AZ

"Bir yerə toplanmalı, özümüzə gəlməliyik" - MÜSAHİBƏ

"Araz Naxçıvan"ın forvardı Orxan Əliyev Premyer Liqanın 28-ci turunda "Sumqayıt"a məğlub olduqları (0:1) qarşılaşmadan sonra Sportinfo.az-a müsahibə verib.

- Oyunu necə şərh edərdin?

- “Sumqayıt” ilk hissə yaxşı oyun göstərdi. Biz də mübarizə aparmağa çalışırdıq, amma görünən odur ki, alınmadı.

- 6 oyundu qələbə qazana bilmirsiz. Sizə mane olan nədir?

- Mübarizə aparırıq. İstəyimiz yerindədir. Qol imkanları yaradırıq. Ancaq alınmayanda alınmır da. Uduzanda heç nə demək olmur.

- İlk hissə xüsusilə meydanda çox ruhsuz “Araz” vardı...

- Razılaşıram. Rəqib buna imkan vermirdi. İkinci yarıda nəsə etməyə çalışdıq, lakin olmadı.

- Maaşların gecikməsi, mükafatların verilməməsi ilə bağlı iddialar var. Bəlkə, bugünkü “Araz”ın istəksiz görünməsinə əsas səbəb budur?

- Bunu kənaraq qoymalıyıq. Meydana çıxırıqsa əsas məqsəd qələbə qazanmaq olmalıdır. Gərək udaq ki, mükafat verilsin. Kim deyir ki, biz udduq, mükafat verilmədi? Bu gün oyundan əvvəl də rəhbərlik mükafat söz vermişdi. Amma biz uda bilmədik.

- Bəs maaşlar necə?

- Bu problem bir çox klublarda var. Biz də həmin klublar kimi gözləyirik. Yəqin ki, tezliklə verilər.

- Avrokuboklar şansını itirməyinizlə barışmısız?

- Belə davam etsək, şansımız olmayacaq. Bir yerə toplanmalı, özümüzə gəlməliyik.

- Penal epizodu çox müzakirə olunur. Qərara münasibətin necədir?

- Təkrarına baxmamışam. Nə deyim vallah.

- Hazırda düşdüyünüz “qara zolaq”da hakimlərin rolu nə qədərdi?

- Hər şeyi də onların üstünə atmaq düzgün deyil. Ola bilsin səhvlər edirlər. Onlar da insandı. Səhv edə bilərlər. İlk növbədə günahı özümüzdə axtarmalıyıq ki, niyə uduzuruq?

- Mövsüm sona yaxşınlaşır. Karyeranla bağlı qərar vermisən?

- Hazırda bu barədə nəsə demək istəmirəm. Zamanla hər şeyi biləcəksiniz.

- Başqa təkliflərin var?

- Bəli, var.

- Yerli klublardı?

- Həm yerli, həm də əcnəbi klubdan təklif almışam.

- Arxada qalan 28 tura baxış keçirsək, öz çıxışını necə qiymətləndirirsən?

- Daha çoxunu edə bilərdim. Tam razı olduğumu deməzdim. Əlimə düşən çox şansları qaçırmışam.

- Uzun müddət Premyer Liqadan uzaq düşdün. Bir növ yüksək liqa həyəcanından, təcrübəsindən məhrum oldun. Qaçırdığın qol imkanlarını həmin boşluqla əlaqələndirmək olar?

- Hardasa bir balaca demək olar. Amma tam demək olmaz. Mən peşəkar futbolçuyam. Hər məşqdə üzərimdə çalışıram. Hər şey də yaxşı alınır. Sadəcə son anda nəsə çatmır. Futboldu hər şey mən istəyən kimi ola bilməz.

XANOĞLAN İMANOV

Seçilən
140
20
Mənbələr
Şərh ()
Bağla