AZ

Xaricdə oxuyan tələbələrimizin geri dönüşündə mühüm yenilik var...

Image

Ilqar Orucov: “Xaricdə təhsil alan gənclərin ölkəyə qayıtması Azərbaycanın iqtisadi gücünü göstərir”

Son illər Azərbaycanda gənclər arasında xaricdə təhsilə yüksək maraq var. Hazırda həmin gənclərin müəyyən hissəsi dövlət vəsaiti hesabına xaricdə təhsilini davam etdirir. 

Danılmaz faktdır ki, xaricdə təhsil alan tələbələrin bir qismi ölkəyə geri qayıtmayıb, əmək fəaliyyətini elə təhsil aldığı ölkədə də davam etdirir. Bu sahədə aparılan maarifləndirmə işi nəticəsində artıq xaricdə təhsil alan tələbələr məmnuniyyətlə işləmək üçün məhz Azərbaycanı seçir.

Prezident İlham Əliyevdə  ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq   forumda bildirib ki, Birləşmiş Ştatlarda, Britaniya və Avropanın digər ölkələrində təhsil almış tələbələrin əksəriyyəti geri qayıdır: “Bu onu göstərir ki, biz düzgün yoldayıq. Biz daha ürəkdən çalışmalıyıq ki, gənc azərbaycanlılar ölkəni tərk etməsin, çünki bu, postsovet məkanında bir çox ölkələrdə problemlərdən biridir”.

Araşdırmalar zamanı müəyyən edilib ki, xaricdə təhsil alan tələbələr artıq geri qayıdır.

“Xaricdə təhsil alan azərbaycanlı universiteti bitirdikdən sonra öz ölkəsinə qayıdırsa bunun fərqli çalarları var” 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki,  Azərbaycan gəncləri bu gün dünyanın qabaqcıl, nüfuzlu ali təhsil müəssisələrinin fərqli ixtisaslarında təhsil alır. Hər bir ölkə üçün onun gənc vətəndaşının əmək bazarında çalışması vacibdir: “Azərbaycan gənclərinin səs-sədası dünyanın tanınmış universitetlərindən gəlir. Bu çox sevindiricidir, qürurludur. Həmçinin, ölkənin tanınmasında da xaricdə təhsil alanların rolu danılmazdır. Bir növ, xaricdə təhsil alan tələbələr səfir funksiyasını daşıyır”.

Həmsöhbətimizin sözlərinə görə, xaricdə təhsil alan azərbaycanlı universiteti bitirdikdən sonra öz ölkəsinə qayıdırsa bunun fərqli çalarları var: “Azərbaycanın əmək bazarında azərbaycanlı qədər can yandıran olmayacaq. Heç bir miqrant azərbaycanlı qədər  öz dövlətinə, vətəninə, xalqına, millətinə xidmət etmiyəcək. Çünki hər bir dövlətin vətəndaşı öz ölkəsində, yurdunda ürəklə çalışır, əmək fəaliyyəti ilə məşğul olur. Onun-bunun işləməsindənsə azərbaycanlının işləməsi daha uyğundur. Onu da deyim ki, xaricdə təhsil alan gənclərin ölkəyə geri qayıtması Azərbaycanın iqtisadi gücünü göstərir.  Azərbaycanın əmək bazarı ildən-ilə inkişaf edir”.

Ekspert bildirdi ki, beyin axını bütün dünyanı narahat edir. Bu proses Azərbaycanda 90-cı illərdə start götürüb: “Ən yaxşı alimlərimiz ölkəni tərk etdi. Savadlı kadrlar xarici ölkələrə üz tutdu. Bu danılmaz faktdır. Ancaq indi vəziyyət dəyişib. Xaricdə təhsil alan tələbələr rahatlıqla, düşünmədən öz ölkəsinə geri qayıdır. Onu da deyim ki, həmin tələbələrə müəyyən güzəştlər tətbiq olunur. Bu tələbələr dövlət qulluğuna imtahan verən zaman onlara güzəşt tətbiq edilir. Məlumdur ki,  xaricdə təhsili əhatə edən proqramın ideya müəllifi, təşəbbüskarı ölkə Prezidentidir. Burada məqsəd də Azərbaycanın kadr potensialının yüksəldilməsi, yüksək təhsil almış gənclərin hesabına ölkəmizin daha davamlı iqtisadi inkişafına nail olmaqdır. Xaricdə dövlət hesabına təhsil alan hər bir gənc Azərbaycan üçün çalışmalıdır”.

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
19
baki-xeber.com

5Mənbələr