AZ

Musa Qurbanlının komandası qalib gəldi, liderliyə yüksəldi

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının komandası “Yurqorden” İsveç çempioatında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda 2024-cü il mövsümünün 3-cü turu çərçivəsində ötən gecə “Sirius”la qarşılaşıb.

“Yurqorden” sözügedən rəqiblə doğma meydanda qarşılaşıb və inamlı qələbəyə sevinib. Musa Qurbanlının komandası 16 və 72-ci dəqiqələrdə vurduğu qollar sayəsində 3 xal qazanıb – 2:0.

Musa bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Yeri gəlmişkən, Musanın “Sirius”la oyunda “Yurqorden”in iştirak ərizəsinə düşə bilməməsinin səbəbi də məlumdur. Stokholm təmsilçisinin baş məşqçisi Tomas Laqerlöf yerli mətbuata açıqlamasında bunu rəqabətlə əlaqələndirib:

“Komandada rəqabət yüksək səviyyədədir. Oyunların iştirak ərizəsində isə yalnız 20 futbolçu yer ala bilər. Komandanın bütün mövqelərində tarazlıq olmalıdır. Biz də “Sirius”la görüş üçün daha yaxşı seçimlərimiz olduğunu hiss etdik”, – deyə baş məşqçi bildirib.

Qeyd edək ki, Musa Qurbanlı cari mövsümün ilk üç matçının cəmi birində meydana çıxıb.

“Yurqorden” “Sirius” üzərində qələbədən sonra 7 xalla 16 iştirakçı arasında birinci pillədə qərarlaşıb.

Xatırladaq ki, Musa Qurbanlı 2023-cü ilin iyul ayında “Qarabağ”dan 500 min avro müqabilində “Yurqorden”ə keçib. 21 yaşlı futbolçu İsveç klubu ilə 3 illik müqavilə bağlayıb. O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur. Musa “Yurqorden”də indiyə qədər 20 rəsmi oyuna çıxıb, 3 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
4
arena.az

10Mənbələr