AZ

Bir öpüş 2,5 illik həbs cəzasına səbəb ola bilər

Ötən il keçirilən dünya çempionatının mükafatlandırma mərasimində İspaniyanın qadınlardan ibarət yığmasının kapitanı Cennifer Ermosonu öpmək dərəcəsində ehtiyatsızlığa yol verən İspaniya Kral Futbol Federasiyasının (RFEF) sabiq prezidenti Luis Rubiales 2,5 illiyə həbs cəzasına məhkum oluna bilər.

"Football-plus.az" xəbər verir ki, ona iki maddə üzrə ittiham irəli sürülüb: qarşı tərəfin razılığı olmadan öpüşməyə və sonradan zərərçəkənə təzyiq göstərdiyinə görə. Bəs belə sərt cəza sabiq prezidentin hərəkəti ilə adekvatdımı?

Kontekst önəmlidi
2023-cü ilin avqustuna – İspaniya qadın futbolunun tarixindəki ən vacib zəfərin yaşandığı ana qayıdaq. “Qırmızı furiya” gərginliyin ən yüksək həddə çatdığı oyunda İngiltərəyə qalib gələrək (1:0) haqq etdiyi qızıl medalları alır. Məhz həmin məqamda “cinsı qısnama” baş verir: emosiyalar içində üzən Rubiales Ermosonun dodağından öpür. O, Cenniferi hansısa qaranlıq küçədə divara qısnamır, mükafatlandırma mərasimində öpür. Ölkəfə futbolun inkişafı yolunda çox iş görən sabiq prezidentin həmin anda hansı hisslər fontanı yaşadığını təsəvvür etmək çətin deyil. Əlbəttə, bu məqam futbol məmurunun “dozanı aşması” reallığını dəyişmir. Bəlkə də daha az ekspressiv jestlə kifayətlənmək olardı. Ancaq yenə də vurğulayırıq ki, konteksti nəzərə almaq lazımdı.

Rubiales “qorxunc cinayəti törədəndən” sonra belə demişdi:
“Bu, iki dostun qələbəni bayram etdiyi an idi”.
Ancaq onu daha heç kim dinləmədi. Və ya dinləmək istəmdi. İctimai qınaq başladı.

Kollektiv dəlilik
Ermoso “möcüzəvi aşağılanmadan” sonra dərhal gözüyaşlı paltardəyişmə otağına qaçsaydı, ardından “bu təcavüzkar mənə dəhşətli ağrı yaşatdı” tipli açıqlama versəydi, bəlkə də indiki durumu anlamaq olardı. Ancaq bunların heç biri baş vermədi. Adı çəkilən futbolçu Rubialeslə birgə qələbəni bayram etdi, ardından daha bir maraqlı videoyazı peyda oldu: orda “zərərçəkən” komanda yoldaşları ilə birgə bu hadisə barədə danışır-gülürdü. Və heç kim də o öpüşə böyük əhəmiyyət vermirdi. Üstəlik Ermoso özü də hadisəni “böyük sevincdən doğan spontan qarşılıqlı jest” adlandırmış, bunun üzərində dayanmamağa çağırmışdı.

İspaniya siyasətçilərinin və ictimai təşkilatçılarının təşviq etdiyi feminist gündəm olmasaydı, qalmaqla tezliklə aradan qalxacaqdı. Ancaq sonda nə oldu? Feminist hərəkatının fəalları o öpüşü seksual zorakılıq formasına bərabər tutub Rubialesin sərt cəzalanmasını tələb etdilər.

Artından Luisi ikiqat qüvvə ilə basdırmağa başladılar: təqibə başqa məmurlar, həmçinin məşhur kişi və qadın futbolçular da qoşuldu. Ermoso da qəfil özünü ciddi zərər çəkmiş adam kimi hiss etdi. Bunun adı kollektivlik dəlilik deyilsə, bəs nədi?!

Sözsüz, Rubiales səhvə yol verib. Emosiyalarına yenik düşüb. O, özünə bəraət qazandırmağa çalışdı, üzr istədi, ardından İspaniya Kral Futbol Federasiyasının prezidenti postundan getdi. FİFA Rubialesi üçilliyə futbolla bağlı fəaliyyətdən kənarlaşdırdı. Bir sözlə, Luisin hərəkəti idmanda ədəb və ləyaqət çərçivələrinə zidd davranış kimi qiymətləndirildi.

Bəs sonra?
Rubialesin başı böyük bəladadı. Özü də öpüşə görə 2,5 il həbs onu gözləyən təhlükələrdən yalnız biridi. İş ondadı ki, İspaniya prokurorluğu Səudiyyə Ərəbistanına İspaniya Superkubokunu keçirmək hüququnun verilməsi ilə bağlı işə görə RFEF-in binasında axtarış aparandan sonra martda funksionerin həbsinə order vermişdi. İstintaq İspaniya Milli Məşqçilik Məktəbinin prezidentinin Rubialesə və “Barselona”nın sabiq müdafiəçisi Xerard Pikeyə qarşı biznesdə korrupsiya və ədalətsiz idarəçilik iddiası ilə bağlı şikayət etməsindən sonra başlayıb.

Luis hazırda Dominikan Respublikasındadı. Mətbuatın yazdığına görə, o, ekstradisiyadan yayınmaq üçün bu ölkədən vətəndaşlıq almağa hazırlaşır.
Seçilən
127
10
Mənbələr
Şərh ()
Bağla