RU

®Vəli Əliyev: Ginekomastiya, sadəcə, estetik əməliyyat deyil

Ginekomastiya süd vəzi toxumasının həddindən artıq böyüməsindən qaynaqlanan, kişinin sinə şəklində dəyişikliklə xarakterizə edilən bir xəstəlik, insanın özgüvənini azaldan sosial problemdir. Ginekomastiya xəstəliyi haqqında onilliklər boyu mövcud olan yanlış təsəvvürlər, əslində, həyati risk daşıyan bu xəstəliyin zərərsiz olduğu fikrini yaradıb. 100 illər boyu yanlış olaraq nikotinin, siqaretin baş ağrısını aradan qaldırdığını düşünən insanlar, eyni ilə ginekomastiyanın, sadəcə, estetik problem olduğunu düşünüblər. Lakin bu, belə deyil. Ginekomastiya özü ilə bərabər, bir sıra xəstəliklər də gətirir. Plastik və rekonstruktiv cərrah, Op.Dr.Vəli Əliyev mövzu ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

- Siz artıq uzun müddətdir ki, həm ölkə daxilində, həm də xaricdə plastik və rekonstruktiv cərrah kimi bir çox uğurlu əməliyyatlara imza atmısınız. Bildiyimiz kimi, mütəmadi olaraq ginekomastiyanın ən çox yayıldığı ölkələrdən biri olan ABŞ-ın bir çox ştatlarında ginekomastiya əməliyyatları icra edirsiniz. Bəs Azərbaycanda necə, sizə ginekomastiya ilə bağlı müraciət edənlər çoxdur?

-Bəli, kifayət qədər müraciət edənlər var. Hazırda ən çox icra etdiyim əməliyyat məhz ginekomastiyadır. Ümumiyyətlə, ginekomastiya bütün dünyada kişilər arasında ən çox icra olunan üç əməliyyatdan biridir. Bəzi araşdırmalar hər üç kişidən birində ginekomastiyaya təsadüf edildiyini göstərir. Qeyd edim ki, bu əməliyyatın estetik tərəfləri olduğu kimi, rekonstruktiv tərəfləri də var. Yəni, bu, sadəcə, estetik qüsur deyil, sağlamlıq problemidir. Elə bu səbəbdən də əməliyyat, icbari tibbi sığorta tərəfindən ödənilən cərrahi xidmətlər zərfinə daxil edilib.

-Ginekomastiya nədir? Bu barədə ətraflı məlumat verə bilərsiniz?

- Ginekomastiya sözünün mənşəyi yunanca “gyne”(qadın) və “mastia”(süd vəzisi) sözlərindən gəlir, qadın kimi süd vəzilərinə sahib olmaq mənasını verir. Ginekomastiya termini altında kişilərdə döş vəzilərinin birinin və ya hər ikisinin böyüməsi ilə xarakterizə olunan patoloji hal anlaşılır. Döş vəzlərinin ölçüsü 1 santimetrdən 10 santimetrə qədər böyüyə və böyümə ilə yanaşı, toxumada bərkimə, toxunma zamanı ağrı əlamətləri yarana bilər. Buradan da bu nəticə çıxır ki, qadınlarda ginekomastiya olmur. Qadın əgər süd vəzisini çıxarmaq istəyirsə, buna mastektomiya deyirik. Ginekomastiyaya gəlincə, yeniyetmələrin yarısında, cavan kişilərin 50, yaşlıların 60 faizində rast gəlinir və bu zaman fiziki diskomfortla yanaşı, bir sıra psixoloji sıxıntılar da meydana çıxır.

- Ginekomastiyanın yaranmasında hansı amillər rol oynayır?

