AZ

“Made in Azerbaijan” dərmanları nə vaxt brend olacaq?

Ölkəmizdə fəaliyyətə başlayan bütün əczaçılıq şirkətləri qarşılarına kifayət qədər böyük hədəf qoyublar

Bir neçə gün əvvəl Azərbaycanda olan Belarus prezidenti Aleksandr Lukaşenko maraqlı təklif irəli sürüb. O, Azərbaycana birgə əczaçılıq müəssisələri yaratmağı təklif edib: "Əczaçılıq məhsullarına gəlincə, biz hətta sabah belə, sizə lazım olan dərmanların tədarükünə başlamağa və Belarusda istehsal edə biləcəyimiz dərmanlar və baytarlıq preparatları üçün burada birgə istehsal yaratmağa hazırıq. Bu da çox böyük proqramdır. Bu, Azərbaycanda heç kimin işləməsinə mane olmayan proqramdır. Biz bu zaman burada heç kimlə rəqabət aparmırıq. Baxmayaraq ki, bu sahədə rəqabət olmalıdır".

Azərbaycanın dərman təminatında idxaldan asılılığı az qala 100 faiz təşkil edir. Baxmayaraq ki, son 10 il ərzində dəfələrlə İran, Türkiyə, Rusiya və digər ölkələrin iri əczaçılıq şirkətləri ilə Azərbaycanda istehsal müəssisələrinin yaradılmasına dair danışıqlar aparılıb, razılaşmalar əldə olunub, bu sahədə irəliyə doğru ciddi addımların atıldığını söyləmək mümkün deyil. Belə ki, hələ də ölkənin dərman preparatları ilə təminatında yerli istehsalın payı 1 faizə belə çatmır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-aprel aylarında pərakəndə ticarət nöqtələrindən əhali tərəfindən 401,9 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar alıb. Həmin dövrdə  yerli dərman istehsalının dəyəri 3 milyon 824,6 min manat təşkil edib. Bu, 2023-cü ilin dörd ayındakı istehsaldan 6,4 faiz çox olsa da, tələbatın təmini baxımından dəryada damlaya bənzəyir. 

Rəsmi statistikaya görə, bu ilin dörd ayında ölkədə 1 milyon ədəd tibbi maska istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur. 

Maraqlıdır ki, dörd ayda Azərbaycandan xaricə 2 milyon 24.55 min dollarlıq əczaçılıq məhsulları ixrac edilib.

Lakin həmin dövrdə eyni məhsulların idxalının dəyəri 168 milyon 488.15 min dollara bərabər olub. Ötən ilin eyni dövründə ixrac 12 milyon 319.24 min dollar, idxal isə  237 milyon 908.03 min dollar təşkil etmişdi. İllik ifadədə ixrac 6 dəfə, idxal isə 29,2 faiz azalıb. İdxal həm dəyər, həm də miqdar ifadəsində azalıb. Ötən ilin dörd ayında xaricdən 10 994.20 ton əczaçılıq məhsulu alınmışdısa, bu ilin eyni dövründə  9 274.02 ton alınıb. Ötən il 1 ton əczaçılıq məhsulunun idxalına 21 639,4 dollar, bu il isə 18167,8 dollar xərc çəkilib.  Əczaçılıq məhsullarının idxal dəyərində 16 faiz ucuzlaşma olsa da, Azərbaycanda dərman preparatlarının qiymətində əks proses gedib. Bu isə idxaldakı inhisarçılıqdan irəli gəlir. 

Bir çox mütəxəssislər hesab edirlər ki, Azərbaycanda əsas dərman preparatlarının istehsalı qurularsa, dərman bazarında rəqabət mühiti formalaşar, bu isə qiymətlərin əsassız bahalaşmasının qarşısını alar. Yerli istehsalın daxili bazarı ən azı 50 faiz təmin etməsi lazımdır ki, idxalla rəqabət mümkün olsun. Yuxarıda qeyd etdiyimiz rəsmi rəqəmlər göstərir ki, daxili bazarı 50 faiz səviyyəsində təmin edəcək istehsal çox çətin hədəfdir...

