəticə əldə edə bilsinlər...

 

Burada söhbət heç də fərdlərdən getmir. Mövzu, mahiyyət dəyişməyəcəksə, Zaurun yerinə Məmməd gəlsə nə olacaq ki?! Söhbət ATV kimi oturuşmuş kanalın baş verənlərə bu dərəcədə qeyri-ciddi formada yanaşmasından gedir. Bu, həm də edilən narazılıqları, xəbərdarlıqları nümayişkəranə şəkildə qulaq ardına vurmaqdır. Cəmiyyətdə gedən geniş müzakirələrdən sonra ATV kanalı düşünüb-daşınıb, sonda Zaura təslim olmaqdan o yana gedə bilməyibsə, deməyə söz qalmır...

 

Olmazdımı ki, kifayət qədər resursları, kadr potensialı olan ATV azaltdığı efir vaxtının yerinə başqa bir maarifləndirici veriliş açaydı? Bununla da ilkin addımda ən azından nəsə etmiş olduğunu nümayiş etdirərdi.

 

Televiziyalar məsələnin ciddiyətini anlamalıdırlar, “istəmirsiniz baxmayın” kimi heç bir çərçıvəyə sığmayan mövqedən əl çəkməlidirlər. Cəmiyyətin nüfuzlu simalarının, mütləq əksəriyyətin mətbuatda, sosial şəbəkələrdə etdikləri narazılıqlara, dövlət səviyyəsində edilən müdaxiləyə biganə qalmaq yaxşı nəsə vəd etmir. Əgər məsələ bu həddə çatıbsa, yəni dövlət belə bu işə qarışmaq məcburiyyətində qalıbsa, televiziyalar, xüsusilə ATV reallığın gözünə dik baxmağı bacarmalıdır. Reallıq isə budur-cəmiyyət narazı, dövlət narazı.

 

Kifayət qədər gəlir və şəraitə malik telekanalların, bu narazılığın ciddi siqnal olduğunu anlaması üçün başqa nə baş verməlidir? Belə çıxmırmı ki, elə kanalların bu şəkildə qeyri-ciddi yanaşması məsələnin xoş olmayan məcraya doğru getməsini, qanunauyğun şəkildə sanksiyaların tətbiq edilməsini, hətta məsələnin telekanalların fəaliyyətinin məhdudlaşdırılmasına qədər irəliləməsini şərtləndirə bilər...

 

Elman Babayev

Seçilən
198
36
Mənbələr
Şərh ()
Bağla