AZ

"Üç naziri dəyişmək olmaz" - Novella Cəfəroğlu ilə MÜSAHİBƏ

"Həbs edilənlərin “suçunu” bilirəm, heç birini günahsız yerə tutmayıblar"

 

"Pensiyam yüksəkdir, ona görə də kirayə evdə yaşaya bilirəm"

 

"Elçibəy İlham Əliyevin işini görsəydi, deyərdi ki, “oğuldur!”"

 

"Siyavuş Novruzov dedi ki, “ay qız, sənin “Quran” oxuyan vaxtındır, hələ də məhəbbətdən kitab oxuyursan?”"

 

"Elçibəy dedi ki, mənə namaz qılmaq yaraşmır, qıla bilmərəm, bircə dəfə namaz qıldım, o qədər Allaha bağlandım ki, gördüm, əynimdəki paltar bütünlüklə yaşdır...”"

 

Hüquq müdafiəçisi Novella Cəfəroğlunun Pravda.az-a müsahibəsini təqdim edirik.

 

- Novella xanım, Prezident seçkilərindən sonra ölkədəki durumu necə dəyərləndirirsiniz?

 

- Ümumi normaldır. Gözləyirdik ki, bayramlarda əfv olacaq, amma olmadı. May ayında  Aministiya aktı qəbul edilə bilər, siyasi motivlə həbs edildikləri bildirilən şəxslərin də azadlığa buraxılacağını ehtimal edirik. Bilirsiniz ki, nə qədər jurnalist həbs olunub, onların arasında gənc qızlar da var. Mən onların “suçunu” bilirəm, heç birini günahsız yerə tutmayıblar. Yəqin ki, barələrində deyilənlər baş verib. Çünki bütün bunların hamısını Dövlət Təhlükəsizliyi Xidməti aşkar edir. DTX rəisi Əli Nağıyevə böyük inamım var... Sadəcə, bu şəxsləri həbs deyil, beynəlxalq təşkilatların bizə qarşı hücumlarını dayandırmaq üçün o şəxslər şərti azadlığa buraxıla bilərlər. Gənc qızlardırlar, bilinmir, bunlardan istifadə ediblər, ya necə... Amma media hüququ üzrə ekspert Ələsgər Məmmədlini tanıyıram. Doğrudan da, peşəkar hüquqşünas, yaxşı insandır. Səhhətində müəyyən problemlər var. Bunlar qeydiyyatsız 795 min pul alıblar. Biz də qrant almışıq. O qədər yüksək vergi verirdim, ona görə pensiyam da artıb. Azərbaycanda "siyasi məhbus" məsələsini bitirmək lazımdır. Məsələn, hesab edirəm, Əvəz Zeynallı Vətənə bağlı insandır. Heç vaxt Vətənə pislik etməyən biridir. Onu, hətta məhkəmə zalından da azadlığa buraxmaq olar. Yəni həbs edilənlər məsələsində vətənini sevənlər və digərləri arasında fərq qoysunlar. Ümid edirəm, may ayında, bəlkə, ab-hava dəyişə...

 

- Müxalifət tərəfi iddia edir ki, ölkədə siyasi məhbus adlandırılan şəxslərin sayı yüzlərlədir. Amma sizdəki siyahıda rəqəmlər fərqlidir. Konkret müdafiə etdiyiniz şəxslərin sayı nə qədərdir? 

 

- "Siyasi məhbus" siyasında 40 nəfərə var. Düşünürük ki, onları buraxmaq olar. Biz inanclı olduğuna görə həbs edildiyi bildirilən şəxslərin müəyyən hissəsini müdafiə edirik. Amma sən də, mən də bilirəm ki, inanca görə tutulanların bəziləri İranın əli ilə iş görürlər. Bu, artıq təsdiqlənib. İranın terror şəbəkəsi göz qabağındadır. Nə yaxşı ki, DTX rəisi Əli Nağıyev və onun komandası var. Onlar hamısını tez aşkarlayıb saxlayırlar. Bizim siyahıda həmçinin ömürlük həbs edilənlər də yer alıb. Onların arasında Vətən müharibəsində iştirak edənlər, eləcə də 24 ildir, həbsdə olanlar var. Ömürlük həbsdə olan Elçin Əmiraslanov və digərləri, adlarını çəkmirəm... Onları da azadlığa buraxmaq olar. Siyahı bizdə dəqiqdir. Başqa hüquq müdafiəçiləri isə kimi istəyir, adını siyahıya salır. Bizim siyahıda elə insanlar var, heç siyasətlə də əlaqəli deyillər. Sadəcə, məhkəmə prosesləri düzgün aparılmayıb, onları siyasi məhbus kimi müdafiə etmirik ki... Bizə minlərlə ərizə gəlir. Gəlin çalışaq ki, hər bir fərd üçün yox, ədalətli dövlət quruculuğu üçün mübarizə aparaq. Ədalətli məhkəmə, məmurların ədalətli işi, insana ədalətli münasibət... Demokratik dövləti, demokratiyanı Avropada da, bu gün bizə göstərilən münasibətdə də gördük. Mən Fransa demokratiyasını istəmirəm. Adı nə olacaq bilmirəm, amma mən ədalətli dövlət qurmağımızı istəyirəm...

