AZ

Əsas ünvan Avropa olacaq

Dövlət başçısı İlham Əliyev bildirir ki, genişmiqyaslı yaşıl gündəliyimiz icra edilir və bir çox bərpaolunan külək, günəş enerjisi stansiyalarının inşa olunması qaza qənaət etmək imkanı yaradacaq

«Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Potensial kifayət qədər genişdir.» Dövlət başçısı İlham Əliyev bu günlərdə ölkəmizdə səfərdə olan Bolqarıstan Prezidenti Rumen Radev, həmçinin Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə mətbuata bəyanatlarında bu reallığa da diqqəti yönlətdi ki,  Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və  9-cu ölkə Slovakiya olacaq.

Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir. Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Cənab İlham Əliyev yuxarıda qeyd etdiyimiz mətbuata  birgə bəyanatlarında onu da qeyd etdi ki,  Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Planda 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi dayanıb və  buna nail olacağıq.  Azərbaycanda qaz hasilatı artır, yeni yataqlar kəşf olunur və o yataqlarda istismar artıq başlanıb. Eyni zamanda,  genişmiqyaslı yaşıl gündəlik icra edilir və bir çox bərpaolunan külək, günəş enerjisi stansiyalarının inşa olunması bizə qaza qənaət etmək imkanı yaradacaq. Qazın əsas istiqaməti və əsas ünvanı Avropa olacaq.

Reallıq budur ki, enerji təhlükəsizliyi məsələləri hazırda xüsusi əhəmiyyət daşıyır və dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra  da  təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun. Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı məhz etibarlı tərəfdaş kimi dəyərləndirir. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadə etməsi yeni-yeni enerji layihələrinin gündəmə gətirilməsinə və uğurlu sonluqla başa çatdırılmasına geniş yol açır. Əvvəlcə regional çərçivədə başlanan əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirdi, çoxtərəfli əlaqələrin qurulması üçün imkanlar yarandı. Bütün bu uğurların təməlində Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası dayanır. Ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi” Azərbaycanı dünyaya etibarlı tərəfdaş kimi təqdim etdi. Bu isə öz növbəsində 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanmasını şərtləndirdi. Müqavilənin vaxtının 2050-ci ilə qədər uzadılması özündə ölkəmizin bugününə və gələcəyinə olan inamı əks etdirir. Azərbaycanın ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafına diqqət yetirdikdə də bu məqam  özünü qabarıq şəkildə büruzə verir ki, münasibətlər strateji tərəfdaşlıqdan etibarlı tərəfdaşa doğru inkişaf edir. 

Azərbaycanın Avropa İttifaqı, eyni zamanda, bu beynəlxalq təşkilatın üzvü olan ölkələrlə əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi göz qabağındadır. Enerji təhlükəsizliyi məsələsi daim aktual mövzu olub və bu gün bu məsələnin prioritetliyi özünü daha aydın şəkildə büruzə verir. Əsas diqqət çəkən məqam tarixən neft ölkəsi olan Azərbaycanın bu gün qaz, həmçinin elektrik enerjisi  ixracatçısı kimi beynəlxalq aləmdə rolunu artırmasıdır. Azərbaycan qazının Avropaya nəqli 2020-ci ilin axırında Cənub Qaz Dəhlizinin sonuncu seqmentinin - TAP-ın işə düşməsi ilə başlayıb. Hazırda Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya Azərbaycan qazının alıcılarıdır. Bugünümüzün reallıqlarından da göründüyü kimi, yeni çağırışlar qarşısında Azərbaycan qazına tələbat artır.

Çoxtərəfli əməkdaşlığın başlanğıcı olan və nəzərdə tutulduğu vaxtda icrası başa çatan Cənub Qaz Dəhlizinin genişləndirilməsi hazırkı dövrün əsas çağırışları sırasındadır. Avropa İttifaqı rəsmiləri, eyni zamanda, quruma  üzv ölkələrin dövlət başçıları Cənub Qaz Dəhlizindən bəhs edərkən belə bir əminliyi də ifadə edirlər  ki, bu, ölkələr, şirkətlər və maliyyə institutları arasında olan yeni əməkdaşlıq təcrübəsi gələcək illər ərzində bir çox digər sahələri də əhatə edəcək. Cənub Qaz Dəhlizi sıx əməkdaşlıq baxımından bir körpüdür.  Bu gün bu format elə bir körpü rolunu oynayır ki, artıq onun tərkib hissəsini yaşıl enerji təşkil edir.

