AZ

"Hakimin bizə qarşı qərəzi hiss olunurdu" - Məmmədov

Azərbaycan I Liqasında XIX turu oyunları başa çatıb. "Zaqatala" azarkeşləri önündə MOİK-i qəbul edib. Matç "hərbiçilər"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

"Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov "FutbolPress"ə açıqlamasında məğlubiyyəti şərh etdi:

"Qol vura bilmiriksə, qalibiyyətdən danışmamalıyıq. Ən yaxşı halda qapında top görməyəcəksən və oyun heç-heçə başa çatacaq. Hazırda bu yöndə işlərimiz gedir, məşqlər edirik. Son dəqiqələrdə qol buraxdıq və məğlub olduq. Bundan əvvəlki oyunlarla bu qarşılaşmanı müqayisə etdikdə inkişaf hiss olunur. Həmçinin oyunçu sayımız yetərincə deyil. Oyuna ikinci nəfəs verə bilmirik. Bəzi futbolçularımız ilk hissədə zədələndi, həmçinin yorulan oyunçular var idi ki, əvəz edə bilmədik. Bu da oyunumuza mane olan amildir. Səbəb isə qışda komandadan ayrılan futbolçuların əvəzinə heyətimizə yeni oyunçular cəlb edə bilmədik. Üstəlik cəzalı olan oyunçularımız var. Bütün qeyd etdiyim məqamlar bizə təsir etdi".

Mütəxəssis oyunun baş hakimi Əkbər Əhmədovdan da şikayətləndi:

"Qarşılaşmada hakimin səhvləri də oyunumuza təsir etdi. Düzdür, buna mütəxəssislər daha yaxşı qiymət verə bilərlər, amma bu məqamlar futbolçuların psixoloji durumuna təsir etdi. Hakimin bizə qarşı qərəzi hiss olunurdu. Onun verdiyi bəzi qərarları başa düşə bilmirdik. Mövsümdə hakimlərdən çox narazılığımız olmayıb, amma səhv qərarlar futbolumuzun inkişafına təsir edir. Biz başa düşürük, səhv hamıda olur, lakin elementar məqamda səhv edirsənsə, bu məsələyə dərindən baxmaq lazımdır".

Məmmədov növbəti turda "Karvan"a qarşı matça da ciddi hazırlaşdıqlarını qeyd etdi:

"Növbəti oyun "Karvan"a qarşıdır. Onlar da bizim kimi ikinci dövrəyə pis başlamayıblar. Yaxşı oyun keçəcəyi gözlənilir. Ev oyunumuzdur. Qarşılaşmaya ciddi hazırlaşırıq. Son matçdakı çıxışımız oyunçuları daha da həvəsləndirib".

Çalışdırıcı komandanın hədəfindən danışdı:

"Hazırda qarşımız qoyduğumuz hədəflərə çatmamışıq. İlk "3-lük"dən birini tutmaq istəyirik. Lakin bundan uzaq düşmüşük. Reallıq ilk "5-lik"də qərarlaşmaqdır. İstəyirik ki, buna nail olaq. Həmçinin gənc futbolçuların inkişafına çalışırıq. Sevindirici hal odur ki, legioner futbolçumuz Steyn Essono Qabon yığmasına dəvət edildi. Demək ki, onlar bizim oyunumuzu izləyiblər. Bu bizim üçün uğurdur. Yerli futbolçular da bu hədəfə nail olsalar, olduqca yaxşı olar".

"Zaqatala" çempionatda 19 turdan sonra 22 xalla 7-ci sıradadır.

Məlik Məlikov
Seçilən
205
45
Mənbələr
Şərh ()
Bağla