AZ

COP29  Azərbaycanın artan nüfuzunun göstəricisidir

BMT-nin iqlim dəyişiklikləri üzrə növbəti konfransı (COP 29) Bakıda baş tutacaq. COP konfransları 1992-ci ildə Rio-de-Janeyrodakı “Yer Sammiti”ndə BMT-nin iqlim üzrə çərçivə konvensiyası qəbul edildikdən sonra keçirilməyə başlanılıb. Hazırda 180-dən çox ölkəni  birləşdirən bu konfranslar ilk illər böyük diqqət cəlb etməsə də XXI əsrdə ən vacib siyasi hadisələrindən birinə çevrilib.  Zaman-zaman fərqli ölkələr konfransa ev sahibliyi etmək uğrunda yarışırlar: bu, həm ekoloji məqsədlərə sadiqlik, həm də qlobal ekoloji gündəmi özünəməxsus şəkildə korrektə etmək imkanı kimi dəyərləndirlir. 

Adətən konfransa ev sahibliyi edən tərəf tədbirin gedişinə təsir imkanına malik olmur. Hər görüşdə növbəti COP-un gündəliyi təsdiqlənir. Ancaq ev sahibi olan ölkə fərqli seminar və disskusiyaların gündəliyinə əlavələr, həmçinin kənar təşəbbüslərlə çıxış edə bilər. COP-29-dan fərqli sürprizlər gözləməyə dəyər. COP29-da tullantıların azaldılmasına yönəlik ambisiyalı məqsədlər qoyan inkişaf etmiş ölkələrlə hər şeydən öncə iqtisadi artımı hədəfləyən inkişaf etməkdə olan ölkələr arasında özünəməxsus “iqlim vasitəçisi” rolunda çıxış etməklə Azərbaycan Respublikası uzaq perspektivdə həm öz iqtisadiyyatı uğurlarını dəstəkləyir, həm də neft ölkəsi olmasına baxmayaraq iqlim dəyişmələrinin qarşısını almaqda israrlılığını ortaya qoyur. Bu baxımdan COP29 Azərbaycan və digər neft ölkələri üçün olduqca vacibdir və bütövlükdə onun gündəliyini Azərbaycan üçün əlverişli hesab etmək olar. Bu, həmçinin dünyanın diqqətini iqlim məsələləri ilə bağlı Cənubi Qafqaz regionu və Azərbaycana cəlb etmək deməkdir. 

İqlim dəyişiklikləri üzrə çərçivə konvensiyasının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi ölkənin davamlı inkişaf və bu sahədə beynəlxalq əməkdaşlığa, eyni zamanda onun dünya arenasında artan nüfuzunun daha da möhkəmlənməsinə yol açacaqdır. Hal-hazırda Azərbaycan iqlim dəyişiklikləri ilə fəal mübarizə aparır, müxtəlif təşəbbüslərdə iştirak etməklə ekoloji dayanıqlılıq və ətraf mühitin qorunmasına dair öhdəliklərinə məsulluyyətlə yanaşdığını sərgiləyir: öz enerji mənbələrinin diversifikasiyasına yönəlik işlər gerçəkləşdirir, bərpa olunan enerji mənbələri üzrə layihələrə sərmayə qoyur, biomüxtəlifliyin qorunması və atmosferə tullantıların azaldılması ilə bağlı beynəlxalq anlaşmaların tərəfdaşıdır, regional ekoloji layihələrin iştirakçısıdır. COP29-un ölkəmizdə keçirilməsi Azərbaycana qlobal transformasiya və radikal iqlim düşüncəsi və fəaliyyətinə kritik ehtiyac olduğu bir zamanda maliyyənin təbiət, iqlim və ədalətlə uyğunlaşdırılmasına yönəlik iqlim gündəliyini irəli sürmək və dayanıqlı enerjiyə keçid sahəsində liderliyini nümayiş etdirmək üçün strateji imkan yaradır. Həmçinin mötəbər tədbir “yaşıl” texnologiyalara investisyaların cəlbi və yeni ekoloji məqsədlərə çatmaq baxımından da böyük şansdır.  

