AZ

“Türkiyə cəmiyyəti bu seçkilərlə demokratiya dərsi verdi” – Oqtay Qasımov

“Türkiyədə keçirilən bələdiyyə seçkilərinin nəticələri bir çox ekspertlər üçün gözlənilməz oldu”. 

Bu sözləri Yenicag.az-la söhbətində siyasi analitik Oqtay Qasımov deyib.


O, ötən gün Türkiyədə keçirilən bələdiyyə seçkiləri çərçivəsində hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) İstanbul, Ankara və İzmir kimi “kilid şəhərlər”də Cümhuriyyət Xalq Partiyasına (CHP) məğlub olması faktından söz açıb.

Politoloqun sözlərinə görə, Türkiyə siyasətini diqqətlə izləyənlər 2019-cu ildən sonra müxalif CHP-nin seçkilərdə səslərini artıracağını və hakim AK Partinin geriləcəyini ehtimal edirdilər:
“Bunun əsas səbələrdən biri keçən il baş verən zəlzələ oldu. Diqqət etsək, görərik ki, zəlzələ bölgəsində AK Parti əvvəlki dövrlərə nisbətən daha çox səs itirdi. Digər tərəfdən, nəzərə alsaq ki, 2019-cu ildə 12 Böyükşəhər Bələdiyyəsini qazanan CHP-nin bələdiyyə başqanları nümunəvi işləri ilə Türkiyə seçicisinin simpatiyasını qazandı. Həmçinin bir çox AK Parti nümayəndələrinin xidmət məsələsində CHP-lilərdən geri qalması əsaslı bir fakt oldu”.
Həmsöhbətimiz əlavə edib ki, hazırkı seçki prosesində rəqiblərə qarşı yolverilməz variantların istifadəsinin də seçkilərə təsiri oldu:
“Xüsusilə də İstanbul və Ankarada aparılan əks-təbliğat kampaniyası, o cümlədən bir çox hallarda heç bir əsası olmayan ittihamlar seçicilərdə kəskin reaksiya yaradan səbəblərdən biri idi. Burada başqa, bir önəmli məsələ isə budur ki, uzunmüddətli hakimiyyətdə qalan partiyalarda psixoloji yorğunluq özünü büruzə verir. Yəni cəmiyyət bir müddət AK Partiyə şans tanıdı, etimad göstərdi, indi isə dəyişiklik istəyir. Cəmiyyətdə dəyişikliklərə ehtiyac artıb, xüsusilə də son illər Türkiyənin iqtisadi vəziyyəti ilə bağlı problemlər, inflyasiyanın yüksək həddə olması, eləcə də insanların gəlirlərinin azalması sosial narazılıqları artırıb ki, bu da seçkilərin nəticələrinə təsir etdi”.
O. Qasımova görə, bələdiyyə seçkiləri yerli səviyyədə olan seçkilərdir və burada daha çox insanların özünün tanıdığı bələdiyyələrə daha çox etimad göstərilir: “Fikrimcə, AK Partinin İstanbul üçün ƏkrƏm İmamoğluna qarşı çıxardığı namizəd çox da uğurlu bir persona deyildi. Çünki onun nazirlik dövrü və TOKİ-yə başçılıq etməsi Murat Kurumu tənqidlərə tuş gətirirdi. Çünki zəlzələ bölgəsində dağılan evlərin bir çoxu məhz Murat Kurumun rəhbərlik etdiyi qurumlara bağlı idi. Bu məsələnin də seçkilərə təsiri oldu.
Qısacası, Ankara və İstanbulda AK Partinin özünün əsas rəqiblərinə qarşı çox da uğurlu namizəd çıxarmadı. Xüsusilə də Turqut Altınok 30 il müddətində keçirilən bələdiyyəsinin başqanı olub. Ona görə də Turqut Altınokun Mansur Yavaşın qarşısında çox da uğur qazanacağı gözlənilmirdi. Hətta Turqut Altınokun özünün mal varlığı ilə bağlı ortaya çıxan faktlar ciddi şəkildə gündəm oldu”.
Politoloqa görə, bu seçkidə ən önəmli faktor bu idi ki, Türkiyə cəmiyyəti demokratiya dərsi verdi və xalq bundan uğurlu çıxdı.
“İnsanlar göstərdi ki, Türkiyə cəmiyyəti demokratiyaya nə qədər bağlıdır və səsverməyə nə qədər həssasdır. Onlar göstərdilər ki, cəmiyyət seçki qutularında istədiyini mükafatlandırıb, istədiyini də cəzalandırır, buna qadirdir. Nəticə etibarilə, bu gün Türkiyədə dmeokratiya inkişaf edir və xalq bunun faydasını görəcək”, – deyə siyasi təhlilçi fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

Seçilən
164
17
Mənbələr
Şərh ()
Bağla