 

- Seçkilərdən sonra hökumətin yeni tərkibi təsdiqləndi. Kadr dəyişiklikləri ilə bağlı gözlənti var idi... Dəyişiklik bundan sonra gözlənilirmi? 

 

 - Biz də kadr dəyişikliyini gözləyirdik. Elə kadrı dəyişdilər ki, ona rəğbətimiz çox böyük idi. Ədliyyə naziri Fikrət Məmmədov həmişə açıq, ədalətli insan idi. Nazirliyin əməkdaşlarının hamısını deyə bilmərəm, nazirin özü ədalətli idi. Həbsxanalarda da, məhkəmələrdə də oluruq, bilirik ki, vəziyyət necə idi... Referendumdan sonra xeyli dəyişiklik gözlənilir.

 

- Müşahidələriniz nə göstərir, işini bacarmayan məmur varmı? 

 

- Məmurlarla işim yoxdur. Amma bilirəm ki, hazırda üç generalı dəyişmək olmaz. Birincisi, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovdur. Öz işini bilən insandır. Doğrudur, polis əməkdaşları ilə müəyyən narazılıqlar olur. Kiçik nöqsanlar hər bir işdə ola bilər, bu, cəmiyyətlə bağlı məsələdir.  Polislər Vətən müharibəsində qəhrəmanlıq göstəriblər. Bunu mütləq üeyd etmək lazımdır. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və DTX rəisi general-polkovnik Əli Nağıyev dövlət üçün böyük işlər görürlər. Bu üç nəfər yerində qalmalıdır. Çünki üçü də mütəxəssəsidir, təcrübəlidir. Uzağa getməyək, Türkiyəyə baxın, hər gün harasa basqın edilir. Axı Azərbaycanda belə hallar baş vermir. Bəzən insanlar məsələlərə dar çərçivədən baxırlar. Azərbaycan miqyasında başqa cür baxmaq, ayrı yanaşmaq lazımdır... 

 

- Məmularla bağlı danışmışkən, ümumi münasibətləriniz necədir? Hansı məmur sizin zənglərinizə cavab vermir? Məlumdur ki, sizin kifayət qədər əlaqələriniz, hörmətiniz var. Məsələn, elə bir nazir var ki, birbaşa telefonla danışıb məsələni həll edəsiniz? 

 

- Məmurların əksəriyyətini tanımıram. Adını çəkdiyim üç nəfərin işini izləyirəm. Məsələn, baş prokuror Kamran Əliyev çox yaxşı kadrdır, onun komandası da peşəkardır, iş birliyimiz var. Ona da toxunmaq olmaz. Sadəcə, hamısına tövsiyə etmək olar ki, işlərini bir qədər başqa cür qursunlar, dəyişiklik etsinlər. Digər məmurlarla mənim nə əlaqəm? Rayonlara gedirik, kimlərinsə sözünü çatdırırıq. Bir-bir deməyəcəm... Düşünürəm, bu gün hamımız əsas çalışmalıyıq ki, Azərbaycanda terror aktı olmasın.  Moskvada "Crocus City Hall"da törədilən terroru dünya gördü. Bu, Azərbaycanda da ola bilər. Məsələn, Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabında ermənilərin bütün illər ərzində bizə qarşı törətdikləri terror aktları ilə bağlı faktlar və onları törədənlərin adı, fotosu var. Çox istərdim ki, kitab geniş şəkildə ictimailəşdirilsin, rus dili ilə yanaşı fransız, ingilis dillərinə də tərcümə edilsin. Bu, elə-belə kitab deyil, içindəki faktlar televiziya kanallarına çıxarılmalıdır. Yəni terrorun qarşısı alınmalıdır. Bilirsiniz ki, Azərbaycan çoxmillətli ölkədir. Mən kürdləri, ləzgiləri, avarları, yəhudiləri, talışları, rusları - hamısını çox istəyirəm. Vətən müharibəsində Azərbaycan torpaqlarının müdafiəsində çox böyük qəhrəmanlıq göstəriblər. Aramızda münaqişə salmağa çalışılması yolverilməzdir. Onlar hamısı bizim can qardaşlarımızdır!

 

- Moskvada baş verən terror aktı quru sərhədlərlə bağlı məsələni yenidən gündəmə gətirdi. Sizcə, hökumət sərhədləri açmamaqda haqlıdır? 