Bu gün ekoloji problemlərin çözülməsində mədən yanacağından mərhələli şəkildə imtinanın inteqral rolu, eyni zamanda təbiətin iqlim dəyişikliklərindən və bazarın neqativ təsirlərindən qorunmaqda rolu danılmaz və vacibdir. İndiyədək COP konfranslarının nəticəsi olaraq qida ilə bağlı bütün istixana qazları emissiyalarının 75 faizini istehsal edən 134 ölkə və 200-dən çox qeyri-dövlət aktoru qida məhsullarını öz iqlim məqsədlərinə daxil etmək üçün bəyannamə imzalamışdır.  50-yə yaxın neft və qaz şirkəti 2030-cu ilə qədər metan emissiyalarını azaltmağa razılaşıb. 130 ölkə 2030-cu ilə qədər bərpa olunan enerji potensialını üç dəfə və enerji səmərəliliyini iki dəfə artırmaq barədə razılığa gəlsə də, bu hələ də BEA-nın təhlillərinə görə yetərli deyil. ABŞ-ın zərər fonduna vəd etdiyi 720 milyon dollarından çox vəsait  inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyi səbəbindən geri qaytarıla bilməyən iqtisadi və qeyri-iqtisadi illik itkilərinin 0,2 faizdən azına bərabərdir. Qlobal gündəliyə hələ də  bu əsrdə temperaturu 1,5 C-dən aşağı saxlamaq və həssas ölkələri dəstəkləmək üçün lazım olan xüsusi tədbirlər əlavə edilməyib, iqlim dəyişikliklərinə adaptasiya məsələsində ümumi razılığa gəlinməyib. Bir gerçək danılmazdır ki, biz mədən yanacaqlardan tamamilə imtina etsək belə, təbiətlə məşğul olmasaq onun məhvi Yer kürəsində bəşəriyyət üçün təhlükəsiz gələcəyi itirməyimizə gətirib çıxara bilər.

Bəlli olduğu kimi, öncədən COP29-un Şərqi Avropa ölkələrindən birində keçirilməsi planlaşdırılsa da bütün siyasi qütblərin yekdil qərarı ilə Azərbaycan konfransın ev sahibi seçildi. Nəticə etibarilə, konfrans ilk dəfə Qafqazda, Avropa İttifaqına üzv olmayan ölkədə keçiriləcək. Bu qərarın qəbulunda Prezident cənab İlham Əliyevin çoxvektorlu fəaliyyəti nəticəsində rəsmi Bakının qlobal miqyasda geosiyasi mövqeyi də rol oynayıb. Azərbaycanın seçilməsini səciyyələndirən bir neçə digər faktorlar da var. İlk olaraq Azərbaycan ənənəvi enerji resursları ilə yanaşı yeni nəsil, yəni bərpa olunan “yaşıl” enerji resurslarının böyük potensialına malikdir. Yeni enerji nəslinə keçid ərəfəsində olan Avropa üçün Azərbaycanın “yaşıl” enerji potensialı olduqca önəmlidir və ölkə bu baxımdan etibarlı strateji partnyordur. Mütəxəssislərin araşdırmalarına görə müəyyən edilib ki, Şimal dənizindən sonra ikinci ən böyük külək enerjisi potensialı olan Xəzər dənizində külək enerjisinin həcmi (Azərbaycan sektoru nəzərdə tutulur) 157 geqavat, quruda isə ölkənin bərpa olunan enerji potensialı (külək və günəş enerjisi nəzərdə tutulur) - 27 geqavatdır. Həmçinin Naxçıvan Muxtar Respublikası, eləcə də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur “yaşıl” enerji zonası elan edilib. 2050-ci ilə qədər bu bölgələr “sıfır emissiya” zonalarına çevrilməlidir.

“Yaşıl” enerji növlərinin istehsal həcminin artırılması və “yaşıl” enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritet istiqamətidir. Xəzər dənizində bir sıra yaşıl enerji layihələri planlaşdırılır. Bunlardan biri Qara dənizin dibi ilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulan və bütün dünyada yaşıl enerji sahəsində mühüm layihə hesab edilən dənizaltı enerji kabeli layihəsidir. Əsas hissəsi dəniz dibi ilə həyata keçiriləcək bu layihə çərçivəsində Azərbaycanda hasil edilən yaşıl enerjinin Avropaya çatdırılması, eləcə də gələcəkdə Mərkəzi Asiyanın Azərbaycan vasitəsilə layihəyə qoşulması perspektivi nəzərdə tutulub. Bu faktın özü də Azərbaycanın yeni enerjiyə keçid prosesində ixracatçı və tranzit ölkə kimi mövqeyini açıq şəkildə göstərir.

