AZ

"Son dərəcə təhlükəli an..." - Rus ordusu kritik əraziləri ələ keçirdi

Böyük Britaniya xarici işlər naziri Devid Kemeron Rusiya ordusunun Xarkov vilayətində əraziləri ələ keçirməsini şərh edib.

Teleqraf.com xəbər verir ki, krallığın baş diplomatı baş verənləri "son dərəcə təhlükəli an" adlandırıb.

"Söhbət Putinin müstəqil, suveren ölkədə əsassız, qanunsuz işğalından gedir. Yenə Xarkovun şimalından ora soxulublar. Ukraynalılara kömək etmək üçün əlimizdən gələni etməliyik", - Kemeron bildirib.

Bu baxımdan o, Ukraynaya ildə 3 milyard funt-sterlinq yardım paketinin verilməsinin vacibliyini vurğulayıb.

Kemeron Rusiyanın qarşısının alınması üçün ABŞ və digər Qərb dövlətlərinin hərbi yardımının da önəmli olduğunu qeyd edib.

Eyni zamanda o, əlavə edib ki, Vaşinqton 61 milyard dollarlıq paketi daha əvvəl ayırsaydı, daha yaxşı olardı, Ukrayna quru əməliyyatlarından əziyyət çəkməzdi:

"Hamımız daha çox iş görməliyik, Böyük Britaniya da bunu edir, biz yenə də öndə gedirik. Tanklar, tank əleyhinə silahlar, uzaqmənzilli artilleriya göndərildi. Bu, təkcə bu il yox, gələn il və ondan sonrakı illərdə də keçərli olacaq paketdir. Amma Amerika pulu fərq yaradacaq, ona görə də ukraynalılara lazım olan dəstəyi verməliyik".

Kemeronun sözlərinə görə, ukraynalıların əhval-ruhiyyəsi yüksəkdir, ruslar dəhşətli itkilər verirlər.

Rusiya ordusu Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin müdafiə xəttini yarmağa çalışır. "DeepState"in məlumatına görə, ruslar artıq Xarkovda bir neçə yaşayış məntəqəsini ələ keçirə biliblər. Eyni məlumatı Rusiya Müdafiə Nazirliyi də yayıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
16
teleqraf.com

10Mənbələr