 

- Kəşfiyyatımız mükəmməl işləyir, bu kimi məsələləri bildikləri üçün sərhədlər bağlanıb. Kəşfiyyat bir gün yox, bir il əvvəl bilir ki, nələr ola bilər. Kasıb insan ölkələri gəzmir, varlıların isə imkanları var, hara istəyirlərsə, təyyarə ilə uçsunlar. Millət normal, təhlükəsiz yaşamaq istəyirsə, terrorun qarşısını almaq üçün hələlik quru sərhədlər bağlı qalmalıdır. Bu, mənim öz fikrimdir. Diqqət edin, bir neçə gün öncə, Lənkəranın icra başçısına qarşı sui-qəsd törətmək istəyən şəxsi saxladılar. Hələ bu, başlanğıcdır. Moskvadakı hadisə bütün post-sovet dövlətlərinə mesajdır, ona görə də diqqətli olmalıyıq.

 

- Bir neçə ildir, məhkəmə-hüquq sistemində islahatlar aparılır. Müsbət nəticələr varmı? Bəzən narazılıq edirlər ki, hakimlər ədalətli qərarlar çıxarmırlar... 

 

- İslahatlar aparılmalı, hakimlər heç kimdən asılı olmamalıdırlar. Bunun üçün deyirəm ki, təkcə "siyasi məhbus"ları yox, məhkəməyə gedən hər bir insanı qorumaq üçün ədalətli dövlət qurmaq lazımdır. Bu gün hüquq müdafiəçiləri deməsinlər ki, niyə bunu qoruyursan, o birini yox. Qorumuram! Məsələn, sadə vətəndaşı qoruyuram. Sizə göstərə bilərəm ki, evimdə vətəndaşlar tərəfindən göndərilən nə qədər ərizə var. Əllərindən torpağı, evi alınan neçə ailə var, heç bir hüquq müdafiəçisi onları müdafiə etməyə girişmir. Monitorinq Qrupumuz indiyə qədər onları müdafiə etmək üçün hüquq müdafiə təşkilatlarından qrant almayıb. Biz qrant almışıq ki, hüquq müdafiəçilərini yetişdirək. Neçə-neçə seminarlar keçirmişik, hüquq müdafiəçiləri hazırlamışıq. İndi regionlarda çalışırlar. İnsanlara hüquqlarını, özlərini müdafiəni öyrətməklə məşğuluq. Əminəm ki, məhkəmə sistemində də dəyişiklik olacaq. Olmaya bilməz, çünki hamı narazıdır. 

 

- Ədliyyə sistemində hansı problemli məsələlər var? 

 

- Ədliyyə sistemində müəyyən problemlər qalmaqdadır. Yəqin ki, zamanla aradan qaldırılacaq. Nazirliyin özünün peşəkar kadrları var. Məsələn, İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Aynur Sabitovanı misal çəkə bilərəm. 

 

- Bu yaxınlarda Aynur Sabitovanın vəzifəsindən azad edildiyi barədə məlumatlar yayılmışdı...

 

 - Yox, hələ ki getmir. Amma getsə, biz onun arxasında duracağıq. Çünki o, Ədliyyə Nazirliyinin işini bu neçə ildə ictimaiyyətə çatdıran yeganə insandır. Aynur Sabitovadan əvvəl Nazirliyin işindən xəbərdar idiniz? Xeyr! O gələndən sonra konfranslar, jurnalistlərlə görüş, həbsxanalara gediş-gəliş mümkün oldu. Neçə dəfə qadın həbsxanasında kitab təqdimatı etmişik. Hamısı İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin hesabına... Sabitovanın vəzifəsini yüksəltsinlər, razıyıq. Bu yaxınlarda, hətta Prezident onu təltif etdi... 

 

- Novella xanım, bəzən sizinlə bağlı deyirlər ki, necə ola bilər, həm müxalifət partiyasında üzvdür, həm də hökumətlə sıx əlaqədədir...

 

