AZ

Şirvan şəhərindəki FHN-in yanğın-taktiki təliminə 16 texnikası və 45 əməkdaşı cəlb olunub

Bakı, 18 aprel, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Baş Əməliyyat idarəsinin təşkilatçılığı, Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) və Muğan Regional Mərkəzinin qüvvələrinin iştirakı ilə Şirvan şəhərindəki Sumqayıt Meliorasiya İdarəsinin Şirvan Mexaniki Təmir sahəsində yanğın-taktiki təlim keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, FHN-in baş yanğın təhlükəsizliyi eksperti daxili xidmət general-mayoru Yusif Nəbiyev, DYMX-nin rəisi daxili xidmət general-mayoru Asif Məmmədli, Muğan Regional Mərkəzinin rəisi polkovnik Vüqar Ağayev, Baş Əməliyyat idarəsinin rəis müavini polkovnik Ağali Hüseynov, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Şəhər İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasının nümayəndələri və müəssisənin rəhbər şəxsləri təlimi izləyiblər.

Təlimin keçirilməsində əsas məqsəd Muğan Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyətinin yanğınların söndürülməsi, xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi üzrə praktiki vərdişlərinin daha da yaxşılaşdırılması, qüvvələrin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi olub.

Təlim zamanı Xəzər dənizində şərti olaraq baş vermiş zəlzələ nəticəsində müəssisə ərazisində texnoloji proseslərin pozulması səbəbindən “yaranmış” yanğın və qəzaların nəticələrinin aradan qaldırılması məqsədilə Dövlət Yanğından Mühafizə Xidmətinin hissə və bölmələri və Muğan Regional Mərkəzinin qüvvə və vasitələri “hadisə yerinə” cəlb olunub. Toplanmış kəşfiyyat məlumatlarının əsasında Əməliyyat qərargahının müvafiq tapşırığına uyğun olaraq, axtarış-xilasetmə əməliyyatlarına başlanılıb. Şərti yanğın yerinə operativ çatan FHN-in qüvvələri müəssisə işçilərinin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatlarını uğurla yerinə yetiriblər.

Təlimə ümumilikdə FHN-in 16 ədəd texnikası və 115 nəfərdən ibarət şəxsi heyəti, müəssisənin isə 8 ədəd texnikası və 45 əməkdaşı cəlb olunub.

Yekunda əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

 

Seçilən
94
5
Mənbələr
Şərh ()
Bağla