Cənub Qaz Dəhlizi  Avropanı daha da təhlükəsiz etdi. Avropanın ehtiyatlarını artırmaqda olduğu bir vaxtda, Cənub Qaz Dəhlizi heç şübhəsiz ki, Avropa İttifaqına boru kəməri ilə nəql edilən təbii qazın nadir və sabit mənbələrindən biri olmaqda davam edəcək. Avropaya Rusiyadan nəql edilən qaz payının 40 faizdən 8 faizə və tezliklə sıfra bərabər olacağını, yaşıl gündəlik və karbonsuzlaşma məsələlərinin olduqca aktual olduğunu nəzərə alaraq, Azərbaycan qazı və Xəzər hövzəsi birgə gələcək  üçün mühüm rol oynayır.

Göründüyü kimi, hər bir layihə əlaqələrin inkişafında, Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında iştirakına işıq salır. Azərbaycanı arzuolunan,  dost və strateji  tərəfdaş kimi dəyərləndirən Avropa təmsilçiləri  dünyanın enerji xəritəsini dəyişən və ölkəmizin iştirakçısı olduğu enerji layihələrini təqdir etdilər. 

Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyinə dəstəyini gücləndirir. Ölkəmiz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Azərbaycanın qarşıdakı dövr üçün hədəflərinə qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir. Azərbaycanın enerji resurslarına ehtiyacın hazırda heç vaxt olmadığı qədər böyük olduğu diqqətdən kənarda qalmır. Azərbaycanın dünyanın enerji bazarında yerinin, mövqeyinin möhkəmlənməsini tərəfdaş ölkələrin rəsmiləri də böyük məmnuniyyətlə etiraf edirlər. Ölkəmizin dünya enerji bazarında hasilatçı, tranzit ölkə kimi tanınması, Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təminatındakı rolunun artması göstərir ki, Xəzər dənizindən hasil olunan enerji ehtiyatları gələcəkdə də Avropa istehlakçıları üçün yeganə mənbə olacaq. Çünki Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi sahəsində çox önəmli, əvəzolunmaz layihədir.

Qeyd etdtyimiz kimi,  «yaşıl enerji» Azərbaycanın enerji siyasətinin mühüm hissəsinə çevrilib. 2024-cü ilin ölkəmizdə «Yaşıl dünya naminə həmrəylik ili» elan edilməsi də bunun bir daha təsdiqidir.  2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib. Ölkəmizin bərpaolunan enerji potensialı - quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur. Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Prezident İlham Əliyev bu hədəfi diqqətə çatdırır  ki, bütün Qarabağ zonası "yaşıl enerji" zonası olacaq. Dövlət başçısının Sərəncamı əsasında  təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» də beş Milli Prioritetdən biri  təmiz ətraf mühit və “yaşıl artım” ölkəsidir. Həmin müddəada qeyd edilir ki, qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir.  Bu məqam da önə çəkilir ki, strateji dövrdə qabaqcıl ölkələrdə alternativ və bərpaolunan enerji mənbələrindən istifadə xüsusilə daha çox artacaq. Bunu nəzərə alaraq, ölkədə enerjidən səmərəli istifadə edilməli və yeni dayanıqlı enerji mənbələrinə üstünlük verilməlidir. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi genişləndirilməli, elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin ilkin istehlakda payı artırılmaqla və iqlim dəyişikliklərinə təsir azaldılmalıdır.

Bu ilin mart ayında  Bakıda keçirilən  Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında dövlət başçısı İlham Əliyev Azərbaycanın ənənəvi enerji sahəsində qazandığı uğurlardan geniş bəhs edərək hazırkı dövrün bu reallığını da xüsusi qeyd etdi ki, Azərbaycan, həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak edir. Bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir. Bu layihələr arasında keçən ilin oktyabr ayında Azərbaycanda açılışını etdiyimiz ilk böyük Günəş Elektrik Stansiyası yer alır və bu stansiyanın gücü 230 meqavatdır. Bu stansiya bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən biri “Masdar” tərəfindən inşa olunub  və bu, yalnız başlanğıcdır. İmzalanmış müqavilələrə və Anlaşma memorandumlarına əsasən 2030-cu ilədək  5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisi istehsal etmək  planlaşdırılıb. Cənab İlham Əliyev bildirir: «Bizim əsas investorlarımız Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından olan “ACWA Power” şirkətləridir. Həmçinin digər ölkələrdən olan şirkətlər də bizimlə çalışır. Bizim bərpaolunan enerji ehtiyatları baxımından nəhəng pontensialımız var, istər Xəzər dənizində, istərsə də qurudakı potensial olsun… Əlbəttə ki, bərpaolunan enerji mənbələrimiz nə qədər çox olsa, indi elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qaza daha çox qənaət etmiş olacağıq. Bu da Cənub Qaz Dəhlizinə əlavə bir töhfə olacaqdır.»