- Baxın, yaşadığım ev kirayədir. Pensiyam yüksəkdir, buna görə də kirayə evdə yaşaya bilirəm. Hökumətlə əlaqədə olan insanın evi olmaz? Bu saat ev də, maşın da, hələ bir bağ da verərdilər mənə. Düzdür, ya yox? Kimin evi var, hamısı gözümüzün qabağındadır, gedin yoxlayın. Bəs mən necə edim? Camaatın mənə dediyi sözü mən kimə çatdırım ki, həll olunsun? Hökumətlə danışamlıyam də. Heç vecimə də deyil. Müxalifət partiyası kommunist partiyası deyil ki, onlar nə deyirlərsə, ona tabe olam, əlimi qaldıram. Mənim öz fikrim ola bilər. Xoşları gəlmirsə, müraciət etsinlər Müsavat Partiyasının Divanına, çıxartsınlar. (gülür) Yadındadır, açıqlama vermişdim ki, bunların qarınlarının ağrısı nədir? Əvvəl deyirdilər ki, “Prezident torpaqları azad etsin, ömrünün axırına qədər vəzifədə otursun”. Bunu Prezident deməyib ki, özünüz demisiniz... İlham Əliyevin alternativi yoxdur də. Həmişə demişəm ki, Azərbaycanda müxalifət olmalıdır. İqtidara da güclü müxalifə lazımdır. Müxalifət birləşsin, təkliflərini bir versin, camaatın sözünü desin. Təkbətək yox. Bunlar isə deyirlər ki, “məndən başqa lider yoxdur, birinciyəm”. Demirsiniz ki,  müxalifətik? Onda sözünüzü hökumətə birgə deyin. Elə bilirsiniz ki, hökumət qulaq asmayacaq? Vallah, qulaq asacaq. Seçkiqabağı YAP-la da görüşdük. Tahir Budaqov ağıllı insandır. Siz niyə gedib Budaqovla danışmırsınız? Burada nə böyük şey var, zəng vurasan Budaqova, deyəsən ki, mən müxalifətəm, sən iqtidar, gəl oturaq, bəzi məsələləri həll edək. Rəhmətlik Heydər Əliyevin vaxtında vəzifədə Əli Əhmədov idi. Demirəm ki, böyük işlər görürdü, amma müxalifəti, qeyri-hökumət təşkilatlarını bir yerə yığırdı, sözümüzü deyə bilirdik. Bu gün də, sağ olsun, Sosial Tədqiaqtlar Mərkəzinin rəhbəri Zahid Oruc istəyir ki, həmin məsələləri etsin, hərdən onda alınır. Bəyəndiyim deputatdır. Əslində, deputatlarımız da sözlərini deyirlər. Vahid Əhmədov, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Zahid Oruc, Razi Nurullayev, Erkin Qədirli... Bilirsiniz, bizdə “sağ ol” sözünü demək yaddan çıxıb. Hərdən mənə “anamızsan” da deyirlər, söyürlər də. İxtiyarları var. Məndən xoşu gəlməyən insan da Vətən üçün gözəl iş görübsə, ona da təşəkkürümü bildirirəm. Mənə etmir ki, dövlətə edir. Millət kimi gözəl millətik, amma adət-ənənələrimizin çoxu yaddan çıxıb. Bu milət yaxşılığın əvəzində “sağ ol" deməyi öyrənməlidir. Təkcə Prezidentə yox, yaxşı iş görən nazirlərə də. Ordunu Ali Baş Komandan İlham Əliyev yaratdı, müharibəni də o qazandı, Xankəndinə o girdi, alovu o yandırdı. Müxalifətin bəziləri “sağ ol” dedi, xoşuma gəldi...

 

- Müsavat Partiyasında başqanlığa seçkilər keçiriləcək. Siz kimi dəstəkləyirsiniz? İsa Qəmbər başqanlığa yenidən qayıda bilərmi? 

 

- Məni partiyada tez-tez tənqid edirlər. Hamısı deyir ki, Partiyadan Novellanı çıxarın, o, Müsavatın yolunu getmir. Mən də demişəm ki, bolşeviksiniz? Çıxarın, nə böyük şeydir. Müsavatı mənim içimdən çıxarmayacaqsınız ki. Çıxartsınlar, mən də özümə partiya yaradaram. (gülür) Zarafat edirəm... Hələ ki, başqanın kim olacağı bilinmir. İsa Qəmbər məsələsi gündəmdə var. Çox adam istəyir ki, başqan İsa Qəmbər olsun. Amma hazırki başqan Arif Hacılının da komandası var, bəzilərinin də. Görək. Kim güclüdürsə, o başqan olsun...

 

- İyun ayında parlament seçkilərinin keçiriləcəyi barədə ehtimallar var... 

 

- Belə deyirlər. Siyavuş Novruzovun çıxışına qulaq asdım. Yaxşı açıqlamalar verdi. Mən istəyirəm ki, seçki sistemi həm majoritar, həm də proporsional olsun. Onda nəsə əldə etmək olar. Həm də parlamentin tərkibi böyüsün. Say nə qədər çox olsa, o qədər yaxşıdır... 

 

 - Bəs siz niyə parlament seçkilərində iştirak etmirsiniz? 

 

- Mən Baydenəm? (ABŞ Prezidenti Cozef Baydeni nəzərdə tutur-red). 80 yaşındayam, mən ancaq gedib parlamentdə Ağsaqqallar Şurasının sədri ola bilərəm... (gülür) 

 

- Siz sabiq Prezident Əbülfəz Elçibəylə yaxın olmusunuz, fikirləri, ideyaları ilə tanışsınız. O, sağ olsaydı, ölkənin hazırki vəziyyətinə reaksiyası necə olardı?

 

- Elçibəy İlham Əliyevin işini görsəydi, deyərdi ki, “oğuldur!” Bilirsiniz, Əbülfəz bəy ideya adamı idi, ideyaları çox yaxşı idi. Onun ideyaları bu gün yavaş-yavaş gerçəkləşir... 

 

- Bəs “Elçibəyçilər” seçkilərdə kimə səs verdilər? 

