AZ

"Ermitaj”la Ermənistan şovinistləri gizli razılaşıb- saxta tarix yazırlar...

Image

Ermitaj muzeyi (Sankt-Peterburqdakı Rusiya Dövlət İncəsənət və Mədəniyyət-Tarix Muzeyi) uzun illərdir ki, ermənipərəst addımları ilə diqqət çəkməkdədir. Bu muzeylə Ermənistanın ayrı-ayrı dövlət muzeyləri arasında əməkdaşlıq müqavilələri imzalanır, törənlər keçirilir, qarşılıqlı sərgilər açılır.

Keçən il Sankt-Peterburqdakı Rusiya Dövlət İncəsənət və Mədəniyyət-Tarix Muzeyi (Ermitaj) ilə Ermənistanın Erebuni Muzey-Qoruğu arasında müqavilə də bağlanıb. Sənədi Dövlət Ermitajının baş direktoru Mixail Piotrovski və Erebuni Tarix-Arxeologiya Muzey-Qoruğunun direktoru Mikayel Badalyan imzalayıb.

Sərgi məsələsindən danışarkən bir məqamı qeyd edək ki, Ermitaj ermənilərin saxta tarixini təbliğ etməyə daha çox maraq göstərir, “erməni irsi” sərgiləri keçirir, özü də ard-arda. Bəli, son aylara diqqət yetirmək kifayətdir ki, Ermitajda keçirilən sərgilər haqda məlumat əldə edəsən. Ermitaj muzeyi tez-tez Ermənistanın "qədim irsi" barədə sərgilər təşkil edir. “Karmir Blur”dakı "qazıntılar" zamanı tapılan “erməni irsi”ni , “Erabuni tarixi”ni, Urartu mədəniyyətini və sairi ermənilərin adına bağlayır. Bu muzeydə “erməni irsi" daim sərgilənir.

Məlumdur kj, Ermənistan ərazisindən tapılan mədəni irsin, eksponatların, mədəniyyət qalıqlarının, erxeoloji abidələrin heş birinin ermənilərlə yaxından-uzaqdan əlaqəsi yoxdur.  Halbuki, Ermənistan ərazisində müxtəlif ekspedisiyalar zamanı aparılan arxeoloji qazıntı işlərində tapılan, aşkarlanan abidələr, eksponatlar, bir sözlə, nə varsa hamısı  Azərbaycan xalqının tarixi irsidir. Bu şübhəsizdir. Çar Rusiyası tərəfindən  XIX yüzillikdə bizim ərazilərimizə köçürülən, burada məskunlaşdırılan  ermənilərin-hayların bu ərazilərdə hansı qədim tarixi ola bilər ki? Burada onların heç bir irsi yoxdur. Amma ermənilər elə təsəvvür yaratmaq istəyirlər ki, guya Qərbi Azərbaycanda onlar qədimdən yaşayıblar. Halbuki, bu yalandır. 

Ermitaj muzeyinin Ermənistana belə diqqət göstərməsi nə ilə bağlıdır ki, mütəmadi olaraq sərgi açırlar, o saxtakarlığı təbliğ edirlər?

Araşdırmamız zamanı məlum oldu ki, bu işdə Ermitaj tək deyil, Rusiyanın Puşkin Muzeyi də burada aktivlik edir. Bu muzey də “erməni kolleksiyası” təqdim edib. Puşkin muzeyinin təqdim etdiyi kolleksiyasının əsasını 1952-1978-ci illərdə Ermənistan SSR Elmlər Akademiyası və Puşkin Dövlət Təsviri İncəsənət Muzeyinin birgə ekspedisiyasının 1952-1978-ci illərdə “Erebuni şəhərinin” və “Urartian qalasının” “yerləşdiyi”  “Arın-Berd” təpəsində apardığı ekspedisiyanın tapıntıları təşkil edib.

Qasım Hacıyev: “Ermənilərə saxta tarix düzəldənlərdən biri Ermitajın keçmiş direktoru olub, onun qoyduğu “ənənə” indi də davam edir” 

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz Tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, Ermitaj Ermənistana təkcə son illər maraq göstərmir, bu marağın kökü var. 

