AZ

Deputat: "Avtoyuma məntəqələrinin istifadə etdikləri kimyəvi dərman vasitələri ekologiyaya zərər vurur"

"Avtoyuma məntəqələrində içməli sudan istifadə hazırda çox aktual məsələdir. İçməli su israfı bu gün dünyada qlobal problemdir. Bildiyimiz kimi, Azərbaycan dövləti ekologiyanın, təbii sərvətlərin mühafizəsi istiqamətində mühüm layihələr həyata keçirir. Noyabr ayında ölkəmizin COP 29-a da ev sahibliyi etməsi buna bariz nümunədir".

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

 

Deputat bildirib ki, Azərbaycanda da içməli su problemləri yaranmağa başlayıb: "Kənd təsərrüfatı ilə məşğul olan insanlar millət vəkili olaraq bizə içməli su problemi ilə bağlı müraciət edirlər. Artıq onlar illərdir, istifadə etdikləri yeraltı su mənbələrindən istifadə edə bilmirlər. Təbii ki, içməli sudan pərakəndə istifadə edilməsi, qanuni şəkildə istifadə olunmaması gələcəkdə su israfına və onun bahalaşmasına səbəb ola, cəmiyyətin büdcəsinə ziyan vura bilər. Avtoyuma məntəqələrinin və bu kimi obyektlərin işlətdikləri içməli sular texniki sular və təkrar emal olunan sularla əvəz edilməlidir. Dövlət tərəfindən bu şərait yaradılmalıdır. İnkişaf etmiş ölkələrin heç birində şəhərin mərkəzi yerlərində avtoyuma məntəqələri gözə dəymir. Kim maşınını yudurtdmaq istəyirsə, şəhərdən kənarda buna şərait yaradılıb. Biz hələ içməli sulardan danışırıq. Ekologiyadan danışırıqsa, avtoyuma məntəqələrinin istifadə etdikləri kimyəvi təmizləyici dərman vasitələrinin ekologiyaya verdiyi zərərlərdən də danışmalıyıq. Bu maddələr  kanalizasiyaya tökülürsə, sabah kanalizasiya sularını təkrar emalla istifadəyə vermək də düzgün deyil. Çünki bilinmir, axıdılan dərmanlar hansı vəziyyətdədir. İnkişaf etmiş ölkələrdə kimyəvi dərmanların kanalizasiyaya qarışmaması üçün avtoyuma kimi obyektlərdən axıdılan sular şəhərin su kanal sisteminə buraxılmır. Artıq bizdə də bu cür imkanlar yaradılmalıdır. Hər birimiz həmin şəraitdən istifadə etməliyik, çünki gələcək yaşamımız, kənd təsərrüfatımız sudan asılıdır. İçməli su ehtiyatlarını qorumalıyıq. Bu, vacib məsələdir. Ölkəmizin gələcəyini düşünən hər bir vətəndaş suyu qorumalıdır. Əlbəttə, satışla məşğul olan bəzi sahibkarlar deyirlər ki, "pulumu verib suyumu alıram". Axı onun aldığı su ümumi xalqın gələcəyini təhlükədə qoya bilər. Hər birimiz buna layiqincə yanaşmalı, su ehtiyatlarını qorumalıyıq".

 

Aytəkin Qardaşova

Tarix: 27 Mart 2024, 08:31   
Seçilən
41
3
Mənbələr
Şərh ()
Bağla