AZ

“Uduza bilərdik, lakin belə böyükhesablı məğlubiyyət gözləmirdik” – yığmanın baş məşqçisi

Qadınlardan ibarət futbol yığmamız dünən AÇ-nin seçmə mərhələsinin 2-ci oyununda İsveçrəyə uduzdu - 0:4.

“Liv Bona Dea Arena”da keçirilən oyundan sonra baş məşqçi Siyasət Əsgərov jurnalistlərin suallarını cavabladı:

"Doğrudan da, çətin olacağını gözləyirdik. Çünki rəqibin oyun keyfiyyətini bilirdik. Türkiyə ilə qarşılaşmalarına baxıb təhlil etmişdik. Əslində İsveçrə millisi illərlə A liqasında çıxış edirdi. Görünən odu ki, keyfiyyət sözünü deyir. Buna baxmayaraq, sona qədər vuruşduq. Qrupda ilk oyunda 1 xal qazanandan sonra istəyirdik ki, evdə şansımızdan istifadə edək. Təəssüf, olmadı. Bizi üzən 4:0 hesabıyla məğlub olmaqdı. Düzdü, uduza bilərdik, lakin belə böyükhesablı məğlubiyyət gözləmirdik. Toplu və topsuz üstünlükləri var idi. Rəqib bizi səhvlərə məcbur edib, oyunun tempini qaldırmışdı. Macarıstanda da temp yüksək idi. Komanda hər şeyini ortaya qoyub mübarizə aparmışdı. Görünən odu ki, qızlarımızın yorğunluğu tam keçməmişdi. Bir sutkaya yaxın yol gəlmişdik. Nə qədər bərpa etməyə çalışsaq da, tam alınmadı. Səhvlər etdik, qollar buraxdıq. Amma əsas odu ki, o səhvlərin üzərində işləyəcəyik. İlk hissədəki 2:0-dan sonra ruh düşkünlüyü hiss olunurdu. Bu hal həmişə xanımlarda yaşanır. Paltardəyişmə otağında qızlarla danışıb, motivasiyanı qaldırmağa çalışdıq. Səhvlərimiz nələrdi onu dedim. İkinci hissədə ilk 10 dəqiqənin çətin olduğunu, bir qədər diqqətli olmağın lazım olduğunu xatırlatdım. Lakin tempi qaldıra bilmədik və həmin 10 dəqiqədə qol buraxdıq. Ona görə hesab bu yerə gəldi. Oyunda rəqibdən fərqli iki dəyişiklik etdik. Heyətimiz geniş deyil. Buna görə də çətinlik çəkirik. Mən də bütün dəyişikliklərdən istifadə edib, oyun anında intensivliyi saxlamaq istəyərəm. Aşağı yaşlarda da istədiyimiz səviyyədə oyunçu yoxdu deyə, biz yuxarıda çox çətinlik çəkirik. Bizim üçün də xoş deyil U-19-un məğlub olması. Orda çox az istedadlı oyunçularımız var. Biz də üzərlərində əsirik ki, heç nə olmasın, onları yuxarı gətirib çıxara bilək. Futbolçularımız zədələnsə, sarı və ya qırmızı vərəqə alsa, onları əvəz etməkdə problem yaşayırıq. Lakin komandamız bəlli bir yerdən gözlə görünən səviyyəyə gəlib. Amma yenə də işləyib önümüzə baxmalıyıq. Səfərdən gələndən sonra İsveçrə kimi rəqibə qarşı, bu intensivlikdə oynamaq qızlar üçün ağır oldu. Biz hələ B liqasında yeniyik. Çətin olacağını gözləyirdik. Bizə hələ ki vaxt lazımdı. Növbəti rəqibimiz Türkiyə millisidi. Onlarla keçirəcəyimiz iki oyun bizim üçün dönüş nöqtəsidi. Biz o iki oyunda qrupda yerimizi bəlli edə bilərik. Ona görə keçirdiyimiz oyunları unudub, psixoloji cəhətdən növbəti oyunlara köklənməliyik. Digər iki milliyə baxanda Türkiyəni daha yaxından tanıyıram, iki ilə yaxın orda işləmişəm. Necə və hansı üslubda oynadıqlarını, hansl potensiala malik olduqlarınl bilirəm. Buna görə mənə daha rahat olacaq. Dediyim kimi, bu iki oyun bizim qrupda hansı sırada qərarlaşa biləcəyimiz baxımından çox vacibdi".


GÜNAY SÜLEYMANOVA
Seçilən
171
24
Mənbələr
Şərh ()
Bağla