Q.Hacıyev qeyd etdi ki, Sovet dövründə Kremldə yüksək vəzifə tutan erməni şovinistləri tərəfindən saxta erməni tarixinin yaradılması işinə xüsusi diqqər yetirilib və bu işə Ermitajın keçmiş direktoru cəlb edilib: “Bu saxtalaşdırma işində Sovet dövründə Ermitaja rəhbərlik etmiş və arvadı erməni olan ermənipərəst akademik  Boris Borisoviç Piotrovski çox böyük rol oynayıb. O, ermənilər üçün saxta tarixlər yazıb. Onun kitabları haqda məlumatınız var. “Van çarlığı” və başqa kitablar yazıb. Ermənilərə saxta tarix düzəldənlərdən biri Ermitajın keçmiş direktoru olub, onun qoyduğu “ənənə” indi də davam edir və saxta erməni tarixi gecə-gündüz təbliğ olunur”-deyə Q.Hacıyev bildirdi.
 Bu gün Ermitaja  Boris Borisoviç Piotrovskinin oğlunun rəhbərlik etdiyini xatırladan Q.Hacıyev bildirdi ki, hazırda Ermitaj erməni saxtakarlığının təbliğinə xüsusi yer ayırır. Burada erməni lobbisinin pulunun da böyük rol oynadığını deyən Q.Hacıyev əlavə etdi ki, erməni milyonçular bu sərgilərə sponsorluq edirlər. 

Azad Zeynalov: “Ermitajın direktorunun nənəsi ermənidir” 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov da “Bakı-Xəbər”ə bildirdi ki, Ermitajla Ermənistan arasında əlaqələr çoxdan qurulub. O hesab edir ki, ermənilər əllərinə düşən hər fürsətdən istifadə edib öz saxta “tarix”lərini təbliğ edirlər. “Ermənilər hər yerdə özlərini təbliğ edirlər. Təəssüf ki, biz özümüzü orada kifayət qədər təqdim etməmişik. Ermənilərin Ermitajda gündə bir sərgi keçirmələri ondan irəli gəlib ki, onlar həmişə özlərini irəli atırlar. Hər yolla öz saxtakarlıqlarını təbliğ ediblər. Bizim də Ermitajla əməkdaşlıq cəhdlərimiz olub, amma tamamlanmayıb. 

Ermitajda ermənilərə daha çox diqqət ayrılmasının səbəbləri aydındır. Ermitajın direktorunun nənəsi ermənidir, bu amil də var. Digər tərəfdən də Rusiyadakı erməni lobbisi, erməni milyonçuları da bu işdə xüsusi fəallıq göstərirlər. Onlar bu işə maliyyə ayırırlar”-deyə A.Zeynalov qeyd etdi.

Tarixçi-arxeoloq Təvəkkül Əliyev də hesab edir ki, Ermənstan mövzusu Ermitaj üçün başdan “doğma” olub. Onun sözlərinə görə, Ermitajın ilk direktoru da, indiki direktoru da erməni əsilli olduğu üçün hər zaman erməni saxtakarlığına qol-qanad veriblər. “Ermənilərlə Ermitaj arasında uzun illərdir ki, əlaqələr var. Çünki bu muzeyə rəhbərlik edənlərin ermənilərlə genetik bağları olub. Karmir Blurda ilk arxeoloji işi Boris Piotrovski aparıb. Onun da arvadı erməni idi.  İrəvan yaxınlığında yerləşən Karmir Blurun ətəyində müsəlman qəbristanlığı olduğu qeyd olunur. Pitroviski ermənilər üçün saxta tarix yazıb, amma  Urartunun ermənilərlə bağlılığını inkar edib. 

Ermitajda az qala bütün Qafqaz irsi “erməni irsi” kimi qələmə verilir. Onlar bu saxtalaşdırma işinin başa gəlməsi üçün işləyirlər, hər fürsətdən istifadə edib özlərini təqdim edirlər”-deyə T.Əliyev qeyd etdi. 

İradə  SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
218
50
baki-xeber.com

10Mənbələr