AZ

Rusiyada miqrantların sıxışdırılması davam edir: Məhkəməsiz deportasiya…

İş miqrantlarına təqvim ili ərzində Rusiyada 90 gündən artıq qalmaq qadağan ediləcək, qanunu pozsalar, məhkəmə qərarı olmadan ölkədən çıxarılacaqlar.

Qaynarinfo xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin nümayəndə İrina Volk bildirib ki, miqrasiya siyasətinin sərtləşdirilməsi nazirlik tərəfindən hazırlanmış və artıq baxılmaq üçün hökumətə təqdim edilmiş qanun layihəsini nəzərdə tutur.

Onun sözlərinə görə, sənəd Rusiyaya daxil olarkən biometrik fərdi identifikasiyanın tətbiqi, habelə əcnəbinin rəqəmsal profilinin yaradılması üçün hüquqi əsas yaradır. Bundan əlavə, miqrantlarla bağlı inzibati nəzarət qurulacaq, bu da polisə həvalə olunacaq.

Müəyyən kateqoriyadan olan əcnəbilər üçün nəzarətli qalma rejimi tətbiq ediləcək. Bundan əlavə, işəgötürənlər, əcnəbi işçi qüvvəsi cəlb edən iş və ya xidmətlərin müştəriləri üzərində nəzarətin gücləndirilməsi gözlənilir.

Öz növbəsində, dövlət orqanlarına, təşkilatlara, fiziki və hüquqi şəxslərə miqrasiya qanunlarını pozanlara hər hansı xidmət göstərməsi, habelə onların Rusiya ərazisində qalmasının qanuniləşdirilməsinə köməklik göstərməsi qadağan ediləcək.

“Loyallıq sazişi” də nəzərdə tutulub: qanun pozuntusu halında əcnəbilərdən Rusiyaya daxil olmaq, ölkədə qalmaq və yaşamaq hüququnun mümkün məhdudlaşdırılması ilə bağlı müqavilə imzalamaları tələb olunacaq.
Hazırda miqrantlar sərhədi keçdikləri andan Rusiyada 90 gün qala bilərlər. Əmək müqaviləsi bağlanarsa, müddət bir ilə qədər uzadıla bilər.
“Crocus City Hall”da 144 nəfərin ölümü və 551 nəfərin yaralanması ilə nəticələnən terror aktından sonra Rusiya hakimiyyəti miqrantlara diqqəti artırmağa başlayıb. İstintaqın məlumatına görə, terror aktını birbaşa törədənlər dörd Tacikistan vətəndaşı olub.

Getdikcə tez-tez baş verən reydlər və yoxlamalar fonunda Tacikistan hakimiyyəti əmək miqrantlarının Rusiyadan vətənlərinə qayıtdığını elan edib. “Çoxlu zənglər olur. Bunlar çox güman ki, təqiblərlə bağlı şikayətlər deyil, vətəndaşlarımızın qorxusu, çaxnaşmasıdır, çoxları getmək istəyir”, – deyə respublikanın əmək nazirinin müavini Şahnoza Nodiri bildirib.

Eyni zamanda, yanvarda 2,9%-ə çatan rekord dərəcədə aşağı işsizlik səbəbindən Rusiyanın əmək miqrantlarına ehtiyacı var. Ötən il sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkil Boris Titov Rusiya prezidenti Vladimir Putinə əmək miqrasiyası mexanizmini sadələşdirməyi təklif edib. Belə olan halda, Vyetnam, Kamboca, Myanma, Tailand, Bruney, Şərqi Timor, Filippin, Malayziya, İndoneziya və Sinqapur sakinləri ölkəyə işləmək üçün gələ bilər. Titov bunun zəruriliyini Mərkəzi Asiya ölkələrinin Rusiyanı daha çox işçi qüvvəsi ilə təmin edə bilməməsi ilə izah edib.

Seçilən
99
27
Mənbələr
Şərh ()
Bağla