AZ

Azərbaycan əsgəri harada dayanacaqsa, ora da onun sərhəddidir - fransalı nazirə ŞİLLƏ KİMİ CAVAB

Fransanın xarici işlər naziri Stefan Sejurne Parisdə ABŞ dövlət katibi Entoni Blinkenlə birgə mətbuat konfransında Azərbaycan əleyhinə fikirlər səsləndirib.

Musavat.com xəbər verir ki, Sejurne Ermənistanın “ərazi bütövlüyünə” Azərbaycan tərəfindən “təhdid olduğunu” iddia edib.

STEFAN.jpg

“Biz bu gün Azərbaycan tərəfindən mübahisələndirilən Ermənistanın ərazi bütövlüyü haqqında danışdıq və icazə verin deyim ki, Azərbaycanın ritorikasının getdikcə nəzarətdən çıxdığını nəzərə alaraq, bundan nə qədər narahatıq”, - Sejurne bildirib.

AĞ Partiya başqanı Tural Abbaslı Sejurnenin fikirlərini Musavat.com üçün belə şərh edib:

“Fransanın bu tip bəyanatlarına öyrəşmişik. Qərəzli, ikiüzlü və demokratik yanaşmaya, dövlətlər arasındakı bərabərhüquqlu münasibətlərə yaraşmayan bəyanatlardır. Həmin nazirdən soruşmaq lazımdır ki, əgər iki dövlət öz arasında sərhədlərini müəyyən etməyibsə, hansı ərazinin Azərbaycana, hansı ərazinin Ermənistana aid olduğunu haradan bilir? 1918-ci ildən bu günə kimi Azərbaycan və Ermənistan arasında sərhədlər dəqiq müəyyən edilməyib. Parisdə Azərbaycanın ərazisi 114 min kvadratkilometr, Ermənistanın ərazisi isə 9 min kvadratkilometr olaraq müəyyənləşdirilib. Odur ki, səslənənən fikirlər avantüradır, boşboğazlıqdan o tərəfə keçmir. Özünə hörmət edən heç bir dövlətin naziri hər hansı ölkənin sərhədləri barədə fikir bildirməz. Nə Ermənistan, nə də Azərbaycan 100 ildən çoxdur sərhədlərin nə delimitasiyasını, nə də demarkasiyanı bitiriblər. Ərazilər hələ də mübahisəlidir. Nazir nəyə əsasən Azərbaycanın ərazi iddiası etdiyini bildirir? Azərbaycan heç bir dövlətin ərazisinə iddialı deyil, yalnız öz tarixi torpaqlarına iddialıdır. Azərbaycan Fransa kimi okeanın ortasında yerləşən əraziləri işğal edib, koloniyalaşdırmayıb. Tarixi torpaqlarımızda hələ də Azərbaycan toponimləri qalır”.

T.Abbaslının fikrincə, Fransanın məqsədi Ermənistanın mövqeyinin gücləndirilməsi, Azərbaycan və Ermənistan münasibətlərindəki balansın bərabərləşdirilməsi üçün Azərbaycanın üzərinə gəlməkdir:

“ABŞ də bu məsələdə kifayət qədər fəaldır. Azərbaycan bunlara fikir verməli deyil. Kim nə istəyir, desin. Öz keçmişlərinə baxsınlar, utansınlar. Fransa bizə ağıl verəcək səviyyədə, statusda deyil. Sərhədlərimizi nə Fransa, nə ABŞ, nə Rusiya, nə İran, yaxud digər dövlətlər müəyyən edir. Azərbaycanın sərhədlərini özü, xalqı, ordusu, əsgərinin qanı müəyyən edir. Azərbaycan əsgəri harada dayanacaqsa, ora da onun sərhəddidir. Dünya bunu tanısa da, tanımasa da. Ermənistana məsləhət görürük ki, belə populist bəyanatlardan qaza gəlib, öz talelərini şübhə altına almasınlar. Ən azı Ukraynadan dərs çıxarsınlar. Eyni ölkələr, eyni adamlar bir müddət öncə eyni ifadələri Ukrayna haqqında işlədirdilər. Ukraynanı həvəsləndirdilər, bu gün də Ukrayna rus ayısının pəncələri altında darmadağın olunmuş ölkəyə çevrilib. Ermənistan da sürətlə bu istiqamətdə hərəkət edir. Ermənistan unutmasın ki, nə Fransa, nə ABŞ, nə də Rusiya onun əvəzindən döyüşəndir. 44 günlük Vətən müharibəsində, 1 günlük antiterror tədbirlərində bunu etmədilər. Ermənistanı müharibəyə salmaq istəyirlər. Azərbaycan isə öz ərazilərini müdafiə etmək və tarixi sərhədlərini bərpa etmək üçün hər an hazırdır”.

Qeyd edək ki, Azərbaycan XİN də fransız nazirin fikirlərinə münasibət bildirib.

AYXAN

Nazirliyin mətbuat katibi Ayxan Hacızadə qeyd edib ki, aprelin 2-də Fransa Respublikasının Avropa və xarici işlər naziri Stefan Sejurnenin Parisdə ABŞ dövlət katibi ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialar növbəti dəfə Fransanın bölgədə açıq-aşkar gərginlik yaratmaq və sülh prosesinə mane olmaq səylərinin bariz nümunəsidir:

“Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlayan, 1 milyona yaxın azərbaycanlını öz doğma torpaqlarından didərgin salan, kütləvi qırğınlar və insanlıq əleyhinə cinayətlər törədən Ermənistanın Fransa tərəfindən sülhpərvər ölkə kimi təqdim edilməsi bu ölkənin həm vasitəçiliyi dövründə, həm də 44 günlük Vətən müharibəsindən sonra yürütdüyü siyasətin nə qədər saxta olduğunu nümayiş etdirir. Bununla yanaşı, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransa tərəfinin Azərbaycanı aqressiv ritorikada təqsirləndirməsi qəbuledilməzdir. Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi kimi məsul vəzifəni yerinə yetirdiyi bir dönəmdə ölkənin imicinə xələl gətirmək məqsədi güdən və sədrliyimizi hədəf alan bu kimi çağırışlardan çəkinilməsinin Fransa və dünyamız üçün daha faydalı olacağını hesab edirik. Məhz Fransa kimi ölkələrin son 30 ildə Ermənistanın təcavüzünü ört-basdır edən siyasətinin heç bir fayda vermədiyi hər kəsə aydın olmalıdır. Bununla Fransa tərəfi anlamalıdır ki, onun tərəfindən həyata keçirilən bu kimi destruktiv fəaliyyətə nə qədər ki, son qoyulmayıb, bu həm Fransanın zərər görmüş imicinə, həm də hər vəchlə müdafiə etdiyi Ermənistana xeyir gətirməyəcək”, - A.Hacızadə vurğulayıb.

Nigar HƏSƏNLİ,
Musavat.com

Seçilən
145
8
Mənbələr
Şərh ()
Bağla