AZ

COP29 Azərbaycan və region üçün geniş inkişaf imkanları açır

Azərbaycanın paytaxtı Bakı şəhərinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi etməsi son dərəcə mühüm hadisədir. 2024-cü ildə COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşürdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsini təklif edib. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürüb. 2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Ofisi arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkdi. Bolqarıstan da bundan sonra öz namizədliyini geri götürdü və nəticədə dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirdi.

Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etmək üçün seçilməsi Azərbaycan Prezidentinin növbəti beynəlxalq qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrlik və Təhlükəsizlik Şurasına üzvlük kimi, dövlət başçısının xarici siyasətdə ən böyük uğurlarındandır. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Dövlət başçısı bir daha bu spekulyasiyaları alt-üst etdi və Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini sübuta yetirdi. Prezident bu təşəbbüsü ilə Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq.

Millət vəkili Könül Nurullayevanın sözlərinə görə, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi nüfuzlu beyin mərkəzləri tərəfindən də dəstəklənir. ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" konfransında aparılan müzakirələr, nüfuzlu beyin mərkəzlərinin nümayəndələrinin dövlət başçımıza ünvanladığı suallar bunu bir daha təsdiqlədi. Onun sözlərinə görə, bu nüfuzlu tədbirə ev sahibliyi etməyin strateji kommunikasiya planı xüsusi maraqla qarşılandı. Belə ki, düşünülmüş siyasət, düzgün taktika və siyasət, diplomatiyanın bir sıra digər aspektləri burada vacib rol oynayır: "Əsas məqsəd iqlim dəyişikliyi ilə mübarizə baxımından COP29-un uğurlu olmasına nail olmaqdır. Dövlət başçımızın da söylədiyi kimi, bu, bizim üçün fürsətdir. Çünki bizim dünyaya deyəcək sözümüz çoxdur. Təbii ki, ev sahibliyi etməyin əsas üstünlüklərindən biri onminlərlə qonağın ölkəmizə gəlməsi olacaq. Azərbaycan COP29-u həm də sülh prosesinin nəticəsi hesab edir. Ev sahibi kimi COP-un gündəliyinə bəzi əlavələr edə bilərik. Prezident İlham Əliyev bəyan etdi ki, belə məsələlərdən biri sülh olacaq. Birincisi, ona görə ki, biz məhz sülh prosesi sayəsində COP29-a ev sahibliyi etmək hüququ qazandıq. Çünki burada Ermənistan vetosunu aradan qaldırdı və biz də qarşılıqlı addımlar atdıq. Rəsmi Bakı bu kontekstdə etimadın yaranmasını xüsusi qiymətləndirir. "Bu hal isə bizim heç də hər dəfə hər müstəvidə bir-birimizə qarşı addım atmalı olmadığımızı nümayiş etdirir. İlk dəfə idi ki, biz beynəlxalq arenada bir-birimizə qarşı addım atmaq məcburiyyətində qalmadıq. Yəni biz qarşılıqlı dəstək verməsək də, bitərəf qaldıq və bunun özü də bir nailiyyət idi", - deyə ölkə başçımız bildirdi".

O əlavə edib ki, bu mənada, COP29-un Azərbaycanda keçirilməsi münaqişənin həll olunmasının və sülh danışıqlarında irəliləyişin nəticəsidir: "COP 29 Cənubi Qafqazın 3 ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol aça bilər. Azərbaycan qlobal miqyasda hadisələrin sürətlə inkişaf etdiyi bölgə olan Cənubi Qafqazda hadisələrin düzgün məcraya yönəldilməsi üçün proaktiv olmağın tərəfdarıdır. Beynəlxalq konfransda dövlət başçımız COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlməyin tam real göründüyünü bəyan etdi. Bu yanaşma rəsmi Bakının sülhə tam hazır olduğunu bir daha təsdiqləyir. COP29 üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələr üçün fürsət yaradacaq və gələcək əməkdaşlığa yol açacaq. Təbii ki, bu, həm də regionda, Qafqazda, Xəzər hövzəsində, Mərkəzi Asiya regionunda diqqət mərkəzində olmaq üçün bir fürsətdir. Azərbaycanın əsas üstünlüklərindən biri COP29 bizə həvalə edilməmişdən əvvəl ekoloji problemlərlə ciddi məşğul olması, iqlim dəyişikliyinin mənfi fəsadlarını azaltmaq istiqamətində çalışmasıdır. Belə ki, əvvəlki illərlə müqayisədə Bakıda yaşıl ərazilərin coğrafiyası genişlənib. Eyni zamanda, Qarabağda və Şərqi Zəngəzurda su resursları üzərində fəal iş aparılır. Konfransın Laçında işini davam etdirməsi buradakı reallıqları beynəlxalq ictimaiyyətə təqdim etmək baxımından xüsusi əhəmiyyət kəsb edir".