Qeyd edək ki, 2016-cı ildə yaradılan Pirallahı Sənaye Parkı sırf əczaçılıq məhsulları istehsalına ayrılıb. Pirallahı SP-nin hazırda 6 rezidenti var, cəmi ikisi məhsul istehsal edir. İqtisadi Zonaların İnkişafı Agentliyindən “Yeni Müsavat”a verilən məlumata görə, parkın rezidenti olan Türkiyə-Azərbaycan birgə müəssisəsi olan “Gen Pharma Caucasus Manufacturing Operations” MMC tərəfindən Sənaye Parkının ərazisində yüksək keyfiyyətli 42 ad altında müxtəlif doza və qablaşdırma olmaqla ümumilikdə 7 növdə (tablet, kapsul, jelatin kapsul, toz suspenziya, sirop və s.) dərman məhsulunun istehsalı həyata keçiriləcək.

 “Medtest” MMC şirkəti tərəfindən Sənaye Parkının ərazisində “Qanda şəkəri təyin edən cihaz (qlukometr) və striplər istehsalı layihəsi” həyata keçiriləcək. “AzMedPlant” MMC-də birdəfəlik üçkomponentli şprislərin istehsalı həyata keçiriləcək. “Supreme Pharmatech Azerbaijan” MMC isə bioloji aktiv qida əlavələrinin və dərman vasitələrinin istehsalını təşkil edəcək.

Pirallahıda fəaliyyət göstərən “Diamed” MMC artıq bir neçə ildir şpris və tibbi maska istehsal edir. 

Rusiya ilə birlikdə yaradılan “R-Pharm” MMC 2019-cu ildən istehsala başlayıb. Müəssisə Almaniya, İtaliya və digər Avropa texnologiyaları əsasında onkologiya, HİV/QİÇS, əsəb, ürək-damar, əzələ skelet və tənəffüs sistemi, diabet dərmanları, antibiotik, antivirus, ishal və qusma əleyhinə dərmanlar, həmçinin rentgen və kontrast agentləri üçün əlavələr istehsal etmək niyyətindədir. Müəssisənin illik istehsal gücünün 250 milyon ədəd həb və kapsul təşkil etdiyi bildirilir.

Müəssisənin investisiya dəyəri 16 milyon dollara yaxındır, hazırda 45 işçisi var. Müəssisə fəaliyyətə başlayandan bu günədək 15,7 milyon manatlıq satış həyata keçirilib.

Dərman istehsalı ilə məşğul olan daha bir şirkət “AzərFarm LTD”dir. Saytlarında qeyd olunur ki, şirkətdə müxtəlif farmakoloji qruplardan olan 70-ə yaxın dərman preparatları istehsal olunur.

Pirallahı Sənaye Parkından kənarda fəaliyyət göstərən “Parla Pharmaceuticals” 2019-cu ildə fəaliyyətə başlayıb. Şirkətin saytında onun Azərbaycanın ilk elmi əsaslı əczaçılıq şirkəti olduğu qeyd edilir. Şirkətin istehsal etdiyi 11 növ dərman vasitəsi artıq satışdadır. “Parla Pharmaceuticals”ın direktoru Araş Nosrati Heravi mətbuata bildirib ki, şirkət ixrac fəaliyyəti ilə bağlı da danışıqlar aparır və yaxın zamanda “Made in Azerbaijan” brendi altında ilk dəfə olaraq dərman vasitələrinin ixracını həyata keçirəcək. Şirkətin fəaliyyətinin tam olaraq dərman vasitələrinin hazırlanması üçün elmi-tədqiqat işlərindən, yüksək texnologiyalı dərman vasitələrinin yerli istehsalı və Azərbaycanda satışı ilə bərabər digər xarici ölkələrə ixracından ibarət olacaq. Şirkət həmçinin antibiotik, uroloji, şəkərli diabetin müalicəsində istifadə olunan, göbələk əleyhinə, iltihab əleyhinə, ağrıkəsici preparatların və insan boy hormonunun istehsalını həyata keçirir. Tezliklə insulinlərin, hematologiya, onkologiya və başqa terapevtik sahələrdə də bir sıra digər molekulların istehsalına başlayacağı gözlənilir: "Yaxın üç il ərzində "Parla Pharmaceuticals" 400-dən çox molekulun tam istehsalını həyata keçirəcək. Hədəfimiz 2030-cu ilin sonunadək qeyri-neft sektorunda Azərbaycanın ən böyük ixracatçılarından biri olmaqdır. Bu isə öz növbəsində ölkəmiz üçün daha çox iş yerləri, daha çox maliyyə dövriyyəsi və vergi deməkdir. “Parla Pharmaceuticals" eyni zamanda elmi əsaslı farmakologiya, biologiya, biotexnologiya, mühəndislik sahəsində təhsil və bilik səviyyəsinin artırılmasına da töhfə vermiş olacaq. Bu, Azərbaycana daha çox investisiya cəlb edəcək və Azərbaycan bayrağını bütün dünyada qabaqcıl əczaçılıq istehsalçısı kimi dalğalandıracaq".