 

- Elçibəyçilər də məni söyürlər ki, sən Elçibəyin adından danışma, nə ixtiyarın var, onun adından danışırsan. Deyirəm ki, siz Elçibəyin dostusunuz, mən də dostu olmuşam. Mən onu belə tanıyırdım, siz də ayrı cür tanımısınız. Elçibəy mənim də, həyat yoldaşımın da ən yaxın dostu idi. Allah rəhmət eləsin, Heydər Əliyev hakimiyyətə gələndə mənə də, həyat yoldaşıma da bir iki dəfə iş təklif etdi. Biz demişdik ki, Elçibəyin dostuyuq. Heydər Əliyev deyirdi, “həmişə bir ürək dostu olmalıdır ki, onunla sirrini bölüşəsən”. Axırda demişdi ki, mənim belə ürək dostum olmadı, sirrimi deyə bilim... Heydər Əliyev bizə hörmət edirdi ki, Elçibəylə dost idik və bu dostluğu saxladıq. Bu, başqa şeydir, bunu başa düşmək lazımdır... 

 

- Elçibəyin oğlu Ərturqut Əliyev necə, seçkilərdə iştirak edib? 

 

- Düşünürəm, səsini İlham Əliyevə verər. Ərturqut çox alicənab insandır. 

 

- Mətbuata qapalı olması nə ilə əlaqədardır?

 

- Bilirsiniz niyə? Ərturqut Əbülfəz bəyin siyasətdə qarşılaşdığı əzab-əziyyəti görüb. Görürdü ki, atası onların yanında olmayıb. Bəlkə, bunun üçün də istəyir ki, öz övladlarının yanında daha çox olsun, onlara qayğı göstərsin. Atasından fərqli olaraq siyasətə qoşulmadı. Amma Elçibəyin qızı hazırda Türkiyədə doktoranturada oxuyur, yaxşı ailəsi, övladları var. Hamısı ilə əlaqəm var. Elçibəy bizim ailə dostumuz olub. Deyirdi ki, hansı vəzifəni istəyirsiniz, götürün. İstəsəydik, elə onun vaxtında vəzifəyə gedərdik də. Dedik ki, “sən 1 il sonra çıxacaqsan, deyirsən ki, biz də vəzifədən gedək?” Bunu həmişə onun üzünə demişik. 

 

- Ramiz Mehdiyevin dövründə iş prinsipiniz necə idi? Hansısa hallarda onunla əlaqə saxlayırdınız? 

 

- Vallah, dünyasında onunla əlaqəmiz olmayıb. Ramiz Mehdiyevi yaxşı tanımıram. Nədir, nə deyil, bunu bütün qəzetlər yazıb, siz də yazmısınız. Onun bibisi ilə anam dost idi... Mən gedənin haqqında heç vaxt söz demərəm. Doğrudan da, onu tanımıram. İşini bilirəm, yəni nə işləri olub... Sadəcə, vəzifədən gedənlərə də tövsiyə edirəm ki, hamısı Azərbaycanı, onun gələcəyini, adını qorusunlar. Nə lazımdırsa, bu dövlətdən almısınız, hər şeyiniz var... 

 

- Pensiya məbləğinin aşağı olması narazılıq doğuran məsələdir. Seçkilərdən sonra bu yöndə də dəyişiklik gözlənilir. Bəziləri aylıq xərclərini belə qarşılaya bilmirlər. Bəs sizin ümumi aylıq xərciniz nə qədərdir?

 

- 18 yaşımdan işləyirəm. Bu qədər stajımın hesabına özümə pensiya yığa bilmişəm. Amma 280-300 manatla heç vaxt ailəni dolandıra bilməzsən. Bunun üçün də pensiya daha da artırılmalıdır...

 

- Deputatlar həmişə maaşlarına görə gündəmə gəlirlər, amma bir çox deputat deyir ki, aldığımız maaş yetmir, vətəndaşlara da maddi köməklik göstəririk. Bəs sizdə necə?

 

- Təxminən, altı nəfərə imkanım çatır, köməklik edirəm. Deputatların hamısı ilə dostam, hər birini çox istəyirəm. Görüşəndə deyirəm ki, kasıb vətəndaşlar çoxdur, hər icra başçısı öz rayonunda yer hazırlasın, ac insan heç olmasa ayda bir dəfə orada yemək yesin. Deputatın biri mənə qayıdıb dedi ki, Novella, qapıda min adam gəlib duracaq. Dəhşətə gəldim. Məsələn, Azərbaycan Yəhudi Qadınları Humanitar Assosiasiyasının sədri Larisa Reyxrudel buna örnəkdir. Yəhudilərin hamısı burada qeydiyyatdadırlar. Hər ay hamısına içi ərzaqla dolu bağlama göndərilir. Larisa xanım, təxminən, 20 kasıb azərbaycanlı ailəsinə də köməklik göstərir. Həmişə zarafatla deyirəm ki, mənim həyat yoldaşım yəhudidir, özüm də tək qalıram, mənə niyə köməklik etmirsiniz? Hətta hər şənbə günü yaşlılara xüsusi qulluq edirlər. Millətin dərdinə qalmaq budur. Kasıblara ev almırısınz, heç olmasa bunu edin. Hər icra başçısının əlində kasıb ailələrin siyahısı var. QHT-yə tapşırsınlar, onlar yoxlasınlar ki, kimin evinə nə gedir. Mənim babam çox xeyirxah insan olub. Nənəm deyirdi ki, qış idi, bir də gördüm, Mirzə evə gəlib, təkcə papağı başında, paltosu yoxdur. Soruşdum, dedi ki, bir kasıb gördüm, soyuqdan titrəyirdi, paltomu ona verib gəldim. Babam hara gedirdisə, saatını, üzüyünü və s. paylayarmış. Tələbələri oxutdururdu, Bakıda Cəlil Məmmədquluzadəyə qəzetinin nəşri üçün köməklik edirdi. Bizim evdə həmişə qələbəlik, xeyirxahlıq olub. İstərdim ki, hər imkanı çatan ailə kasıbı fikirləşsin. Mən həmişə kömək etmişəm, ömrümün sonuna qədər edəcəyəm. Bundan sonra bütün işlərdə iştirak etmək fikrim var. Yeni bir təşkilat yaradırıq - Ziyalılar və QHT-lərin Beynəlxalq Forumu. Müraciət etmişik, Ədliyyə Nazirliyindən cavab gözləyirik. Məqsədimiz sadaladığımız məsələləri, Azərbaycan həqiqətlərini beynəlxalq təşkilatlara çatdırmaqdır. Təşkilatın üzvləri arasında Azərbaycan alimləri ilə yanaşı ayrı-ayrı dövlətlərin alimləri - ruslar, qazaxlar, ingilislər, yəhudilər və s. var.

