AZ

COP29-un Bakıda təşkili - Azərbaycanın növbəti böyük uğuru

Məlum olduğu kimi, Azərbaycanın paytaxtı Bakı şəhəri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcək. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etmək üçün seçilməsi Azərbaycan Prezidentinin növbəti beynəlxalq qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrlik və Təhlükəsizlik Şurasına üzvlük kimi, dövlət başçısının xarici siyasətdə ən böyük uğurlarındandır. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Dövlət başçısı bir daha bu spekulyasiyaları alt-üst etdi və Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini sübuta yetirdi. Prezident bu təşəbbüsü ilə Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq.

Milli Məclisin deputatı Vahid Əhmədov bildirir ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin dünyada layiqli təmsilçiliyinə böyük töhfə verəcək. Bu gün yaşıl enerjiyə keçid bütün dünyada diqqət mərkəzində olan əsas məsələlərdən biridir: "Azərbaycan da sözügedən məsələ ilə əlaqədar bir sıra layihələr həyata keçirib və bundan sonra da alternativ enerjiyə keçidlə bağlı layihələrin icrası davam etdiriləcək. O baxımdan, Azərbaycan ekoloji cəhətdən təmiz məhsul istehsal etmək üçün yaşıl enerjiyə diqqətin artırılmasına töhfə və dəstək verən ölkələr sırasındadır".

Millət vəkili vurğulayıb ki, qeyd olunan sahəyə verilən önəmin bariz nümunələrindən biri də Azərbaycanın bu il COP29-a ev sahibliyi etməsidir: "Ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etmək təcrübəsi kifayət qədər böyükdür və belə tədbirlər hər zaman yüksək səviyyədə təşkil olunub".

V.Əhmədovun dediyinə görə, COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi burada sabitliyin möhkəm təməllər üzərində qurulduğunu bir daha sübut edir:

"Bütün bunlarla yanaşı, ölkəmizin iqlimlə əlaqədar əhəmiyyətli bir tədbirə ev sahibliyi etməsi, Azərbaycanın dünyada bir çox fərqli sahələrdə tanıdılmasına və layiqli təmsilçiliyinə böyük töhfələr verəcək".

Millət vəkili Sevinc Hüseynova deyir ki, COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə bağlı verilən qərar mühüm tarixi əhəmiyyət kəsb edir. Sözsüz ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü ildə ölkəmizdə keçirilməsi Azərbaycanın növbəti siyasi-diplomatik uğuru hesab olunur. Bu, eyni zamanda dünya ölkələrinin Azərbaycana növbəti dəfə böyük etimad və ehtiramın bariz nümunəsidir. Ölkəmiz məhz bu cür yüksək dəyərlərə layiqdir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olub: "Bu, bir reallıqdır ki, Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır. Bunu ölkəmiz həyata keçirilən siyasətlə qazanıb. Çünki ölkəmizin müstəqil siyasəti, prinsipial mövqeyi, beynəlxalq hüquqa əsaslanır. Eyni zamanda dövlətimizin öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi beynəlxalq birlik tərəfindən ona olan hörməti daha da artırıb".

Millət vəkili qeyd edib ki, bu qərarın antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunması mühüm önəm kəsb edir: "Beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmiş olur. Təbii ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olan qərardır. Yəni burada yekdil mövqe bir daha özünü göstərib. Çünki antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri Azərbaycana qarşı əsassız ittihamlar irəli sürürdü. Sözsüz ki, ölkəmizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yox idi. Fakt o idi ki, Azərbaycan öz suveren ərazisində separatçılığa, işğalçılara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini bir daha təmin edib. Ölkəmiz həmçinin bütün humanitar normalara riayət edərək öz suverenliyinin bərpasına nail olub. Azərbaycan COP29 beynəlxalq konfransını da yüksək səviyyədə keçirəcək. Bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Azərbaycan neft-qaz ölkəsi olsa da, dövlətimizin qarşısında yaşıl enerji ilə bağlı mühüm hədəflərin olduğu bir daha bəyan ediləcək. Çünki yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda dövlətimizin həyata keçirdiyi enerji siyasətinin prioritetini təşkil edir. Bu reallıqları həmin konfransda bütün dünya bir daha görmüş olacaq".

Sevinc Hüseynova Azərbaycanın beynəlxalq tədbirlərə uğurlu ev sahibliyində böyük təcrübəyə malik olduğunu söyləyib: "Bu baxımdan Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini nümunə göstərmək olar. Ölkəmiz Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik etməklə yeni bir nümunə yaradıb və bunun nəticəsində Azərbaycanın təşkilata sədrliyinin müddəti daha bir il uzadılmışdı. Bu, sözsüz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş uğurlu, müdrik və uzaqgörən siyasətin bariz nümunəsidir. Azərbaycan Qoşulmama Hərəkatı ilə yanaşı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarda aktiv iştirak etməklə yanaşı, vacib təşəbbüslərin müəllifi və icraçısı kimi çıxış edir. Məhz COP-29-un ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda artan gücünün və nüfuzunun təzühürü kimi dəyərləndiriləcək".