Göründüyü kimi, Azərbaycanda fəaliyyətə başlayan bütün əczaçılıq şirkətləri qarşılarına kifayət qədər böyük hədəf qoyublar: qısa müddətdə daxili bazarı tam təmin edib, xaricə ixraca başlamaq. Lakin aydın məsələdir ki, Rusiya, Türkiyə, İran kimi əczaçılıq istehsalı sahəsində inkişaf etmiş sənayeyə malik ölkələrin olduğu regionda ixraca nail olmaq çox çətin işdir. 

Ölkənin məşhur aptek şəbəkələrində satıcılarla apardığımız söhbətdən aydın olur ki, yerli istehsal başlayandan xaricdən tibbi maska idxalı demək olar ki, tamamilə dayandırılıb. Eyni zamanda yerli antibiotik istehsalı başlanandan bir sıra antibiotiklərin idxalının da qarşısı alınıb. Artıq bir çox xəstəxanalarda yerli istehsal müəssisəsinin məhsulu olan antibiotiklərdən istifadə yoluna qoyulub. Buna baxmayaraq, diabet xəstələri yerli dərmanı almağa həvəs göstərmirlər.

Əczaçıların fikrincə, yerli antibiotiklər keyfiyyət baxımından Rusiya, Belarus, Ukrayna istehsalından heç də geri qalmırlar. Lakin onların əhali arasında tanıdılmasına ehtiyac var. 

Ekspertlərə görə, Azərbaycanda yüksək keyfiyyətli, ixrac qabiliyyətli dərman preparatlarının istehsalına nail olmaq üçün ilk növbədə elmi baza yaradılmalıdır. Yüksək ixtisaslı biologiya, kimya, tibb mütəxəssisləri prosesə cəlb edilməli, elmi tədqiqat işləri aparılmalı, müasir laboratoriyalar qurulmalıdır. Bütün dünyada dərman istehsalı xammal bazasının formalaşdırılması, dərmanların hazırlanmasından tutmuş müxtəlif canlılar üzərində elmi-praktik təcrübələrin həyata keçirilməsinə qədər bütün mərhələləri əhatə etməlidir. Azərbaycanda belə bazanın qısa müddətdə formalaşdırılması mümkün olmadığına digər ölkələrin təcrübəli şirkətləri ilə əməkdaşlıq formatına üstünlük verilməsi ən optimal variant hesab olunur. Nüfuzlu xarici əczaçılıq şirkətlərini ölkəyə cəlb etmək üçünsə əvvəla, rəqabətli, azad biznes mühiti, ikincisi, vergi və digər stimullaşdırıcı güzəştlər tətbiq olunmalı, üçüncüsü isə dərman preparatlarının pərakəndə satışında sağlam rəqabəti təmin etmək vacibdir. Uzun illərdən sonra Rəqabət Məcəlləsinin qəbul edilməsi bu sahədə dəyişikliklərin olacağına olan ümidləri artırır.

Digər bir amil xarici investorun Azərbaycanda rahat fəaliyyətini təmin edəcək azad məhkəmələrin olmasıdır. Son illərdə məhkəmə sistemində müəyyən islahatlar aparılsa da, hələlik Azərbaycanda biznesin güvəndiyi məhkəmələrin olduğunu söyləmək mümkün deyil. 

Dünya SAKİT,
“Yeni Müsavat”


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
1
musavat.com

10Mənbələr