AZ

Xarici ticarət niyə azalıb? - ŞƏRH

“2024-cü ilin ilin yanvar-aprel aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 23,8 faiz azalaraq 13 milyard 633,4 milyon ABŞ dolları təşkil edib. Son bir ildə ölkə üzrə ixrac 35,1 faiz azalaraq 8 milyard 168,6 milyon ABŞ dolları, idxal isə 3,1 faiz artaraq 5 milyard 464,7 milyon ABŞ dolları təşkil edib. Xarici ticarətdə 2 milyard 703,8 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 2,7 dəfə azdır. İqtisadiyyatda makrosabitliyi təmin edən göstəricilərdən biri xarici ticarət dövriyyəsi, yəni, bunun həcmi, idxalın ixracdan və ya ixracın idxaldan üstün olması faktoru sayıldığından, tədiyyə balansı və valyuta bazarında vəziyyət məhz buna əsasən müəyyən olunur. Təəssüf ki, bu ilin geridə qalan ilk dörd ayı ərzində də sözügedən tendensiya davam edib”.



Bunu Bakupost.az -a iqtisadçı ekspert Pərviz Heydərov deyib.

O bildirib ki, xarici ticarət dövriyyəsində ixracın idxaldan üstünlüyü 63 faizdən az təşkil edib:

“Sual yaranır, xarici ticarət niyə enir, buna səbəb nədir? Qeyd oluna bilər ki, bu, neft-qaz sektoruna daxil məhsullar üzrə ixracın azalması ilə bağlıdır. Belə ki, xüsusən xam neft hasilatı üzrə ölkədə hasilatın davamlı olaraq enişi getdikcə hətta qlobal bazarlarda qiymətlər indikindən də yuxarı olduğu təqdirdə bunu sığortalaya bilməyəcək. Yəni, son vaxtlaradək dünya bazarlarında qiymət səviyyəsi hasilatın enməsinə görə valyuta ifadəsində itkilərimizi kompensasiya edə bilirdisə, getdikcə bu, mümkün olmayacaq. Ancaq iş bundadır ki, real səbəb, heç də bu deyil. Xarici ticarətimizin enməsi qeyri-neft-qaz sektoru üzrə ixracın azalması ilə əlaqədardır”.

Pərviz Heydərovun sözlərinə görə, neft-qaz sektoruna aid məhsulların ixracda payı yüksək olduğundan, onun azalmasına münasibətdə qeyri-neft-qaz sektoruna daxil məhsulların ixracda artması sürəti gərək daha yüksək olsun:

"Bu isə mümkün deyil, ən azı o səbəbdən ki, qeyri-neft-qaz sektoru üzrə bəlli birillik artım tempi, sürəti və imkanı mövcuddur. Hələ yaxşı ki, cari ilin birinci rübündə xarici ticarətin azalması həm də idxal üzrə baş verib. Yəni, idxal da azalıb. Əksinə olarsa, neft-qaz üzrə ixracın hasilatın enməkdə olması ilə əlaqədar azalmasıyla bərabər bu, dövriyyə üzrə müsbət saldonun daha tez əldən getməsi təhlükəsi yaradar”.

Sevinc,
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
1
bakupost.az

10Mənbələr