-Döş vəzlərinin böyüməsi hipofizin prolaktin hormonunun və estrogenlərin təsiri nəticəsində baş verir. Kişi orqanizmində normada 0,001%-dən çox olmayaraq estrogenlər olur. Hormonal balansın estrogenlərin artması istiqamətində dəyişməsi testosteronun nisbi olaraq azalması və toxumaların ona qarşı həssaslığının zəifləməsinə səbəb olur. Həmin disbalans hipofiz, böyrəküstü və mədəaltı vəz şişlərində, prostat adenomasında və Addison xəstəliyində yaranır. Həqiqi ginekomastiya maddələr mübadiləsinin pozulması ilə gedən bəzi xəstəliklərdə - diffuz toksiki zob, şəkərli diabet, piylənmə, infeksiya və intoksikasiyalarda, steroid və sitostatik preparatların qəbulu zamanı inkişaf edir. Əksər hallarda kortikosteroid preparatların (steroid istifadə edən 5 nəfərdən 5-də), antidepressantların, narkotik maddələrin və alkoqolun qəbulu da ginekomastiyanın yaranmasına səbəb olur. Yeni doğulmuş körpələrin 90 faizində aşkarlanan ginekomastiyanın səbəbi isə bətndaxili inkişaf dövründə ananın estrogenlərinin dölün orqanizminə təsiridir və körpənin həyatının ilk aylarında çəkilir. Yeniyetmələrin ginekomastiyası pubertat yaşda olan oğlanların yarısında izlənir, orqanizmin hormonal yenidənqurması və qadın cinsi hormonlarının miqdarının androgenlərə nəzərən çoxluğu ilə izah olunur və cinsi formalaşma başa çatmağa yaxın reqressiyaya uğrayır. Ginekomastiya 55-80 yaş arası kişilərdə testosteronun ifrazının azalması və estrogenlərin nisbi olaraq artması zamanı yaranır. Bu yaş qrupundakı hər 4 kişidən birində ginekomastiya müşahidə edilir.

- Xəstəliyin hansı simptomlarını bilmək vacibdir?

-Kişilərdə döşlərdə müşahidə olunan şişkinlik, ağrı, həssaslıq, bir və ya hər iki məmədən mayenin gəlməsi kimi simptomlar ginekomastiya əlamətləri arasındadır.

- Ginekomastiyanı, sadəcə, şəkil və ya USM müayinəsinə əsasən təyin etmək olarmı?

- Ginekomastiya dəqiq müayinə tələb edir. Bu zaman hər iki döşün manual müayinəsi vacibdir. Məmə arxasında sərt, qoz boyda bir kütlə hiss olunur. Bu kütlə disk ortasında məmə ilə areola altındadır, dəriyə və dərialtı toxumalara yapışmır. Həmçinin sərbəst hərəkət edə bilir. Çox vaxt pasiyentlər məndən soruşurlar ki, USM müayinəsi olunsam və ya mammoloqa müraciət etsəm, ginekomastiyanı 100 faiz dəqiqliklə təyin etmək olarmı? Birmənalı olaraq xeyr.

Əksər hallarda USM həkimləri, uroloqlar və endokrinoloqlar ginekomastiya barədə xəstələrə yanlış məlumat verirlər, onları aldadırlar. Bunun da əsas səbəbi məlumatsızlıqdır. Cərrahiyyənin digər ixtisaslar kimi qəddar qanunu var. Nə qədər çox əməliyyat, o qədər çox material, nə qədər çox material, o qədər çox məlumat.

Ölkəmizdə ginekomastiya kifayət qədər yayılmış xəstəlikdir, lakin hər il orta hesabla minlərlə abdominaplastika əməliyyatı icra olunduğu halda, ginekomastiya əməliyyatlarının sayı dəfələrlə azdır. Burada xəstəliklə bağlı maariflənmənin aşağı olması da rol oynayır. Ginekomastiya barədə məlumat az olduğundan əməliyyatdan əvvəl qoyulan ginekomastiya diaqnozlarının əksəriyyəti səhv olur. Birincisi, vəzin özü ilə piyin konsentensiyası hər zaman bir-birilərindən ciddi şəkildə seçiləcəklər deyilən bir qayda yoxdur. Yəni, piy toxuması ilə vəzin nisbətinin fərqinə biz istər-istəməz onun konsentensiyasına görə qərar veririk. Bu səbəbdən də artıq USM həkimləri burada 1 pillə geri qalırlar.

Bir insan ginekomastiya şikayəti ilə endokrinoloqa müraciət etdiyi zaman isə başqa bir problem yaşanır. Cinsi zəifliyə gətirib çıxaran “tamoksifen” dərmanı təyin edilir və beləliklə, “qaş düzəltdikləri yerdə vurub gözü də çıxardırlar”. Ginekomastiya zamanı dərmanlarla müalicənin uğur faizi çox aşağıdır. Dərmanlardan istifadə yalnız 14 yaşına qədər hansısa müsbət nəticə verə bilər. Qeyd edim ki, burada ən vacib məqam ginekomastiya ilə süd vəzi karsionamasını (xərçəng) fərqləndirməkdir.

- Xəstələri ən çox narahat edən sual: Ginekomastiya əməliyyatı risklidirmi?

