AZ

Azərbaycan tənqidi realizmi Təyyar Salamoğlu təfsirində...

Professor Təyyar Salamoğlunu 20 ildir ki, tanıyıram. Azərbaycan Dövlət Pedaqoji Universitetinin geniş, işıqlı auditoriyalarında, filologiya fakültəsinin sütunsuz, tağlı, divarları ədiblərimizin şəkilləri ilə bəzədilmiş koridorlarında tez-tez qarşılaşırıq. Nədənsə hər dəfə onunla qarşılaşında elə bilirəm üz-üzə gəldiyim o cüssəli, ucaboylu, bir qədər zəhmli,  bir o qədər də qayğılı görünən  professor Təyyar Salamoğlu yox,   İsmayıl Şıxlının “Dəli Kür” romanındakı Cahandar ağa, və yaxud Fərman Kərimzadənin “Qarlı aşrımında”kı Abbasqulu bəydir. Bu üç şəxsiyyət arasında bir bağlılığın olduğundan əminəm. Bəlkə də, onların milli düşüncə daşıyıcıları olmaları, bəlkə də görünüşcə oxşarlığı məndə belə bir fikir yaratmışdı.      Ötən 20 il ərzində heç bir zaman Təyyar müəllimlə bir tədbirdə, bir məclisdə olmamışdıq, lakin ədəbi cameədə, ətrafımızda ortaq tanıdığımız elm adamları həmkarlarımız vardı. Onların söhbətlərindən, tələbələrimizin dilindən Təyyar Salamoğlunun zəngin biliyə malik ədəbiyyatşünas alim olduğunu eşitmişdim. Xüsusilə, mərhum professor Əzizxan Tanrıverdi Təyyar müəllim haqqında ağızdolusu danışır, onunla “Dəli Kür”ün obrazları ilə bağlı mübahisələrindən söz açardı. Professor Əzizxan Tanrıveridi Təyyar müəllimdən danışanda çox arzulamışdım ki, onların elmi söhbətlərində iştirak edim, lakin qismət olmadı, Əzizxan müəllim vaxtsız dünyasını dəyişdi, Təyyar Salamoğlu ilə tez-tez qarşlaşsaq da, onunla hər hansı bir elmi diskusiyada iştirak edə bilmədim. Bir il öncəyə qədər. Maşınla uzaq səfərə çıxmışdım. Yolun uzunluğu gözümü qorxutmuşdu. Birdən radionu işə saldım. Azərbaycan radiosunda aparıcının “Sualım professor Təyyar Salamoğlunadır” cümləsində Təyyar müəllimin adı diqqətimi cəlb etdi. Mövzu Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı idi. Təyyar müəllim sualdan sonra danışmağa başladı. O danışdıqca heyranlıqla qulaq asır,  yolun sürətlə qısalmasının fərqinə varmırdım. Təyyar müəllim danışdıqca öyrənirdim. Öyrənirdim ki, İsmayıl Hikmət 1923-cü ildə Azərbaycan hökumətinin istəyi ilə Bakıya gəlmiş, Bakı Universitetində Türk ədəbiyyatı tarixi müəllimi işləmiş, 1924-cü ildə Bakı Universitetinin dekanı seçilmiş, 1927-ci ildə Bakı Universiteti Ali Şurasının qərarı ilə professor elmi dərəcəsi almış, “Azərbaycan ədəbiyyatı tarixi” adlı əsər yazmışdır. Bizə Ali məktəbdə Azərbaycan ədəbiyyatı tarixi məsələlərindən danışarkən müəllimlərimiz nədənsə, İsmayıl Hikmətin adını çəkməmişdilər. Sadəcə, bilirdik ki, F. Köçərli 1913-cü ildə “Azərbaycan ədəbiyyatı tarixi” adlı üçcildlik əsərini tamamlamış, ölümündən sonra 1925-ci ildə həmin əsərin I, 1926-cı ildə isə II hissəsi çap edilmişdir. Professor Təyyar Salamoğlunu  dinlədikcə özümü sanki ali məktəb auditoriyasında hiss edir, yolun bitdiyinin fərqinə varmadan çatdığım ünvanda maşının matorunu söndürüb sakitcə dinləyirdim. Azərbaycan radiosunda efir vaxtı bitdi. Həm verlişin bitməsinə, həm də o vaxta qədər Təyyar müəllimlə həmsöhbət olmadığıma təəssüf etdim. Əgər o vaxta qədər Təyyar Salamoğlunun auditoriyasında tələbə olsaydım, öyrənmiş olardım ki, Azərbaycan ədəbiyyatı tarixinin ən mükəmməl yaradıcılarından biri də İsmayıl Hikmətdir. Təyyar Salamoğlu Yadulla Dadaşlı ilə birlikdə böyük türk alimi İsmayıl Hikmətin vaxtilə Bakıda çap edilmiş iki cildlik “Azərbaycan ədəbiyyatı tarixi” kitabını transliterasiya edərək  yenidən nəşr etdirmişlər.