Millət vəkili vurğulayıb ki, Azərbaycan COP29-un ev sahibi kimi iqlim problemlərinə mənfi təsirlərin açıq şəkildə müzakirəsinin tərəfdarıdır: "Həmçinin, ölkəmiz neft və qazla zəngin olan ölkələr üçün məsuliyyət platforması yaratmağa çalışır. Dövlət başçımızın da bəyan etdiyi kimi, Azərbaycan COP29 üçün bir yenilik olan üçlük mexanizmini yaradıb. Belə ki, COP28-i keçirmiş Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və COP30-u keçirəcək Braziliya ilə birlikdə bu formata malik olmaq Azərbaycanın təşəbbüsü idi. Bu mexanizm bizə planlaşdırmaya kömək edəcək. Yəni Azərbaycan COP29-a sədrliyə, ilk növbədə, beynəlxalq arenada ən təxirəsalınmaz məsələnin praktiki həllinə töhfə vermək imkanı kimi baxır. Beynəlxalq forumda əsas diqqət yetirilən məsələlərdən biri də Azərbaycanın qlobal enerji səhnəsində ən böyük tərəflərdən biri olması və yeni rol aldığı ekoloji səhnədə əsas oyunçulardan birinə çevrilməsi oldu. Dünyanın nüfuzlu beyin mərkəzlərinin nümayəndələri də bu qənaətdədir ki, Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq".

Millət vəkili Aydın Hüseynov bildirib ki, dünyanın ən böyük beynəlxalq konfransı hesab edilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi ilə bağlı qəbul olunmuş qərar olduqca mühüm əhəmiyyət daşıyır. Bu, bir çox nüfuzlu beynəlxalq tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi etmiş ölkəmizə olan beynəlxalq etimadın növbəti göstəricisidir və Azərbaycanın daha da artan nüfuzunu nümayiş etdirir. 180-dən çox dövlətin nümayəndəsinin iştirak edəcəyi bu nəhəng tədbirdə ətraf mühitin mühafizəsi, ekologiya, "yaşıl enerji" sahələrində ixtisaslaşan qurumların təmsilçilərinin geniş müzakirəsi bu sahələrə sərmayə axıcılığını stimullaşdırır, "yaşıl iqtisadiyyat" quruculuğu yolunda təşəbbüsləri bir araya gətirir. Bu baxımdan COP29 sammiti Azərbaycanın etibarlı tərəfdaş ölkə kimi dünyada açıq təşəbbüslərin açıq məkanına çevrilməsini şərtləndirməklə, gələcək yeni enerji proqramlarında bölgənin aparıcı sərmayə nöqtəsinə çevrilməsini də təmin edəcək.

Millət vəkili qeyd edib ki, alternativ enerji ilə bağlı layihələr və "yaşıl enerji"nin dünya bazarına nəqli Azərbaycanın enerji siyasətində prioritet sahələrdən biridir və bu siyasət nəticə etibarilə Avropadakı tərəfdaşlarımızın maraqlarına xidmət edir: "Bu mötəbər tədbirin "Yaşıl dünya naminə həmrəylik ili"ndə keçirilməsi nəticəsində Azərbaycan özünün ən müsbət tərəflərini dünyaya çatdıra biləcək. Eyni zamanda, ölkəmiz həmin istiqamətlər üzrə yaxın bir neçə 10 illiyə hesablanmış yeni siyasətin formalaşdırılması üçün çox əlverişli imkanlar qazanacaq. Yəni bu baxımdan düşünürəm ki, konfrans çox əhəmiyyətli tədbirdir. "Yaşıl dünya naminə həmrəylik ili"ndə isə Azərbaycanın bütün dövlət, özəl qurumları bu və ya digər formada birbaşa və ya dolası ilə adıçəkilən proseslərdə fəal iştirak etməklə dövlətin bununla bağlı mövcud siyasətinə də dəstək vermiş olacaqlar".

A.Hüseynov bildirib ki, COP29-a beynəlxalq nəhəng iqtisadi tədqiqat və investisiya mərkəzlərinin, maliyyə institutlarının da böyük marağı vardır: "Onların sırasında Dünya Bankının (DB) xüsusi dəstəyi mövcuddur və Azərbaycan arasında faydalı münasibətlər fonunda DB-nin bu zirvə görüşü prosesində ölkəmizdə hərtərəfli dəstək göstərəcəyi şübhəsizdir. DB "yaşıl iqtisadiyyat" böyük önəm verir, sərmayələr cəlb edir. Xüsusilə ətraf mühitin mühafizəsi, ekologiya, "yaşıl enerji" sahələrində ixtisaslaşan qurumlarla sıx əməkdaşlıq edir, iqlim dəyişmələrinə həsr edilmiş konfranslara dəstək verir. Azərbaycanın da hədəfləri bu istiqamətə yönəlib, "yaşıl iqtisadiyyat" qurucluluğu istiqamətində davamlı proqrmalara start verilib, 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elna olunub. Ona görə də DB-nin COP29 ili çərçivəsində ölkəmizlə üst-üstə düşən hədəf prioritetlərinə dəstək verəcəyi istisna deyil, bank artıq bu barədə öz niyyətini bəyan edib. Azərbaycanın ev sahibliyi edəcəyi COP29 turizmin inkişafına da töhfə verəcək. Bir aya yaxın dövrdə 80 mindən çox turistin Azərbaycanda olması iaşə sektorunun, xidmət və turizmin əlavə dividentlər qazanması deməkdir".

Sevinc QARAYEVA























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
50
Mənbələr
Şərh ()
Bağla