 

- Azərbaycanın 8 kəndinin qaytarılması gündəmdədir. Aprel ayının əvvələrində müharibə olacağına dair ehtimallar var. Sizcə, Azərbaycan yenidən müharibəyə getməlidirmi?

 

- "Müharibə olsun" deyə bilmərəm, çünki artıq gənclərin həlak olmalarını istəmirəm. Bu qədər şəhid verdik. Amma Azərbaycanı qorumaq lazımdırsa, müharibəyə də gedilməlidir. Bir olmalıyıq. Varlının da uşağı getməlidir, kasıbın da. Bizim başqa yolumuz yoxdur. Dəstək olan dostlarımız da var, Türkiyə, Pakistan, xoşlarına gəlməsə də, İsrailin də adını çəkəcəyəm. Çoxları deyir ki, hamınız fələstinliləri dəstəkləyirsiniz, amma onlar 1905-ci ildə 15 min Osmanlı türkünün başını kəsdilər. Ordumuz həmişə hazır olmalıdır. Deyirlər ki, neftin pulları hara gedir? Ordumuza milyardlarla hərbi sursat gəlir. Bunun üçün də günahlandıranda sözü fikirləşib desinlər...

 

- Siyasi söhbətlərlə sizi çox yorduq, bir az da səmimi suallar vermək istərdik. Hazırda Ramazan ayındayıq. Oruc tutursunuz? 

 

- Bəli, oruc tutmuşam. Orucluq mənə ləzzət edir. Səhərdən axşamadək siqaret çəkirəm. Bu orucluq mənə o qədər yüngüllük gətirib ki. Təkcə yemək deyil, bu, ruh məsələsidir. Oruc tutmağa o qədər də ciddi yanaşmırdım. Bəziləri deyirlər ki, arıqlamaq üçün oruc tuturam. 80 yaşındayam, mənim nəyim arıqlasın? Hələ Ramazandan əvvəl neçə kilo arıqlamışam. Bir dəfə Əbülfəz bəyə dedim ki, sən nə əcəb namaz qılmırsan?  Cavab verdi ki, mənə namaz qılmaq yaraşmır, qıla bilmərəm. Dedi ki, “bircə dəfə namaz qıldım, o qədər Allaha bağlandım ki, gördüm, əynimdəki paltar bütünlüklə yaşdır...” Əbülfəz bəy ruh adamı idi. Bir şeyə bağlandısa, ruh onu başqa aləmə aparırdı. Orucluq da mənim ruhumu başqa cür dəyişir. Onsuz da mən Allaha inanan insanam. Anamın əmisi, dayısı şeyx olub. Şeyx Cabbar, Şeyx Kərim... Naxçıvandakı məscidlər onların məscidləri idi. Amma ziyalı şeyxlər olublar ha, bizim şeyxlər kimi yox ey... Şeyx Kərim Qazıyev yeddi dil bilirdi. Anamın əmisi Şeyx Cabbar Bəktaş də həmçinin. Mən balaca olanda nənəmgil - anamın anası, oruc tuturdular. Böyük həyət idi, bütün Bəktaşilər nəsli o həyətdə yaşayırdı. Səhər tezdən dururdular, elə xörəklər bişirirdilər ki, ləzzətli... Bir yerdə yeyirdilər. Altı yaşım var idi. Nənəmə deyirdim ki, mən də oruc tutacağam. Nənəm səhər tezdən məni oyadırdı. O ab-hava... Hamısı axşama qədər oruc tuturdu, nənəm görürdü ki, mən su içmək istəyirəm. Mətbəxə “əl evi” deyirdilər. Nənəm məni ora çağırırdı. Deyirdim ki, yox, nənə, yeməyəcəyəm. Deyirdi ki, görürsən, bura qaranlıqdır, Allah görmür, gəl, sənə su verim. Məni orada yedirirdi, axşam da iftar vaxtı deyirdi ki, gül balam bütün gün ac qalıb, indi bizimlə birgə yeyəcək. O ruh məndə qalıb. İki ildir, sanki nənəmin etdikləri yadıma düşür... 