Təsadüfi deyil ki, “SOCAR Green” şirkəti 2023-cü il dekabrın 28-də yaradılıb və 2024-cü il Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Yaşıl dünya naminə” həmrəylik ili elan edilib. SOCAR-dan mətbuata verilən məlumata görə, “SOCAR Green” MMC şirkəti “Masdar” şirkəti ilə birlikdə “Meqa” layihəsinin ilkin mərhələsində 1 GVt gücündə quruda külək və günəş enerjisi layihələrini həyata keçirəcək. Həmçinin şirkət ACWA Power, Masdar və Energy China ilə birlikdə Naxçıvan Muxtar Respublikasında günəş və külək enerjisi layihələrini həyata keçirməyi planlaşdırır.

Digər tərəfdən, Azərbaycan əraziləri 30 il işğal altında olan və minalarla çirklənmiş bir ölkə kimi hazırda minalardan təmizləmə ilə məşğuldur. Qeyd edək ki, torpaqda minaların olması karbon qazının səviyyəsini artırır. Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Miçalko 2023-cü ilin noyabrında “Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda keçirilən ictimai dinləmədə bildirmişdir ki, Aİ Azərbaycanın hazırkı minatəmizləmə işlərini dəstəkləyir və buna dəstək verəcəkdir. Çünki minalardan təmizləmə həm də ətraf mühitin qorunması və karbon emissiyalarının azaldılması üçün vacibdir.

Beləliklə, Azərbaycan yaşıl enerji gündəliyinə uyğun olaraq son illərdə planlaşdırılan və həyata keçirilən layihələrlə enerji keçidi prosesinə uyğunlaşır. Avropanın yaşıl enerji layihələrinə verdiyi dəstək nəticəsində Azərbaycan yaxın gələcəkdə bərpa olunan enerji mənbələrinin istehsalçısına çevriləcək və Avropanın enerji təhlükəsizliyində rolunu davam etdirəcək. Yuxarıda qeyd olunanların hamısı Azərbaycanın yaşıl enerji sahəsində mühüm ölkə olmasından xəbər verir.

Bəs COP29-un ildən ilə artan əhəmiyyətini şərtləndirən faktorlar hansılardır? Və bütün dünyanın diqqəti hansı səbəblərdən noyabrda Bakıya yönələcək?