Bu hadisədən sonra Təyyar Salamoğlu ilə qarşılaşdıqda onunla bu mövzuda qısa söhbətimiz oldu, hətta Təyyar müəllim bizi İsmayıl Hikmətin iki cildlik “Azərbaycan ədəbiyyatı tarixi” kitabının təqdimatına da dəvət etdi.

Hər gün qarşılaşdığım professor Təyyar Salamoğlunu radioda dinləmək, onun elmi yaradıcılığı haqqında eşitmək nə qədər qürurverici bir hiss idisə, bir o qədər də düşündürücü idi. Təyyar müəllimin elmi yaradıcılığına yaxından bələd olmaq arzusu ilə ondan ədəbiyyatşünaslığa dair  yazdığı kitablarını istədim. O, böyük məmnuniyyətlə mənə dörd kitabını bağışladı: 2016-cı ildə nəşr olunmuş “Azərbaycan Ədəbiyyatı: Mübahisələr, həqiqətlər”, “Qarlı Aşrım”dan keçən yollar” , 2023-ci ildə nəşr olunmuş “Ədəbiyyat və siyasət” və 2018-ci ildə nəşr olunmuş “Azərbaycan tənqidi realizminin estetikası”. Sonuncu əsərin ön sözünün müəllifi və elmi redaktoru akademik İsa Həbibbəylidir. Bu əsərlərdən məhz sonuncusunda Təyyar müəllimin “Hörmətli həmkarım və dostum Bəhram müəllimə dərin ehtiramla müəllifdən” şəklində yazılmış avtoqrafı var.

Avtoqraf, əsərin adındakı tənqidi realizm və estetika sözləri diqqətimi cəlb etdiyindən ilk bu əsəri oxumağa başladım. Estetika yunancadan dilimizə keçmiş sözdür, hərfi tərcümədə  “duyan”, “həssas” deməkdir. Estetika həm də bədii yaradıcılıqda, təbiətdə və həyatda gözəllik, gözəl formalar haqqında fəlsəfi nəzəriyyədir. Deməli, professor Təyyar Salamoğlu bu əsərində Azərbaycan tənqidi realizminin gözəl formalarından, tənqidin xüsusiyyətlərindən, gözəlliyindən söz açacaqdır. Odur ki, böyük həvəslə kitabı oxumağa başladım.

