AZ

ABŞ-ın təyyarədaşıyan gəmiləri Çini vura bilər?

Münaqişədən qaçmaq istəyən Pekin amerikalı admiralı görüşə dəvət edib
Qingdaoda 30 ölkədən olan nümayəndələrin simpoziumu başlayıb. ABŞ Sakit Okean Donanmasının komandanı admiral Stiven Kohlerin də iştirak edəcəyi gözlənilir. Konfrans ABŞ-ın Filippini Çinin ərazi iddialarından müdafiə edəcəyinə söz verdiyi Cənubi Çin Dənizində (CÇD) gərginlik fonunda keçirilir. İclasda 10 il əvvəl təklif edilən, lakin heç vaxt təsdiq olunmayan, bilməyərəkdən toqquşma zamanı fəaliyyət kodeksi müzakirə olunacaq. Amma hər hansı bir razılaşmanın əldə olunacağı mümkün görünmür, çünki ABŞ Çin Hərbi Dəniz Qüvvələrindən üstündür və bunu Filippin sahillərindəki təlimlər zamanı nümayiş etdirəcək.
Simpoziuma maraq böyükdür. Avstraliya, Fransa, Hindistan, Cənubi Koreya və İngiltərədən nümayəndə heyətləri tədbirdə iştirak edəcəklərini bildiriblər. Çin mediasının verdiyi məlumata görə, yanvar ayında keçirilən hazırlıq iclasında pilotsuz təyyarələrin toqquşmasının qarşısını almaq üçün işçi qrupunun yaradılması ideyası da müzakirə olunub. Lakin, “Reuters”in yazdığına görə, Qingdaodakı söhbətlər ilk dəfə Filippinin ərazi sularından kənarda baş tutacaq böyük manevrlərlə üst-üstə düşür. Üstəlik, bu yaxınlarda Vaşinqtonda ABŞ, Yaponiya və Filippin liderlərinin üçtərəfli görüşü keçirilib. Onlar əməkdaşlıq sazişi imzalayıblar və Çinin Cənubi Çin dənizindəki “təhlükəli və aqressiv davranışı” ilə bağlı həyəcan ifadə ediblər. Pekin bu bəyanatı “blok siyasəti”nin nümunəsi kimi dəyərləndirərək onu rədd edib.
Hərbi ekspert və Çin Dəniz Tədqiqatları İnstitutunun keçmiş rəsmisi Sao Veydun deyib: “Bu dəfə ABŞ-Filippin birgə manevrlərinə daha çox hərbi qulluqçu cəlb olunur və manevrlər adi sualtı qayıq və raket əleyhinə təlimlərdən kənara çıxır. Və onlar hücum xarakterli olduğundan və qonşu ölkələr üçün təhlükə törətdiyindən, biz də yüksək ayıq-sayıq vəziyyətdə olmalı və cavab verməyə hazır olmalıyıq”. Digər tərəfdən, Vaşinqton və Pekin yüksək səviyyəli hərbi əlaqələri bərpa edib. Pentaqonun rəhbəri Lloyd Ostin Çinin müdafiə naziri DunTszyun ilə telefonla danışıb. Bu, demək olar ki, iki ildən sonra ilk dəfə baş verib. 
Çin tərəfi 2014-cü ildən bəri davam edən fasilədən sonra bir çox ölkənin baş komandanları və digər dəniz qüvvələri rəhbərlərinin iştirakı ilə simpozium keçirməsinin səbəbini hələ də izah etməyib. Onun qonaqlara Dəniz Donanmasının tikintisindəki nailiyyətlərini göstərmək istədiyi bir fərziyyə var. Məhz bu il HDQ-nin yaradılmasının 75 illiyi tamam olur. Çin Prezidenti Si Cinpin 2027-ci ilə, yəni Xalq Azadlıq Ordusunun yaranmasının 100-cü ildönümünə qədər silahlı qüvvələrin “dünya miqyaslı” səviyyəyə çatdırılmasının zəruriliyindən dəfələrlə danışıb. Lakin əksər analitiklər bu məqsədə 2035-ci ildə nail ola biləcəyinə inanırlar. Çin özünün ən son təyyarədaşıyan gəmisi “Fujian”ın dəniz sınaqlarına başlamağı planlaşdırır, lakin sınaqların nə vaxt başlayacağını hələ açıqlamayıb.
Pekinin simpoziumun əhəmiyyəti ilə bağlı rəsmi fikrini Çin Hərbi Dəniz Qüvvələri Qərargahının zabiti Qiu Tao təqdim edib. Onun sözlərinə görə, 30 ildən çox tarixi ərzində Hərbi Dəniz Qüvvələrinin Qərbi Sakit Okean Simpoziumu donanmalar arasında əməkdaşlıq üçün regional mexanizmə çevrilib. Çin inklüzivlik və bərabərlik prinsipinə sadiqdir. Problem ondadır ki, reallıqda ABŞ çətin ki, Çinlə bərabərlik prinsipləri əsasında dialoq aparmaq istəsin. Vaşinqtonun məqsədi öz üstünlüklərini qorumaqdır. Bu, ABŞ Konqresində Çinlə bağlı müzakirələr zamanı çox açıq şəkildə ifadə edilib. Bir sıra qanunvericilər ictimaiyyəti qorxudub ki, Çin Hərbi Dəniz Qüvvələrinin ABŞ Hərbi Dəniz Qüvvələrindən daha çox gəmisi var və Çin getdikcə bu üstünlüyünü artıracaq.
S.ELAY
XQ

Seçilən
121
50
Mənbələr
Şərh ()
Bağla