- Xeyr. Əməliyyat olduqca rahat keçir və uzun bir reabilitasiya dövrü tələb olunmur. Əməliyyatla bağlı xəstələrin tərəddüd etmələrinə heç bir əsas yoxdur. Əməliyyat xəstənin tam yatızdırıldığı ümumi anesteziya ilə həyata keçirilir və təxminən 30-50 dəqiqə davam edir. Əməliyyatdan sonra klinikada qalmaq müddəti 1 gündür. Xəstələr ağır fiziki işlə məşğul olmayacaqları təqdirdə, 3-5 gün sonra iş,14 gün sonra isə idman fəaliyyətinə davam edə bilərlər.

Əməliyyatdan sonra əsasən çətinlik yaradan problemli nüanslardan biri, hətta birincisi dəridə müəyyən sallanmaların və batıqlığın olmasıdır. Əməliyyatdan əvvəl çəki dəyişməsi olubsa, bu, sallanmaya gətirib çıxarır. Bu zaman qarşısına həqiqətən də məqsəd qoyarsa və müntəzəm olaraq idmanla məşğul olarsa, zamanla problem aradan qalxar. Döşləri olduqca böyük olan kişilərdə isə piylər çıxarıldıqdan sonra sallanan dəri artıqlarını aradan qaldırmaq üçün dərinin dartılması proseduruna ehtiyac yarana bilər.

-Hər ginekomastiya xəstəsi əməliyyat olunmalıdırmı?

-Təbii ki, yox. Əgər səhhətiniz qaydasındadırsa, birinci və ya ikinci dərəcəli qohumlarınızda hər hansı onkoloji xəstəlik tarixçəsi yoxdursa, ağrı, cinsi zəiflik, erkən və ya gec boşalma, libidonun ölməyi və ya hiperaktivliyi müşahidə edilmirsə, steroid müalicəsi almırsınızsa, əməliyyat zəruri deyil. Əks halda, təxirəsalınmaz formada ginekomastiya əməliyyatı icra olunmalıdır.

Qeyd edim ki, ginekomastiyanın kompleks yaratması da əməliyyatı təxirəsalınmaz etmir. Lakin məhz elə xarici görünüşdəki komplekslər əməliyyat arzulanmasının təkanverici səbəbidir.

-Əməliyyatın uğurlu nəticəsində pasiyent məsuliyyətinin də rolu var?

- Tamamilə doğrudur. Əməliyyatın uğuru əsasən pasiyentin bədən quruluşu və məsuliyyətindən asılıdır. Əksər xəstələr tələsirlər ki, qısa bir vaxtda əvvəlki həyatlarına geri dönsünlər. İzah edirəm ki, sənin bədənin kiçik də olsa, bir əməliyyat keçirib, ümumi anesteziya alıb. Sən həqiqətənmi düşünürsən ki, o qədər yüksək amina və efir tərkibli ümumi narkozdan sonra bədənin heç nə olmamış kimi əvvəlki fəaliyyətini davam etdirməyə hazırdır?! Bunun üçün ən azı 2-3 həftə lazımdır.

Ginekomastiya əməliyyatı sonrası ən əhəmiyyətli məqamlardan biri isə korsetin davamlı istifadəsidir. Xəstə korsetdən istifadə etmirsə artıq altda müəyyən seromalar formalaşır. Qeyd edim ki, seroma ginekomastiya əməliyyatı zamanı çıxarılan toxumaların miqdarından asılıdır və əməliyyatdan sonra həkimdən asılı olmayan bir ağırlaşmadır. Xüsusilə korset taxılmadıqda və ən önəmlisi, yetərincə dar taxılmadıqda əməliyyatdan sonra dəri və əzələ arasında yaranan boşluqda formalaşır. İlk 10-42 günarası müşahidə oluna bilər. Digər ağırlaşmalara gəlincə, kəsik yerinin iltihabı və post seroma (seroma sonrası) tikişlərin qopması və yara açılması bəzi pasiyentlərin düşündüyünün əksinə olaraq, heç bir qorxulu fəsad vermir. Bu, seromanın dəriyə artıq təzyiq göstərməsi nəticəsində formalaşır, onun əməliyyat planlaşdırılması və ya xəstənin özündən bir asılılığı yoxdur. Normalda 2-6 həftəyə sağalır.

Bəzi hallarda isə çıxarılan toxumaların yerində batıq formalaşır və bu, idman məşğələləri nəticəsində əzələ inkişafı ilə düzəlir. Dəri dartılmasının artması da digər təsiredici amil hesab oluna bilər.

