AZ

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Xırdalan, 27 aprel, Ətrabə Rzayeva, AZƏRTAC

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib. Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Aydın Hüseynov və İlham Məmmədov, YAP Abşeron rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti nümayəndələri əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini dərin ehtiramla anıblar.

AZƏRTAC xəbər verir ki, Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində keçirilən tədbir Ulu Öndərin, Zərifə xanım Əliyevanın və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Sonra akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.

Rayon icra hakimiyyəti başçısı Abdin Fərzəliyev çıxışında Zərifə Əliyevanın Azərbaycan qadınının parlaq siması olduğunu vurğulayıb. Respublikamızda səhiyyənin inkişafında və bir çox göz xəstəliklərinin müalicəsində Zərifə Əliyevanın böyük əzmi və fəaliyyətinin olduğunu qeyd edən icra hakimiyyəti başçısı məhz onun sayəsində o dövr üçün aktual olan bir çox tibbi problemlərin tamamilə həll olunduğun bildirib.

Diqqətə çatdırılıb ki, Zərifə Əliyeva əsl Azərbaycan qadının bütün mənəvi keyfiyyətlərini özündə cəmləşdirməklə hər kəsə nümunə olub. Onun taleyinə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyat yoldaşı və xalqımızı qələbəyə aparan, işğal altında olan torpaqlarımızı azad edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin anası olması yazıldığı vurğulanıb.

Milli Məclisin deputatı Aydın Hüseynov deyib ki, Zərifə Əliyevanın adı Azərbaycan qadınına nümunə ola biləcək sədaqətli silahdaş, gözəl ana, böyük oftalmoloq-alim olmaqla təbabətə inamla, xeyirxahlıqla xidmət edən və gənc alimlərin yetişməsində onlara çox böyük qayğı göstərən şəxsiyyət kimi yaddaşlara həkk olunub.

Milli Məclisin deputatı İlham Məmmədov isə Zərifə Əliyevanın xalqımız tərəfindən xeyirxah, humanist və ictimai xadim kimi xatırlandığını vurğulayaraq bildirib ki, onun elmi araşdırmalarından bütün dünyada istifadə olunub.

Tədbirdə digər çıxış edənlər Zərifə Əliyevanın Azərbaycan səhiyyəsinin inkişafında və bir çox göz xəstəliklərinin uğurlu müalicəsində böyük əzmi və fəaliyyətini qeyd edərək, məhz onun sayəsində həmin dövr üçün aktual olan bir çox tibbi problemlərin köklü sürətdə həllini tapdığın vurğulayıblar.

Tədbir Xalq artistləri İlqar Muradov və Samir Cəfərovun, muğam müsabiqəsi mükafatçısı Leyla Rəhimovanın iştirakı ilə təqdim olunun bədii proqramla davam edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
11
azertag.az

10Mənbələr