AZ

Rusiyada benzin və dizel bahalaşır – Zavodlar hasilatı dayandırmağa məcbur olur

“PUA zərbələri Qərbin sanksiyalarını gücləndirir”

Ukrayna PUA-larının Rusiyanın neft emalı zavodlarına və yanacaq anbarlarına hücumları davam edir. Ukrayna ilə sərhəddən yüzlərlə kilometr dərinlikdəki müəssisələrə vurulan bu zərbələrin effekti getdikcə daha da artmaqdadır və Rusiya hələ ki, bunun qarşısını almaqda aciz görünür.

“AzPolitika” xəbər verir ki, ABŞ-nin “Politico” nəşri bu mövzuda hazırladığı məqalədə PUA zərbələrinin Rusiyanın yanacaq bazarına və ordunun yanacaqla təminatına vurduğu ziyanın miqyasını izah etməyə çalışıb.

Yazıda qeyd olunur ki, Ukrayna PUA-larının Rusiyanın dərinliklərində neft emalı zavodlarına zərbələr endirməsi Kremli müharibə apararkən, buna paralel olaraq, öz ərazisini də müdafiə etməyə məcbur edib. Bu isə əlavə resurslar və HHM sistemlərini cəbhədən çəkərək neft infrastrukturunun qorunmasına yönəltməyi tələb edir.

Buna baxmayaraq, nəşrin yazdığı kimi, hücumlar ağlasığmaz nəticələr verib və dünyanın ən böyük neft ölkəsində benzin qıtlığı yaranıb, ümumilikdə yanacağın qiyməti qalxıb: “Hökumətin məlumatlarına görə, Rusiya istehlakçıları üçün dizel yanacağının qiymətləri təkcə son bir həftədə təxminən 10 faiz artıb. Benzinin də qiyməti ilin əvvəlindən bu yana 20 faizdən çox artaraq altı ayın ən yüksək həddinə çatıb. Çünki tədarük kiçilir və daha çox zavod hasilatı dayandırmağa məcbur olur. Ötən çərşənbə günü Ukrayna sərhədindən təxminən 500 kilometr aralıda Rusiyanın enerji nəhəngi “Rosneft”ə məxsus iki yanacaq anbarı PUA-lar tərəfindən ciddi zədələnib və oradakı yanacaq yandırılıb.

Bu il Rusiyanın doqquz regionunda ondan çox neft emalı zavodu oxşar hücumlara məruz qalıb. Kiyev rəsmiləri bu sənayenin qanuni hərbi hədəf olduğunu deyirlər.

Nəticədə Moskva yanacaq ixracını tarixi minimuma endirib. Keçən həftə 712 min tondan bir qədər çox dizel daşınıb, hansı ki, 2023-cü ilin eyni həftəsində bu rəqəm 844 min tondan çox olub”.

Qəzet hesab edir ki, bu baş verənlər Moskva üçün həm siyasi, həm də hərbi problemdir: “Ucuz yanacaq Rusiyanın müharibə səyləri üçün vacib olmaqla yanaşı, Rusiya Prezidenti Vladimir Putinin əhaliyə ödədiyi kompensasiyanın əsas hissəsi, eləcə də maaşların azalması və rublun zəifləməsinə qarşı vasitədir”.

“Politico” bu tendensiyanın yaxın gələcəkdə də davam edəcəyini gözləyir: “Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun Rusiya iqtisadiyyatı üzrə eksperti Mariya Şaqina deyir: “Ukraynanın “fiziki sanksiyaları” faktiki sanksiyaları sürətləndirə bilər. Kiyev Moskvanın texnoloji zəifliklərini üzə çıxardı və Ukrayna PUA-larının Rusiya neft emalı zavodlarına zərbələri artıq həmin neft emalı zavodlarının Qərb avadanlıqlarına, proqram təminatına böyük ehtiyacı fonunda Qərb sanksiyalarının təsirini sürətləndirir”.

C.Məmmədov

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
14
Mənbələr
Şərh ()
Bağla