Millət vəkili Ceyhun Məmmədovun sözlərinə əsasən, bu gün Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bu baxımdan COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzu üçün olduqca əhəmiyyətlidir. Sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarı bütün dünya ölkələri qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilib: "Azərbaycan iqlim dəyişikliyi məsələsi ilə bağlı davamlı olaraq dünyada bu istiqamətdəki təşəbbüslərə öz töhfəsini verir. Dünya və dünya iqlimi hazırkı dövrdə çox ciddi imtahanlarla üz-üzədir. Dünyanın bütün dövlətləri iqlim dəyişikliyi istiqamətindəki qanunvericiliyə o qədər də əməl etmirlər. Bu anlamda COP29-a ev sahibliyinin Azərbaycana verilməsi təsadüfi deyil. Çünki Azərbaycanın təcrübəsi, cənab Prezidentin siyasəti ətrafında həyata keçirilən tədbirlər, atılan addımlar ölkəmizə olan inamı daha da artırır. Müxtəlif dövlətlərin ölkəmizlə bağlı bu istiqamətdə mühüm qərarlar qəbul etməsinə də mühüm töhfə verir. Qoşulmama Hərəkatına dörd il ərzində sədrlik etməklə Azərbaycan özünə çoxlu etibarlı dost qazandı. Azərbaycanın da daxil olduğu Qlobal Cənub ölkələrinə bu gün xüsusi diqqət lazımdır. COP29 ölkəmizin yaşıl enerji strategiyasının dünya ictimaiyyətinə təqdimatı baxımından mühüm rol oynayacaq.Tədbir iki həftə ərzində davam edəcək. Bu müddət ərzində Azərbaycan paytaxtına 70-80 min xarici qonaq gələcək. Bu tədbirin miqyası ölkəmizdə əvvəlki beynəlxalq tədbirlərlə müqayisədə olduqca böyükdür. Qonaqların buradan xoş təəssüratla yola salınması üçün böyük hazırlıqlar görülməkdədir. Bütün beynəlxalq tədbirlərdə olduğu kimi, bu tədbirdə də Azərbaycan öz sözünü deyəcək. Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi baxımından nümunədir".

Millət vəkili Elman Nəsirov qeyd edib ki, COP29 tədbirinə Azərbaycanın ev sahibliyi etməsi əslində ölkəmizin beynəlxalq aləmdə nüfuzu və xüsusi çəkisinin bir göstəricisidir. Çünki bu tədbirə ev sahibliyi etmək üçün Azərbaycan dünya ölkələrinin hər birinin müsbət rəyini almalı idi. Bu prosesdə bizə mane ola biləcək tərəf Ermənistan ola bilərdi. Ancaq o da prosesdən kənarda dayandı. Azərbaycanla Ermənistan arasında aparılan ikitərəfli danışıqlar və əldə edilmiş razılaşmalar nəticəsində Ermənistan da Azərbaycanın bu tədbiri keçirməsinə etiraz etmədi və bu ilin noyabr ayında dünyanın ən böyük tədbirinə Azərbaycan ev sahibliyi edəcək".

Elman Nəsirov deyib ki, bu tədbirə ev sahibliyi etmək üçün Azərbaycanın iqtisadi gücü var, infrastruktur potensialı və beynəlxalq aləmdə nüfuzu kifayət qədər böyükdür: "Noyabr ayında 80 mindən çox adam iki həftə ərzində Azərbaycanın paytaxtında olacaq. Dünyanın əksər dövlətlərinin rəhbərləri, prezidentləri, baş nazirləri ölkəmizə təşrif buyuracaq və sözün həqiqi mənasında dünyanın ürəyi Azərbaycan paytaxtında döyünəcək. Nəzərə alsaq ki, bu tədbir BMT-nin iqlim dəyişiklikləri ilə bağlı bir tədbirdir. Adətən ənənəvi enerji potensialına malik olan dövlətlərin belə tədbir keçirməsinə qısqanclıqla yanaşırlar. Ancaq Azərbaycanı bu prosesdə bütün dövlətlər dəstəklədi. Bunun əsas səbəblərindən biri də onunla bağlıdır ki, bəli, Azərbaycan zəngin neft və qaz potensialına malik olsa da belə, amma qeyri-ənənəvi enerji sahəsində də bizim çox mühüm imkanlarımız var. Azərbaycanın çox böyük külək, günəş və hidrogen potensialı mövcuddur. Artıq Azərbaycan Avropa ölkələrinə qeyri-ənənəvi enerji mənbələrinin ixracı ilə bağlı ilkin addımlar atmağa başlayıb. Bu sahədə bu proses başlanıb. Həm də çox mühüm müqavilələr imzalanıb və bütün bunları nəzərə aldıqda görmək olur ki, Azərbaycan həm ənənəvi, həm də qeyri-ənənəvi enerji mənbələrinə malikdir və Azərbaycan bu tədbiri keçirməklə bütün dünyaya belə bir ismarış verir ki, bəli, biz iqlim dəyişiklikləri problemlərinə çox ciddi yanaşırıq və bu prosesə öz töhfəmizi vermək istəyirik. Sağlam dünya görmək istəyirik və Azərbaycan da bütün imkanlarını səfərbər edib COP29 tədbiri çərçivəsində iqlim dəyişiklikləri ilə bağlı mühüm qərarların qəbuluna nail olmağı hədəf seçib. Hesab edirəm ki, bu tədbir çərçivəsində bir sıra mühüm siyasi və hərbi problemlərin müzakirəsi üçün də imkanlar açıla bilər. Nəzərə alsaq ki, həm Rusiya, həm də Ukrayna prezidenti tədbirə dəvət alıb. Eyni zamanda, Azərbaycan Prezidenti cənab İlham Əliyev vurğulayıb ki, noyabr ayına qədər biz Ermənistanla sülh müqaviləsinin imzalanmasına çox böyük ümidlər bəsləyirik və bütün bunların reallaşacağı təqdirdə istisna deyildir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da bu tədbirə qatıla bilsin. Yəni zaman hər şeyi göstərəcək. Əsas odur ki, Azərbaycan bu gün dünyanı narahat edən ən mürəkkəb, ən qəliz problemlərin həlli yollarının tapıldığı bir məkana çevrilib".

Sevinc QARAYEVA






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
178
50
Mənbələr
Şərh ()
Bağla