Akademik İsa Həbibbəyli “Tənqidi realizmin estetikasına realist elmi baxış” başlıqlı ön sözündə yazır: “Professor Təyyar Salamoğlu böyük demokrat yazıçı C. Məmmədquluzadənin və görkəmli satirik M.Ə. Sabirin simasında tənqidi realizmin estetikası və ədəbiyyat məslələrini yenidən tədqiq edib, ümumiləşdirilmiş şəkildə təqdim etmişdir. Bu məqsədlə hər iki qüdrətli  sənətkarın yaradıcılığı yeni elmi təfəkkür işığında təhlildən keçirilərək dəyərləndirilmişdir.” Azərbaycan elminə, elmi ictimaiyyətə yaxşı məlumdur ki, akademik İsa Həbibbəyli C. Məmmədquluzadənin tədqiqatçısıdır, sənətkar haqqında elə bir fakt, elə bir məlumat yoxdur ki, hörmətli akademik o  bilgiyə vaqif olmasın. Elə isə onun diqqətini yeniliklə çəkmək, Mirzə Cəlili yeni elmi təfəkkür işığında təhlildən keçirərək dəyərləndirmək ciddi elmi və fərqli yanaşma tələb edir. Bu yeni elmi təfəkkür, yeni elmi yanaşma ilə tanış olmaq arzusu ilə kitabın “Tənqidi realizmin estetikası ədəbiyyatşünaslıq müstəvisində” adlı ilk bölməsini oxuyuram. Müəllif burada qeyd edir ki, realizmin sırf tənqidi səciyyə daşıması, gerçəkliyin yalnız inkar pafosu ilə bədii ifadəsinə çevrilməsi mübahisə doğurur. Təyyar müəllimin bu fikri ilə razılaşırıq, doğurdan da, ədəbiyyatda tənqid, sadəcə, reallığın inkarı üçün deyil, eyni zamanda, həqiqətlərin üzə çıxarılması, doğru olanı müəyyənləşdirmək üçün də lazımdır. Əsərin bu hissəsində müəllif ədəbiyyatşünaslığımız üçün vacib sayıla biləcək bir neçə məsələyə də aydınlıq gətirir.  Müəllif qeyd edir ki, ötən əsrin 20-30-cu illərindən başlayaraq Sovet rejimi ədəbiyyatşünaslıqda sosialist realizmi adı altında yeganə metod kimi sosrealizmi elan etmiş, bütün realizm tipləri kimi tənqidi realizmi də mahiyyətindən uzaqlaşdırmışdır. Müəllifin tənqidi realizm və sosrealizm anlayışlarını bir-birindən fərqləndirməsi diqqəti cəlb edir.   “Tənqidi realizm bir metod kimi həyatın özündən doğmuşdu, buna görə də həyatın təbii və canlı  təsvirinə imkan verirdi; sosrealizmi isə siyasi rejim doğurmuşdu, onun estetik prinsiplərini müəyyənləşdirərkən ədəbiyyatı təbliğat vasitəsinə çevirmək missiyası önə çəkilmişdi.” Bu sitatı oxuduqda, istər-istəməz sovet  dövründə ədəbiyyatşünaslığa aid yazılmış elmi əsərləri, görkəmli ədəbiyyatşünasları xatırlamalı oluruq, deməli, hər oxuduğumuz həqiqət deyilmiş.

Əsərin “Giriş” hissəsində tənqidi realizmin estetik xüsusiyyətinin mahiyyəti açılır və qeyd edilir ki, tənqidi realizmin estetik xüsusiyyətləri arasında tənqidilik mühümdür. Sadə dillə ifadə etsək, tənqidi realizmin gözəlliyi elə tənqiddədir qənaətinə gəlinir.  Azərbaycan ədəbiyyatşünaslığında xüsusi dəsti-xətti ilə tanınan,  görkəmli tənqidçi Yaşar Qarayevi “tənqid  realist islah üçün deyil, inkar və rədd etmək üçün tənqid edir” fikri haqlı olaraq qəbul edilmir. Təyyar Salamoğlu tənqidi realizmin yardıcılarından olmuş Balzak, Dikkens, Takkerey  kimi yazarlardan örnəklər təqdim etməklə fikrini əsaslandırır.