 

- Yəqin, bu, yaşla əlaqəlidir... 

 

- Əlbəttə... Deyirəm ki, ovaxtkı günahlarımı indi yuyum, Allahla təkbətək qalım. Doğrudan da, indi insan başqa cür düşünür. Bir söz var: yerin üstündə hörmət qazanmısansa, torpağa gedəndən sonra da o hörməti qazanacaqsan... Mənə Allahın qarşısında hörmət qazanmaq lazımdır. Allaha qurban olum. 

 

- Bəziləri Allaha inanırlar, amma dinə yox... 

 

 - Yox, bizim nəslimiz şeyx nəsli olub, Allaha inanan insanlar olub. Bizə verilən məhəbbət də bundan qaynaqlanır. Hamısı Məkkəyə beş aya dəvələrlə  gedib-gəliblər. Anam 17 yaşında ərə gedib. Atam da Naxçıvanda komsomol katibi olub. Nənəm anama deyib ki, sən toyda ağ paltar geyinməyəcəksən, mənim verdiyim milli paltarı geyinəcəksən. Anam o paltarda toya gedəndə atam deyib ki, sabah məni işdən çıxaracaqlar... (gülür) Yəni bizim ailədə milli adət-ənənələr də qorunub saxlanılıb. 

 

- Şeyxlərdən danışmışkən, ilahiyyatçılardan kimisə dinləyirsiniz? Bəziləri düşünürlər ki, Hacı Şahin Həsənlidən sonra ilahiyyatçılara qulaq asmırıq...

 

- İndi də “Tik Tok”da Hacı Şahini paylaşırlar, dinləyirəm. Doğrudan da, müdrik insan idi, bəyənirdim. Bilirsən, mən də sənə deyim ki, bu gün ilahiyyatçı yoxdur. Bu kadrları özümüz hazırlamalıyıq. “Əldəqayırma” mollalar kitabı qoyub, yalandan oxuyurlar... Məsələn, Adəm İsmayıl öz oğlunu 8-ci sinifdən Misirə göndərib ki, dinini mükəmməl öyrənsin, ərəb dilini yaxşı bilsin. Deyirəm ki, darıxmırsan, 8-ci sinif uşağını göndərmisən? Deyir ki, lap əzab da çəkirəm, amma istəyirəm, Azərbaycanda dini yaxşı bilən insanlar olsun, oğlumu təkcə Misirdə oxutmayacağam, qoy bütün dinləri öyrənsin, ölkəmizə qayıtsın. Bax, belə bir məktəb olmalıdır. Bunun misalında cavan uşaqları İrana göndərməsinlər ey. Dini öyrənmək üçün gözəl məktəblər var. Kembric nə verir? Üç-beş il sonra oxuyub gələndə heç Azərbaycanı tanımırlar. Yalan deyirəm? Mən də Kembric oxumuşam, sertifikatım da var, sonra? Məsələn də... Demirəm ki, din dövlətdə olmalıdır, amma ağıllı, sərbəst din olmalıdır. Guya katoliklər əllərində xaç müharibə etməyiblər? Yüz hoqqadan çıxıblar. “Quran”da din gözəl şəkildə izah edilib. Dinimizi mükəmməl bilib, onu qorumaqla məşğul olmalıyıq.

 

- Azərbaycanda da belə məktəblərin açılmasına ehtiyac var? İlahiyyat İnstitutunun fəaliyyəti qənaətbəxşdir? 

 

- İlahiyyat İnstitutunda ilahiyyatı bilən müəllimlər yoxdur. Bilənləri də ora qoymurlar... 

 

- Estetik əməliyyat edən xanımlara necə baxırsınız? 

 

- Doğrudan da, çox gözəl qızlarımız var. Çoxdandır, şəhərə çıxmırdım, indi görürəm ki, dodaqlarını, yanaqlarını, sinələrini şişirirlər. Onların “Azərbaycana qayıtmalarını” istəyirəm. “Tik Tok”a çox baxan deyiləm, amma rastıma çıxır, cavan oğlanlar, qızlar, geylər... Qızın biri deyir ki, “sənin pulun mənim bir manikürümə çatmaz...”  Bağlamaq imkanları yoxdur, amma belə şeyləri heç olmasa “Tik Tok”dan təmizləməlidirlər. Bəlkə də, əxlaq polisinə ehtiyac var... 

 

- Deputat Tahir Kərimli də həmişə ölkədə əxlaq polisi olmasını təklif edir. 