Öncə İnkişaf etmiş ölkələrin, yəni “kollektiv Qərb”in və inkişaf etməkdə olan ölkələrin, yəni “Qlobal Cənub”un iqlim məsələləri üzrə mövqeləri arasında uçurum getdikcə artır. Qlobal Cənub ölkələri artıq susmur, çox konkret, bəzən narahat edəcək suallar verirlər. Artıq heç kim düşüncəsizcə Qərbin iqlim gündəmini izləmək istəmir. Eyni zamanda, Qərbin temperatur hədəfini və ona nail olmaq üçün vaxt çərçivəsinin açıq şəkildə əvəzlənməsinə ehtiyac var. Bu, əslində siyasi spekulyasiyalara dözməyən ciddi hüquqi bir məsələdir. Amma qərblilər utanmadan hər künc-bucaqda 1,5 °C temperatur həddinə dair siyasi iradə sərgiləyirlər. Paris Sazişində də “temperatur yüksəlişinin 2°C-ə qədər məhdudlaşdırılması və temperaturun 1,5°C-ə qədər yüksəlməsi üçün səylərin göstərilməsi”  haqqında danışılır. Bu, 2 ilə 1,5 °C arasında aydın şəkildə müəyyən edilmiş temperatur həddidir. Paris Sazişi 2005-ci ildən qüvvədə olan Kioto Protokolunu əvəz etmək üçün nəzərdə tutulub (onun ikinci qüvvədə olma müddəti 2020-ci ilin dekabrında başa çatır). O, sənayeləşmiş ölkələrdən və keçid iqtisadiyyatı olan ölkələrdən gələn istixana qazlarının emissiyalarını 1990-cı il səviyyələri ilə müqayisədə 5,2 faiz azaltmağı hədəfləyib. Paris Sazişi iştirakçılarının öhdəlikləri 2021-2030-cu illər üçün hesablanıb. Paris Razılaşması 2100-cü ilə qədər planetin qlobal orta temperaturunun sənayedən əvvəlki səviyyələri iki dərəcədən çox Selsi keçməsinin qarşısını almağı və istiləşməni 1,5 dərəcə (hazırda orta temperatur 1850-ci ildəki orta illik göstəricilərdən 0,75 dərəcə yüksəkdir) daxilində saxlamaq üçün addımlar atmağı hədəfləyir. Vaxt çərçivəsinə gəlincə, Paris Sazişinin 4-cü maddəsində qeyd edilir ki, “bu əsrin ikinci yarısı ədalətə əsaslanan və davamlı inkişaf və yoxsulluğun aradan qaldırılması səyləri kontekstindədir”. Bu o deməkdir ki, əgər ölkələr 2050-ci ildən başlayaraq temperatur artımını 2 dərəcə və ya ondan aşağı saxlaya bilsələr Paris razılaşması həyata keçiriləcək. Bu göstəricilər bütün ölkələrdə fərqli olacaq. Müqayisə üçün diqqətə çatdıraq ki, Rusiyanın İqlim Doktrinasına görə 2060-cı ilə qədər karbon neytrallığına, yəni CO2 emissiyaları və udulma balansına nail olmaq vəzifəsini qoydu. Müqayisə üçün: Çin və Hindistanda bu tarix 2070-ci ilə təyin edilib. “2050-ci ilə qədər 1,5 dərəcə!” seriyasından istənilən tələblər “ləğv etmə mədəniyyəti” sərhəddində olan siyasi spekulyasiyadır. Əslində, hədəf təyininin daralması və daha sərt Net Sıfır Karbon Emissiyası imperativinə çevrilməsi, yəni, sıfır xalis emissiyalara və yalnız karbona nail olmaq məqsədinin arxasında təkcə iqlim yox, həm də iqtisadi maraqlar dayanır. Dekarbonlaşmayla bağlı aqressiv kursa dair inkişaf etmiş ölkələrin konsensusu aşağıdakı məntiqə dayanır. İnkişaf etmiş ölkələrdə ehtiyacların ödənilməsi səviyyəsi yüksəkdir ki, bu da uzunmüddətli iqtisadi artım potensialının aşağı olması deməkdir. Onların iqtisadi sistemlərinə dinamizm əlavə etməyin yalnız bir yolu var - əlavə dəyərin aparıcı sənayelərə yenidən bölüşdürülməsinə gətirib çıxaracaq güclü struktur dəyişikliklərinə başlamaq. Paralel olaraq, aşağı karbonlu texnologiyalarda təcəssüm olunmuş texnoloji rentabelliyi reallaşdırmaq imkanı yaranacaq. Beləliklə, söhbət texniki-iqtisadi strukturun şüurlu şəkildə məcburi dəyişməsindən gedir.

Qeyd olunanların fonunda Azərbaycanın sədrliyi sayəsində dünyanın ən yoxsul ölkələrinin səsi COP29-da həmişəkindən daha aydın eşidiləcək. 2019-cu ildə Madriddə və 2021-ci ildə Qlazqoda keçirilən iqlim sammitində belə fikir plüralizminə nail olunmamışdı, lakin 2023-cü ildə BƏƏ-də buna imkan yarandı. Heç bir nümayəndə heyəti ayrı-seçkiliyə məruz qalmadı. COP28 tamamilə pulsuz mikrofonu olan podium idi və COP29-un da nümayiş etdiriləcəyi növbəti platforma olacağı heç kimdə şübhə doğurmur.

Görünən odur ki, Prezident cənab İlham Əliyevin reallaşdırdığı strategiya sayəsində beynəlxalq arenada oyun qaydalarını öz xeyrinə dəyişən Azərbaycan artıq dünyanın iqlim gündəliyinin formalaşdırılmasında yaxından iştirak edir. Əlbəttə ki, iqlim konfransları üçün xarakterik olan yekun deklarasiya ətrafında “rəqslər”in COP29-da da təkrarlanacağı ehtimal ediləndir. Ancaq qlobal iqlim siyasətinin implementasiyası, dəqiqləşdirilməsi və inkişafını hədəfləyən bu Sammitin konkret istiqamətlərdə həmin siyasətə əhəmiyyətli dərəcədə təsir göstərən müqavilələr, iqlim reallıqları və trendləri nəzərə alınmaqla işlənəcək ağlabatan, Azərbaycanda olduğu kimi davamlı inkişaf strategiyasının tərkib hissəsi olan, “İnsan iqlim üçün yox, iqlim insan üçün” şüarına dayanan taktika və strategiyalara yelkən açılması ilə tarixə düşəcəyi şübhəsizdir.  

                                             

Ziyafət Həbibova,

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının professoru

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
204
50
Mənbələr
Şərh ()
Bağla