“Azərbaycan tənqidi realizminin estetikası”nın “Qaranlıq dünya” problemi və Mirzə Cəlilin nəsr qəhrəmanları” fəslində ədəbiyyatşünaslığımız üçün uzun illər ciddi suallar doğuran bir çox məsələlərə aydınlıq gətirilir və ciddi suallar qoyulur. Müəllif ilk öncə Cəlil Məmmədquluzadənin “Xatiratım” memuarında yazmış olduğu “Qaranlıq dünyanın, dini fanatizim içində boğulan bir aləmin” mövcudluğuna münasibət bildirir. Müəllifin yanaşmasına görə əslində Mirzə Cəlilin emosional əhval-ruhiyyədə yazmış olduğu  “qaranlıq dünya və ya zülmət səltənəti” fikri sovet rejminin təlqinləri, sovet ideologiyasının təsiri ilə ədəbiyyatşünaslığımıza yol tapmışdır: “Fikrimizcə, “Xatiratım”da önə çəkilən “qaranlıq dünya” ideyası idealogiyanın milli keçmişlərə verdiyi “zəhərli kataqorqa həyatı” (M. Qorki) xarakteristikası ilə üst-üstə düşürdü.” Birinci ordan başlamaq lazım gəlir ki, Cəlil Məmmədquluzadə “qaranlıq dünya”nın mövcudluğu qənətinə nə üçün gəlmişdir. Müəllif də haqlı olaraq bu sualdan başlayır: “Mirzə Cəlilin içindən çıxdığı tarixi varlığı büsbütün cəhalət və zülmət səltənəti kimi xarakterizə etməsinin ictimai-siyasi səbəbləri nədir?” Qoyulmuş sual isə, fərqli baxış bucağından cavablandırılır. Müəllifə görə “günahkar” sovet ideologiyası, akademik İsa Həbibbəyliyə görə isə 20-ci illərin sonlarına doğru Mirzə Cəlilin mənəvi və maddi sıxıntıları idi: “...1931-ci ildən etibarən “Molla Nəsrəddin” jurnalına ayrılmış dövlət maliyyə yardımı kəsilmişdir. Vəziyyətdən çıxış yolu kimi Cəlil Məmmədquluzdə “Molla Nəsrəddin” fəhlələrdən, kasıblardan, batraklardan və təhsil alan gənclərdən ibarət daha geniş oxucu kütləsinə tərəf dönür... öz işini ateizm sahəsində gücləndirir.”

Kitabda Cəlil Məmmədquluzadə yaradıcılığı haqqında yazmış ədəbiyyatşünasların - Əli Sultanlı, Yaşar Qarayev, F. Köçərli, H. Səmədzadə, Ə. Nazim kimi tənqidçilərin fikirlərinə münasibət bildirilir. Müəllif Əli Nazimdən belə bir sitat vermişdir: “Bir tərəfdən Məhəmmədhəsən əmilər, kəndlilər, zeynəblər, şərəflər, digər tərəfdən isə xudayar bəylər, qazılar, qlavalar, “nəçərniklər” kimi sinif və qruplar təsvir olunur.” Müəllif, Əli Nazimin fikri ilə qismən razılaşır və əlavə edir ki, bu təsnifat obrazların dəyərləndirilməsində tendensiyalıq yaradır, təhlilin istiqamətini estetiklikdən sosiolojiyə çevirir. Əvvala, Əli Nazimin təsviri aydın və dəqiqdir. Digər tərəfdən Mirzə Cəlilin təsvir etdiyi obrazlar ədbin yaşadığı dövrün insanları cəmiyyətin üzvləri idi, bu isə öz növbəsində tədqiqatçıya imkan verir ki, həmin obrazlar həm də sosioloji aspektən təhlil edilsin. Burada incə bir detal diqqəti cəlb edir. Cəlil Məmmədquluzadə yaradıcılığında “sinif”, “hakim təbəqə” kimi təqdim olunanlar bəy, qazı, qlava, naçalnik, şeyx, kəndxuda kimi vəzifəlilərdir.  Məsələn, qlava Çar Rusiyasında rəis, başçıya verilmiş ad, qazı yenə Çar Rusiyasında əyalətlərdə divanbəyi tərəfindən təyin olunmuş, şəriət qanunları əsasında hüquqi işlər aparan məmur idi. Qazının səlahiyyətlərinə məzhəb və ruhanilik, evlənmə və boşanma, küsmüş qohumları barışdırmaq, vərəsələr arasındakı əmlakı bölmək, şəxsi münasibətləri nizama salmaq daxil idi. Müasir dövrümüzlə müqayisə etsək Cəlil Məmmədquluzadənin tənqid obyektində polis rəisi, məhkəmə hakimi, şeyx, axund və s. aşağı ranglı məmurlar var və bir də məzlum kəndlilər, məhəmmədhəsən əmilər, zeynəblər, novruzəlilərdir. Aydın görünür ki, Cəlil Məmmədquluzadədə ictimai-siyasi quruluşa, çara, müstəmləkəyə etiraz yoxdur. Dövrünün qanunlarına görə ən yaxşı halda iki və ya üç kəndin bəyi olmuş Xudayar bəy tənqid olunur, lakin xudayarların yaratdığı sistemə qarşı zidd mövqe görünmür. Ədibin diktatora gücü çatmır, sadə insanları var qüvvəsi ilə qamçılayır. Burada Təyyar Salamoğlunun kitabda yer almış bir cümləsini xatırlamaq yerinə düşərdi: “Bədii istedadının gücü və tipi etibarı ilə Mirzə Cəlil Nərimanov deyildi.Dahiyanə fitri istedadı onu həyata doğru çəkir, həyati müşahidələrini ümumiləşdirərək ədəbiyyata gətirməyə sövq edirdi.” Bəli, bu həqiqətən də belə idi. Cəlil Məmmədquluzadə qeyri-adi istedada malik şəxsiyyət idi, lakin o nə, N. Nərimanov nə də Ü. Hacıbəyov deyildi.

