AZ

Pərviz Şahbazov: “Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər”

Bakı, 16 aprel, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) Assambleyasının 14-cü sessiyası çərçivəsində “100% Bərpa Olunan Enerji Sisteminə doğru Təkanın Yaradılması” mövzusunda keçirilən Yüksək Səviyyəli Dövlət-Özəl Dialoqu tədbirində çıxış edib.

AZƏRTAC Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, çıxışda fossil yanacaqlardan ədalətli keçidlə bağlı BƏƏ-də əldə olunmuş konsensus və 2030-cu ilə qədər bərpa olunan enerji potensialının üç dəfə artırılması üzrə razılaşma 100 faiz bərpa olunan enerji sisteminə doğru mühüm addım kimi dəyərləndirilib. Hamı üçün əlçatan, təhlükəsiz və dayanıqlı enerjini, eyni zamanda, ekoloji təhlükəsizliyi bərpa olunan mənbələr hesabına təmin etmək səviyyəsinin öhdəliklərin və qarşıya qoyulan məqsədlərin icrasından asılı olacağı qeyd edilib.

Bildirilib ki, COP29 ölkəsi olaraq Azərbaycan 2030-cu ilədək və ondan sonrakı dövrdə yaşıl enerji, iqlimlə bağlı hədəflərin reallaşmasına milli səviyyədə töhfə vermək və iqlim fəaliyyəti üzrə qlobal həmrəyliyin hərəkətverici qüvvəsi olmaq əzmindədir. Energetika naziri deyib ki, daxili istehlak, iqtisadiyyatın dekarbonizasiyası və ixrac məqsədilə quruda və dənizdə yaşıl enerji planlarımızın 2027-ci ilədək olan birinci mərhələsində 2 QVt, 2030-cu ilə qədər növbəti mərhələsində isə 8 QVt-dan çox yaşıl enerji güclərinin reallaşdırılmasını hədəflənir.

“Bu, bərpa olunan enerji potensialının Azərbaycan vasitəsilə təxminən 2027-ci ildə 2 dəfə, 2030-cu ilə olan dövrdə isə 4 dəfədən çox artımını vəd edir. Ölkəmizdə elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payını ilkin hədəf göstəricisindən 3 faiz çox və 3 il tez olmaqla 33 faizə yüksəldən bu layihələr Avropa ölkələrində də bərpa olunan enerji potensialının artırılmasının mənbələrindən olacaq”, - deyə nazir vurğulayıb.

Seçilən
74
3
Mənbələr
Şərh ()
Bağla