Bir daha vurğulamaq istəyirəm ki, pasiyentin üzərinə düşən əsas öhdəlik əməliyyatdan sonra dərhal intensiv şəkildə, normal proqram əsasında idmanla məşğul olmaqdır. Bəzən fitnes məşqçilərin səhv yanaşması da arzuolunmaz nəticələrə yol açır. Əməliyyat özü çox sadə olsa da, bu məqamlara diqqət etmək çox vacibdir.

- Həkim, ginekomastiya xərçəngə səbəb ola bilərmi?

- Ginekomastiya həyati risk daşıyan, yetəri qədər başqa xəstəliklərin yaranmasına təkan verən problemlərdən biri, hətta birincisidir. Məsələn, QİÇS xəstəliyinin daşıyıcısı olan insanlarda əksər hallarda ölüm səbəbi kapoşi sarkoması (KSHV), toksoplazmoz, onkoloji xəstəliklərdir .Lakin ilkin başlanğıc, təkan verən səbəb QİÇS-dir. Ginekomastiya da bu baxımdan elə QİÇS kimidir. Buna görə də sualınıza cavab olaraq onu deyə bilərəm ki, ginekomastiya əməliyyatı icra olunmazsa, vəzinin böyüməsi, hipertrafiyası onkoloji xəstəliklərə, cinsi zəifliyə gətirib çıxarda bilər.

- Ginekomastiya xüsusilə yeniyetmələrdə ciddi komplekslər yaradır. Yeniyetmə oğlan anaları nələrə diqqət etməlidirlər?

- Artıq 15-16 yaşında yeniyetmələrdə ikincili kişilik sindromları tamamlanır, testosteron miqdarı yetərli səviyyəyə gəlib çatır. Ginekomastiya yeniyetmələr arasında xoş olmayan zarafatlara da gətirib çıxarır. Bu zarafatlar isə ciddi komplekslərə səbəb olur. Ginekomastiya həmin uşaqların qarşı cinsdən soyumasına və uzaqlaşmasına səbəb olur. Unutmaq olmaz ki, vəzinin böyüməsinə bir çox amillər imkan yaradır. Bunun öz səbəbləri var. Bu səbəblərdən biri, hətta birincisi hormonal disbalansdır. Ən vacibi isə orqanizmdə yaranmış hormonal disbalans müxtəlif ağır xəstəliklərin yaranmasına səbəb ola bilər.

- Son olaraq, oxucularımıza nə demək istərdiniz?

-Hər zaman vurğulayıram ki, pasiyentin onu narahat edən suallara cavab tapa bilməsi üçün onun özünün müəyyən biliklərinin olması vacibdir. İlkin anlayışlar nədir? İlk olaraq nəzərə alın ki, vəzi piy deyil. Problemi idmanla məşğul olaraq aradan qaldırmaq mümkün deyil.

Təəssüf ki, endokrinoloqlar, uroloqlar bu xəstələri səhv yönləndirdikləri kimi, fitnes-trenerlər də fərqli yanaşmaya sahib deyillər və problemin ciddiliyinə varmadan həmin insanlara müştəri gözü ilə baxırlar. Müxtəlif məşq proqramları, anabolik steroidlər vəzinin hipertrofiyasına gətirib çıxarır. Vəzi böyüyür və böyüdükcə də bədən daha bərbad və pis forma alır. İdmançılarda vəzinin böyüməsi əzələ inkişafını dayandıran əsas səbəblərdən biridir və problemi idmanla aradan qaldırmaq mümkün deyil. Əksər hallarda vəzi çıxarılmalıdır ki, problem aradan qalxsın. Bu səbəbdən də əksər hallarda bodibildinqlə məşğul olan şəxslər ginekomastiyanı çıxış yolu olaraq görürlər və əməliyyat etdirmək istəyirlər. Son olaraq bir daha vurğulamaq istəyirəm ki, sağlamlığnıza dəyər verin! Sağlamlığınızdakı problemlər haqqında xəbərdarlıq əlamətlərinə laqeyd yanaşmayın. Nəzərə alın ki, istənilən xəstəlik ilkin mərhələdə daha asan və daha tez müalicə olunur.

Op.Dr.Vəli Əliyev

Əlaqə: (050) 211-88-09

https://www.instagram.com/dr.aliyev.vali/

Избранный
74
44
azertag.az

10Источники