Kitabın “Novruzəli və Məhəmmədhəsən əmi obrazları bədii mətn həqiqətləri konteksində” bölümü xüsusilə diqqətə layiqdir. Əsərin bu hissəsi bizə C. Məmmədquluzadə və onun yaradıcılığı haqqında indiyə qədər əldə etdiyimiz bütün bilgilərin kökündən yanlış olduğunu  isbat edir.

Azərbaycan ədəbiyyatşünaslığında Novruzəliyə olan münasibəti Təyyar Salamoğlu haqlı olaraq belə səciyyələndirir: “Ədəbiyyatşünaslıq Novruzəlini “tarixin inkişafı inkişafın hərəkət orbitindən kənarda qalan”, “ictimai-siyasi, hüquqi keyfiyyətlərdən məhrum” qəhrəman kimi xarakterizə edir.(Y. Qarayev)” Bəli, acı da olsa, həqiqətdir. Son 30 ildə orta və ali məktəblərimizdə Novruzəli obrazı müəllimlərimiz tərəfindən avam, cahil, dünyadan bixəbər, bəzən zərərsiz, yumoristik gülüş hədəfi kimi təqdim edilib. Təyyar müəllim isə bizə uzun illər öyrədilmiş, təlqin edilmiş bu yanlış münasibəti kökündən dəyişir: “... Novruzəlinin poçt haqqında informasiyasızlığının cəhalət, nadanlıq, avamlıq adlandırılmasına heç bir əsas yoxdur.”  Düşündükcə təəccüblənməyə bilmirsən. Necə olub ki, sovet ədəbiyyatşünasları, müstəqilliyimizin 30 ilini geridə qoymuş yeni dövr tənqidçilərinin, orta məktəb, ali məktəb müəllimlərimizin diqqətini Novruzəlinin ucqar bir kənddə poçtdan, dövrünün yeni xidmətindən xəbərsizliyi çəkməyib. Heç kimin ağlına gəlməyib ki, sual versin axı bu Novruzəliyə poçt haqqında kim məlumat vermiş, onu kim təlimatlandırmışdı ki, Novruzəli də təlimata uymayıb avmalıq etmişdi? Təbii ki, heç kəs.

Bütün bunları oxuduqca əsərin əvvəlində akademik İsa Həbibbəylinin professor Təyyar Salamoğlu yaradıcılığı haqqında qeydlərini bir daha xatırlamaq zərurəti yaranır. O, “Professor Təyyar Salamoğlu böyük demokrat yazıçı C. Məmmədquluzadənin və görkəmli satirik M.Ə. Sabirin simasında tənqidi realizmin estetikası və ədəbiyyat məslələrini yenidən tədqiq edib” qənaətinə gələrkən elmi həqiqəti dilə gətirir.