 

- Mən də istəyərəm. Əxlaq polisi “Tik Tok”da bəzilərini “ştraf” etsin. Mən də hamını “ştraf” edirəm. (gülür) Anası oturub yanında, “Tik Tok”da birgə video paylaşırlar. Qurban olum sənə, bu nə deməkdir?! 

 

- Manikürdən danışdınız. Ümumiyyətlə, gözəllik salonuna gedirsiniz? 

 

- Deməli, 20 il bundan əvvəl bir gün Siyavuş Novruzovla Polşaya seminara gedirdik. Dedi ki, gəl bu tərəfə, söhbət edək. Dedim ki, əşi, yox ey, kitab oxuyuram. Siyavuş soruşdu ki, nə barədədir? Dedim “məhəbbətdəndir”. Dedi, “ay qız, sənin “Quran” oxuyan vaxtındır, hələ də məhəbbətdən kitab oxuyursan?” Dedim ki, mən “Quran”ı balacalıqdan oxumuşam, indi elə məhəbbət oxumaq vaxtıdır. O dialoq heç yadımdan çıxmır. İndi o yadıma düşdü... Bircə hərdən saçımı gedib kəsdirirəm. Cavanlıqdan salona getməmişəm. O qədər gözəl olmuşam ki, salon lazım olmayıb. Sənə şəkillərimi göstərim, bax, 40 yaşımda nə gözəl şəkillərim var. 60 yaşıma qədər çox gözəl qalmışam. İndi də MaşaAllah... 80 yaşım var, bir az üzüm qırışıb, daha qırışacaq də... (gülür) Amma dırnaqlarıma, ayaqlarıma ayda bir dəfə mütləq baxım edirəm. Hərdən elə ayaqqabı geyinirsən ki... Ona görə də həmişə ayaqların baxımlı olmalıdır... 

 

- İndi gənc xanımlar dınaqlarına “şellak” edirlər... 

 

- Yox, yox, yox... Deyirəm ki, bu oğlanlar dırnaqlı qızları görəndə iyrənmirlər? Heç vaxt dodağıma “kraska” vurmamışam. Amma cavanlıqda manikür-pedikür etmişəm. İndi hamı “zaqar” alır, üzünü dartır, botoks edir. O gün bacıma deyirəm ki, Təranə, mən də botoks edəcəyəm. Deyir ki, ay qız, dəlisən? Deyirəm “bəs “nağayrım”, görmürsən, üzüm sallanır?” Arıqlamışam, lap sallanır. Bacım deyir ki, sənə gözəlliyi üzündəki qırışların verir. Zarafat edirik də. Görürsən ki, 80 yaşında arvad üzünü botoks edib, üzü nə boyda şişib... 

 

- Azərbaycanda da yaşlı sənət adamları arasında botoks edənlər var... 

 

- Eləsinlər də. Kimin xoşu gəlir, etsin, bir söz demirəm. Qadın istəyir ki, cavan, gözəl qalsın. Salona gedirlər, “zaqar” edirlər, yaxşıdır. Sadəcə, dodaqlarını, sinələrini şişirtməsinlər, dırnaq qoymasınlar. Bu dırnaqlar yaman dəhşətdir. Uzun-uzun... Balaca etsələr, normaldır. Qab yuyan deyillər, amma yenə də... Başa düşmürlər ki, caynaqlı heyvana oxşayırlar? 

 

- Televiziya kanallarından hansını izləyirsiniz? 

 

- Türkiyə kanallarına baxıram. Bilirsən, hansı kinolara? Detektiv. Məsələn, “Təşkilat” serialı çox xoşuma gəlir. 

 

- Mən “Təşkilat”a 3 sezon baxdım, növbəti sezonda baş roldakı qızı dəyişdilər deyə daha baxmadım... 

 

- Hə, bu təzə qız mənim də xoşuma gəlmir, təmiz “ölüdür”. Oğlandan xoşum gəlir, bununçün baxıram. Murad İldırım çox gözəl aktyordur. Sonra “Yalı çapkını”na baxmağa başladım. İndi bu saat ssenarini qatıb-qarışdırıblar. Amma sənə deyim ki, qadınlar haqqında “Sandıq qoxusu” serialı var, onu bəyənirəm. Bir də “Bahar” təzə başlayıb, xoşuma gəlir. Çünki baş roldakı qadın öz həyat yoldaşından diqqət görmür deyə karyerasına yenidən başlayır, uşaqlarına gözəl tərbiyə verib. Özünü necə əsarətdən xilas edir. “TV 8”də aşpazlarla bağlı verilişə də baxırdım. Düz-əməlli xörək bişirmirlər, amma gənclərin bu sahəyə marağını aşılayır. Düşünürəm, bütün dünya üzrə ən gözəl yeməklər Azərbaycan mətbəxindədir... Öz efirlərimizdən “Real TV”, “AZTV” xəbərlərinə, bir də “Mədəniyyət” kanalına baxıram.

 

Aytəkin Qardaşova

Tarix: 30 Mart 2024, 14:17   
Seçilən
267
50
Mənbələr
Şərh ()
Bağla