Ölkə Prezidenti çıxışlarında bu məqamı da xüsusi qeyd edir ki,  indi qazıntı yanacağının bir növ yalnız problem yaradan bir məsələ olması meylini görürük. Biz ədalətli olmalıyıq və eyni zamanda, neft və təbii qaz ehtiyatları ilə zəngin olan ölkələrə münasibətdə ədalətli olmalıyıq. Bu ölkələrin günahı deyil ki, onlarda neft və qaz var. Onlar buna görə günahlandırılmamalı və onlara qarşı ayrı-seçkilik olmamalıdır. Qazıntı yanacağına malik olan ölkələrin fəaliyyəti onların ətraf mühitin müdafiəsi, yaşıl enerjiyə keçid məsələlərini necə həll etdikləri baxımından qiymətləndirilməlidir: «Yalnız bundan sonra, ədalətli təhlildən sonra bu ölkələr barədə mühakimə yürütmək olar. Əks təqdirdə, biz neft və qaz istehsal edən ölkələr və bu resurslara malik olmayan ölkələr arasında sanki ayırıcı xətlər görəcəyik.»

Yaşıl enerji sahəsində əməkdaşlığın qurulması istiqamətində atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Bu mühüm  sənədi qeyd etməklə Azərbaycana bu sahədə marağı görə bilərik.  2022-ci ilin dekabrında Rumıniyanın Buxarest şəhərində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması Azərbaycanın bu sahədə potensialının realizə olunmasını və dünyanın enerji bazarında əhəmiyyətli rolunun daha da yüksəlməsini şərtləndirir.

Onu da qeyd edək ki.   Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Konvensiyanın 12-ci maddəsinə uyğun olaraq inkişafda olan ölkə kimi Azərbaycan öz emissiyaları haqqında hesabatı hər dörd ildən bir Konvensiyanın Katibliyinə təqdim edir. Konvensiya ilə yanaşı, Azərbaycan Respublikası Paris Sazişini 2016-cı ildə ratifikasiya edərək qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması üzrə təşəbbüslərə özünün töhfəsi olaraq baza ili (1990) ilə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürüb. Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 2026-cı ilədək 24 faiz, 2030-cu ilədək isə 30 faizə çatdırılması “Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası”nda nəzərdə tutulub. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, həmçinin Naxçıvanın “yaşıl enerji zonası” elan edilməsi və bu istiqamətdə atılan addımlar beynəlxalq aləmdə, həmçinin inkişaf etmiş ölkələr ilə münasibətlərdə əlavə  stimul qazandıra bilər. Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra  azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.

Bütün bunlar hazırkı dövrün reallıqlarıdır. Azərbaycanın enerji diplomatiyasının uğurları biri-birini əvəzləməkdədir. Bu ilin noyabr ayında ölkəmiz mötəbər tədbirə- BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi edəcək. Bu mötəbər  tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eyni zamanda,  ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Hazırkı dövrdə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi əsas çağırışlar sırasındadır. Cari ilin ölkəmizdə «Yaşıl dünya naminə həmrəylik ili» elan edilməsi də bu məqsədə xidmət edir. COP29 yeni əməkdaşlıq formatlarının yaradılmasına yol açacaq. Ölkəmizin  COP29-a  ev sahibliyi etməsi üçün seçilməsi dövlətimizin başçısının növbəti  qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Bir sözlə, ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etməklə və bu mübarizəyə töhfələr verməklə dünyanın diqqət mərkəzində olacaq. Dövlət başçısı İlham Əliyev görülən hazırlıq işlərinin əsasında bu çağırışı edir: «Biz də əlimizdən gələni edirik ki, yaxşı nəticələr əlimizdə olsun.»

Yeganə Əliyeva, «İki sahil»

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
247
50
ikisahil.az

10Mənbələr