Kitabda Məhəmmədhəsən əmiyə olan münasibət də bizə öyrədilənlərdən fərqlidir.“Məhəmmədhəsən əmi düşünə bilən, yoxsa düşünməyən qəhrəmandır?” sualına cavab axtaran müəllif başqalarından fərqli olaraq Məhəmmədhəsən əmini düşünən, etiraz edə bilən obraz kimi təqdim edir: “... “arvad məndən yaxşıdır” etirafı Məhəmmədhəsən əminin daxilindən püskürən qəzəb vulkanıdır ki, bu vulkan onun içindəki bütün mütiliyi, ehtiyatkarlığı-hakimə qarşı çıxmamaq düşüncəsini büsbütün silib atır.” Bu yanaşma bir növ ədəbiyyatşünaslığımız qarşısında yeni bir cığır açır desək, yanılmarıq.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Mirzə Ələkbər Sabirin  satirik və uşaqlar üçün yazılmış şeirlərini, demək olar ki, hamımız oxumuşuq. Onun “Gəl, gəl, a yaz günləri, ilin əziz günləri” misrası ilə başlayan şeirini uşaqdan böyüyə hər kəs bilir. Azərbaycanda çox az adam tapılar ki,  böyük şairin “Uşaq və buz”, “Oxutmuram əl çəkin”, “Fəhlə, özünü sən də bir insanmı sanırsan”, “Əkinçi” şeirlərini, “Dindirir əsr bizi dinməyiriz, atılan toplara diksinməyiriz, əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyiriz” misralarını xatırlamasın, bəzən zərbi məsəl kimi çəkməsin.  Sadə oxucu Sabiri uşaq şeirlərinin müəllifi,  dövrünün ictimai eybəcərliklərini tənqid etmiş kəskin satirik şeirlər müəllifi kimi tanıyır. Bəs Azərbaycan müəllimi, ədəbiyyatşünaslığımız Sabiri necə xarakterizə edir? Bu sualın cavabı əsərin “Mirzə Ələkbər Sabirin milli intibah idealı”adlı ikinci fəslində ətraflı şərh edilir. Burada Sabir realizminə yeni yanaşma, Sabirin satirik yaradıcılığında tənqid obyektləri, təsdiq və inkar pafosu, mühacirət ədəbiyyatında Sabirə münasibət məsələləri tamamilə fərqli istiqamətdə fikir süzgəcindən keçirilir.

Sovet dövrü yaşayıb yaratmış tənqidçilərimiz və onların bəzi davamçıları Sabiri aşağı sinfin nümayəndələrinin-bürokratlarların zülmünə uğrayan fəhlələrin, torpaq mülkiyyətçilərin tarlalarında inləyən kəndlilərin himayədarı, bəzən də dinə qarşı  kəskin şeirlər yazan-“baltanı kökündən vuran” şair kimi təqdim edir, Sabir yaradıcılığının əhatə dairəsini məhdudlaşdırır. Lakin professor Təyyar Salamoğlunun tənqid müstəvisində Sabir və onun yaradıcılığı geniş əhatə dairəsinə malik poeziya, bəşəri və milli şüurun ifadəçisi kimi səciyyələndirilir. O, ədəbiyyatşünaslığımızda Sabir yaradıcılığına olan müxtəlif mövqeləri ümumiləşdirərək, belə bir qənaətə gəlir ki, şairin satiralarında əks olunan gülüş  təkcə “inkar və rədd etmək”dən ibarət deyil, islahedici, maarifləndirici və tərbiyəedici mahiyyət daşıyır.

Müəllif əsərdə öncə Sabir satirlarının xəlqi, yoxsa milli səciyyə daşıması fikrinə  aydınlıq gətirir. Onun fikrincə, Sovet ədəbiyyatşünaslığında məsələyə sinfi-ideoloji yanaşıldığı üçün Sabirin milliliyi xəlqiliklə əvəz edilmişdir.  Müəllif haqlıdır və əsl tənqidçi gözü ilə müşahidə etmişdir ki, sosrealistlər məqsədli şəkildə diqqəti satirlarda tənqid edilmiş ağalara, mülkədarlara, mollalara çəkməklə  əslində “fəhlə-kəndli hökuməti”nin təbliğatını aparmışlar.  Sabir “düzü düz, əyrini əyri yazmaqla” yanaşı həm də təpədən dırnağa milli və ümumtürk məfkurəsinə bağlı şair idi. Müəllif Sabir yaradıcılığının əsas qayəsini haqlı olaraq aşağıdakı şəkildə təqdim edir:

