RU

“Yay Fest” öz əyləncəsi ilə davam edir

Azərbaycan gənclərini bir araya toplayan "Yay Fest" uğurla davam edir. Əyləncəli, öyrədici və dinamik atmosferdə yenidən başlayan festivalın 5-ci düşərgəsi artıq yekunlaşır. Bu il "Yay Fest" Gənclər Fondunun dəstəyi, "IDEA" İctimai Birliyi, COP29 Sədrliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, "CAVAN" Gənclər Hərəkatı İctimai Birliyi və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.


Gənclər Fondundan Ekologiya.az-a verilən məlumata görə, çadır tipli düşərgə formatında təşkil edilən "Yay Fest"in başlıca məqsədi, dövlət gənclər siyasətinə uyğun olaraq, gənclərə müxtəlif sahələrdə geniş imkanlar yaratmaq və onların inkişafına kömək etməkdir. Bununla yanaşı, gənclərin asudə vaxtlarını səmərəli və maraqlı keçirmələrini təmin etmək, müxtəlif bölgələrdən gələn gənclərin şəbəkələşməsinə dəstək olmaqdır.


Prezident İlham Əliyevin Sərəncamına əsasən 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunmasının və COP29 kimi mötəbər tədbirə ölkəmizin ev sahibliyi etməsinin vacibliyini nəzərə alaraq, builki düşərgədə seçilən mövzular ekologiya və ətraf mühitin mühafizəsinə həsr olunub.


İyulun 15-dən başlayan "Yay Fest"in 5-ci düşərgəsi gənclər üçün unudulmaz, əyləncəli, yaddaqalan və öyrədici olub. Beynəlxalq Gənclər Gününü də özünü əhatə edən düşərgə proqramında gənclərin vətənpərvər ruhda tərbiyə olunması və onların inkişafına dəstək verən fəaliyyətlər xüsusi əhəmiyyət daşıyıb. Həmçinin “Yay Fest”in 5-ci düşərgəsində qardaş Türkiyədən olan gənclər də iştirak edib. Düşərgə çərçivəsində "IDEA" İctimai Birliyi tərəfindən keçirilən təlimlər və interaktiv fəaliyyətlər gənclərin ekoloji maariflənməsi ilə yanaşı, onların ekoloji təhlükəsizliyə məsuliyyətli yanaşmasını təşviq edib. Açıq havada təşkil olunan ekoloji oyunlar, komanda işləri, hayking və əyləncəli fəaliyyətlər gənclərə həm maraqlı, həm də öyrədici təcrübə yaşadıb. Gənclər üçün hər axşam konsert və əyləncə proqramları təşkil olunub. Həmçinin düşərgə iştirakçıları qardaş Türkiyənin gəncləri, müxtəlif bölgələrdən olan yaşıdları ilə tanış olub, yeni dostluqlar quraraq şəbəkələşmənin vacibliyini bir daha anlayıblar. Gənclər üçün hazırlanmış maraqlı və əyləncəli proqram, onların həm asudə vaxtlarını səmərəli keçirməsinə, həm də şəxsi və peşəkar inkişafına töhfə verib.


Gəncliyin enerji dolu atmosferi olan "Yay Fest" gənclər üçün əyləncə və dinamik bir mühit yaratmaq üçün öyrənmə imkanları ilə zəngindir. 2019-cu ildən bəri təşkil olunan festival iki ay ərzində davam edəcək və müxtəlif mövzuları əhatə edən silsilə düşərgələrdən ibarət olacaq. Ötən illərdə olduğu kimi, bu il də tematik mövzulara uyğun 8 ardıcıl düşərgənin keçirilməsi planlaşdırılır. Festivalda ümumilikdə 2 mindən çox gəncin iştirakı nəzərdə tutulub və düşərgə iştirakçıları üçün bütün zəruri şərait təşkilatçılar tərəfindən yaradılıb.


"Yay Fest"in bütün yeniliklərindən xəbərdar olmaq və maraqlı, dinamik proqramlarla zəngin olan bu möhtəşəm tədbirdə iştirak şansı əldə etmək üçün "Yay Fest"in instaqram səhifəsini izləmək lazımdır. Festivalın unudulmaz anlarını yaşamaq və növbəti düşərgələrin bir parçası olmaq üçün "Yay Fest"ə qoşulun və əyləncəli yay təcrübəsindən yararlanın.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
70
25
ekologiya.az

10Источники