“Sabirin açdığı dava bəyliyə, ağalığa, mülkədarlığa, kapitalistliyə, şahlığa, sultanlığa qarşı deyildi. Sabir hər bir təbəqə nümayəndəsinə konkret situasiyadakı konkret hərəkət və əməlinə görə qiymət verirdi. Sabir ictimai və milli şüur yoxsulluğuna qarşı mübarizə aparırdı.” Bu yanaşma Sabiri oxuyan oxucuya bir növ bələdçilik edir, oxucunu, və yaxud tədqiqatçını böyük satiriki fərqli və düzgün mövqedən dərk etməyə sövq etdirir. Əsəri oxuduqda istər-istəməz düşünməli olursan. Ətrafında kifayət qədər tənqid obyekti-mülkədarlar, mollalar, dırnaqarası ziyalılar olmuş şairi Türkiyədə, Cənubi Azərbaycanda baş vermiş hadisələrə müxtəlif janrlı şeirlər yazmağa nə vadar edirdi?  Sabir “Fəxriyyə”də turanlı olmağımızdan, Məlikşah Büzürkdən, Çingiz xandan, Əmir Teymurdan, Yıldırım Bəyaziddən, Toxtamış xandan, Şah İsmayıldan, Sultan Səlimdən, Nadir şahdan, Xarəzmlərdən, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən, Qızıl Orda dövlətindən Azərbaycan və Anadoludan xəbər verir, “Səttarxana”  müsəddəsində Səttarxanın qələbəsindən ilhamlanaraq yazırdı:

İştə Səttarxan, baxız, bir növ iqdimat edib,
Bir vəzirü şahı yox, dünyanı yeksər mat edib,

İrzi-islamı, vətən namusunu yüz qat edib,
Hörməti-heysiyyəti-milliyətin isbat edib.

Şübhəsiz ki, türklərin tarixən sahib olduğu dövlətçilik ənənələrindən, Böyük Turandan, dünyanı lərzəyə salmış Türk hökmdarlarından, Anadoludan, Böyük Azərbaycandan, Səttərxandan millətin qəhrəmanı kimi bəhs etmiş ədibi sinfi mübarizə şairitək təqdim etmək, məzmununda bütün türk dünyasını əhatə edən poeziyasını məhdudlaşdırmaq doğru olmazdı. Bu mənada müəllifin fikirlərini xatırlamaq yerinə düşür: “... şahdan sultana, kapitalistdən mülkədara, fəhlədən kəndliyə qədər tənqidin bir məramı, bir amalı vardı: Vətənin, türk və müsəlman dünyasının tərəqqisi və gələcəyi uğrunda mübarizə, bunun üçün milli, türkçülük və ümmətçilik düşüncəsi nümayiş etdirmək zərurəti.”

Müəllif Sabirin millətin tərəqqisi üçün müəyyənləşdirdiyi çıxış yolunu da düzgün təsvir edir.  O yazır ki, Sabir milli şüurun oyanışını, xalqın inkişafını, tərəqqinin yolunu oxumaqda, təhsildə görürdü. 

Professor Təyyar Salamoğlunun Azərbaycan ədəbiyyatının iki böyük sənətkarına- Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabirə verdiyi ədəbi qiymət oxucuları və tənqidçiləri yenidən düşünməyə vadar edəcəkdir. Əminliklə söyləyə bilərik ki, professor Təyyar Salamoğlunun ortaya qoyduğu fərqli fikir və konsepsiyalar çağdaş ədəbiyyatşünaslığımız, həmçinin bədii əsərlərin öyrənilməsində yeni bir yol, yeni bir istiqamət kimi tələbələr, müəllimlər və oxucuların diqqət mərkəzində olacaqdır.
 

Bəhram Cəfəroğlu
ADPU-nun baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
182
34
modern.az

10Mənbələr